Redaktor seçimi
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Günün xəbəri

Milli fəlsəfi irsimizin fədakar tədqiqatçısı

Milli fəlsəfi irsimizin fədakar tədqiqatçısı

 

Qədim və erkən orta əsrlərdə Azərbaycan fəlsəfi fikir tarixinin tədqiqində, təbliğində və nəşr olunub geniş oxucu kütlələrinə çatdırılmasında AMEA-nın müxbir üzvü, fəlsəfə elmləri doktoru, professor Zakir Cabbar bəy oğlu Məmmədovun misilsiz xidmətləri olmuşdur.

Zakir Məmmədova qədər bu dövrə aid fəlsəfi fikir tarixinin səhifələrində bir boşluq, çatışmazlıq mövcud idi. Qədim və erkən orta əsrlərdə Azərbaycan fəlsəfi fikir tarixi haqqında deyilənlər çox vaxt səthi və konkret faktlara əsaslanmamışdır. Bu dövrə aid filosoflar və fəlsəfi fikir haqqında tədqiqat aparan müəlliflərdən çoxu ya ərəb dili üzrə mütəxəssis olmamış, ya bu barədə fikir söyləmiş başqalarının yazdıqlarına əsaslanmış, ya da tədqiqatın çətinliyindən ehtiyat edərək dərinliyə varmamış, səthi məlumatlarla kifayətlənmişlər.

İşin çətinliyi onda idi ki, bu dövrə aid Azərbaycan fəlsəfi fikrini araşdırıb üzə çıxarmaq üçün dünyanın bir çox ölkələrinə getmək, kitabxanalarda çalışmaq və material toplamaq lazım idi. Bu isə həm maddi, həm də fiziki cəhətdən çətin və ağır idi. Belə ağır, çətin, məsuliyyətli, lakin şərəfli bir vəzifəni icra etmək böyük fədakarlıq tələb edirdi. Bu fədakarlıq, vətənpərvərlik, xalqına bağlılıq lalnız Zakir Məmmədovda özünü göstərdi. 
Zakir Məmmədov maddi cəhətdən də tam təmin olunmamış bir alim idi. Pəhlivan da deyildi. Lakin onda xalqının tərəqqisi, yüksəlişi, hər bir sahədə uğurlar qazanması yolunda daim yanan, şölənənən, sönməyən, yorulmayan bir ürək var idi. Ona qüvvət, cürət və cəsarət verən, çətinliklər qarşısında ruhdan düşməyə qoymayan da həmin ürək idi.

Digər tərəfdən, bir sıra burjua alimləri və fəlsəfə tarixçiləri Şərq xalqlarının mədəni irsinə çox zaman mənfi münasibət bəsləyirdilər. Şəırqdə peşəkar filosofların olmadığını iddia edir və onları da Aristotelin şərhçiləri adlandırırdılar. Məsələn, klassik alman filosofu Hegel “Fəlsəfə tarixinə dair mühazirələr” kitabında deyirdi ki, ərəbdilli filosofların fəlsəfəsi fəlsəfənin inkişafında özünəməxsus mərhələ təşkil etmir. Şərq fikrini fəlsəfə tarixindən çıxarmaq lazımdır.

Zakir Məmmədovu da bu cür ağır bir yükün altına girməyə, qədim və erkən orta əsrlərdə yaşamış Azərbaycan filosoflarını və onların fikirlərini araşdırıb üzə çıxarmağa və bununla da burjua müəlliflərinin yanıldıqlarını və qərəzçi mövqe tutduqlarını sübut etməyə vadar edən həmin elməzidd müddəalar oldu.

Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, fəlsəfə elmləri doktoru, professor Zakir Məmmədov qırx ilə yaxın elmi fəaliyyəti müddətində Şərq fəlsəfəsi tarixi, xüsusilə Azərbaycan fəlsəfəsi tarixi məsələləri ilə hərtərəfli və dərindən məşğul olmuş, bu sahəyə aid çox qiymətli əsərlər yazmışdır. 

Zakir müəllim “ Bəhmənyar istisna olmaqla, orta əsrlərdə Azərbaycanda peşəkar filosoflar yaşamamışlar” kimi yanlış bir müddəanı elmi tədqiqatları ilə təkzib etmiş, milli fəlsəfi irsimizin varlığını araşdırıb üzə çıxarmışdır. Bununla da o, milli fəlsəfi irsimizin əvəzedilməz tədqiqatçısı olmuşdur.
Zakir Məmmədov 1936-cı il avqustun 16-da Ağdam rayonunun Seyidli kəndində anadan olmuşdur. Anası Hüsnü xanım Murtuza bəy qızı Məmmədbəyova , atası Cabbar bəy İsmayıl bəy oğlu Vəlibəyovdur. Cabbar bəy Baharlı tayfasına mənsub, dövrünün görkəmli ziyalılarından olmuşdur. Baharlı kəndində böyük torpaq sahibi olan Cabbar bəy öz evində məktəb açaraq müəllimlik fəaliyyəti ilə məşğul olmuş, yeni tipli məktəbin əsasını qoymuşdur. 

Cabbar bəy repressiyaya məruz qalmış, yüzlərlə ziyalımız kimi Sibirə sürgün edilmişdir. Həbs edilərkən Cabbar bəyin evindəki bütün sənədlər və kitablar götürülmüşdür. Buna görə Zakir Məmmədovun doğum haqqındakı çəhadətnaməsi itmişdir. Sonralar ona kənd soveti tərəfindən 1939-cu ildə anadan olması barədə şəıhadətnamə verilmişdir.

Zakir müəllim siyasi təqib şəraitində böyümüş, ona görə də anasının soyadına keçirilmişdir. Məlumdur ki, sovet hakimiyyəti qurulduqdan sonra bəy nəslinə mənsub olanların əksəriyyətinin soyadındakı bəy sözünü ixtisar edərək onlara pasport verilirdi. Buna görə də Zakir Məmmədovun soyadı Məmmədbəyov deyil, Məmmədov olmuşdur.

Zakir Məmmədov hələ kiçik yaşlarında fitri istedadı ilə seçilmişdir. Belə ki, orta məktəb illərində bədii yaradıcılıqla məşğul olmuş, şeirlər yazmış, rəsmlər çəkmişdir. Şeirləri rayon qəzetində dərc edilmiş, çəkdiyi rəsmlər məktəb sərgisində, sulu boya ilə çəkdiyi “ Gənc miçurinçilər” tablosu isə 1955-ci ildə Respublika sərgisində nümayiş etdirilmişdir. “Yoldaşlıq köməyi” adlı bir mənzum pyesi 1955-ci ildə Ağdam pionerlər evinin özfəaliyyət kollektivi, 1956-cı ildə isə Bərdə pionerlər evinin özfəaliyyət kollektivi tərəfindən tamaşaya qoyulmuşdur. O, məktəb illərindən ictimaiyyətçi olmuş, 1956-cı ildə məktəb komsomol təşkilatının katibi seçilmişdir. 

Zakir Məmmədov 1957-ci ildə Ağdam 1 saylı orta məktəbi medalla bitirib, Azərbaycan Dövlət Universiteti Şərqşünaslıq fakültəsinin yenicə açılmış ərəb filologiyası şöbəsinə daxil olmuşdur. O, universitetdə birinci kursda oxuyarkən, yəni 29 noyabr 1957-ci ildə atası Cabbar bəy Azərbaycan SSR Ali məhkəməsinin qərarı ilə bəraət almışdır.

Universitetdə oxuduğu illərdə əla təhsilə və ictimai işə görə Az.LKGİ – nin Fəxri Fərmanı ilə təltif edilmişdir. Çoxtirajlı Universitet qəzetində şeirlər, ərəbcədən tərcümələr dərc etdirmişdir. Zakir Məmmədov ərəb dilini mükəmməl öyrənəırək 1962-ci ildə universiteti bitirmişdir.

Zakir müəllim həmin ilin avqust ayından AMEA-nın Şərqşünaslıq İnstitutunda kiçik elmi işçi vəzifəsində çalışmağa başlamışdır. 1962-ci ilin sentyabrından 1963-cü ilin sentyabrına qədər Misirdə (BƏR) Asuan bəndinin tikintisində çalışan ilk azərbaycanlı tərcüməçi olmuşdur. O, bu bir il müddətində yerli ləhcəni öyrənməklə bərabər, ərəb dilində zəngin elmi ədəbiyyat toplamışdır. Zakir Məmmədov vətənə qayıtdıqdan sonra Azərbaycan Dövlət Universitetində ilk dəfə Misir dialektindən dərs demiş, Şərq fəlsəfəsinə dair əldə etmiş olduğu kitablara göstərdiyi elmi marağa görə Azərbaycan EA Fəlsəfə bölməsində (indiki AMEA-nın Fəlsəfə İnstitutu) işə başlamışdır. 

Beləliklə, Zakir Məmmədov 1 yanvar 1964-cü ildən indiki Fəlsəfə İnstitutunda çalışmaqla, Azərbaycan dili və ərəb filologiyası ixtisasından “elmlər elmi” – fəlsəfə ixtisasına yiyələnmiş olur. Bununla da Zakir Məmmədov Şərq dillərini və fəlsəfəni mükəmməl bilməyi sayəsində milli fəlsəfi irsimizin varlığını araşdırıb üzə çıxarmağı bacarmışdır. Cünki yuxarıda deyildiyi kimi, onun tədqiqatlarına qədər elə hesab edidilər ki, Şərqdə peşəkar filosoflar olmamışdır, yaradıcılığından əldə cüzi material olan Bəhmənyar istisna edilirdi. Zakir Məmmədov qırx ilə yaxın müddətdə elmi axtarışlar aparıb, Şərq dillərində yazıb-yaratmış Azərbaycan filosoflarının və mütəfəkkirlərinin dünyanın müxtəlif ölkələrində çap olunmuş, habelə əlyazması şəklində saxlanılan zəngin irsini üzə çıxarmış, onların fəlsəfəsini (varlıq təlimi və idrak nəzəriyyəsini), məntiqini, sosial-siyasi və etik görüşlərini işləyib hazırlamışdır.

Cəhalət və nadanlıq dövrü hesab edilən orta əsrlərdə xristian aləmində fəlsəfə “ilaiyyatın kənizinə” çevrilmişdi, elmi fəlsəfə yoix idi, yalnız zəif şəkildə sxolastika və mistika yayılmışdı. Zakir Məmmədov sübuta yetirmişdir ki, həmin dövrdə Şərqdə, o cümlədən Azərbaycanda dini fəlsəfə ilə yanaşı, elmi fəlsəfə də mövcud idi. O, müəyyən etmişdir ki, üç mühüm elmi-fəlsəfi təlimdən birini—Şərq peripatetizmini türk filosofu Əbunəsr Farabi (873-950), digər ikisini—panteizmi və işraqiliyi Azərbaycan filosoflarından Eynəlqüzat Miyanəci(1099-1131) və Şihabəddin Yəhya Sührəvərdi (1154-1191) yaratmışlar.

Müqtədir Azərbaycan filosoflarının təlimləri fəlsəfi məktəblərə çevrilərək, bütün müsəlman Şərqi ölkələrində əsrlər boyu istedadlı filosoflar üçün örnək olmuşdur. Onların ideyaları sonralar islam aləmi ilə məhdudlaşmayıb, Avropa ölkələrində də yayılmışdır. Bir sözlə, dünya fəlsəfəsi tarixi orta əsrlərdə (1000 illik bir dövrdə) məhz Şərq, ələlxüsus Azərbaycan filosoflarının sayəsində elmi-fəlsəfi dünyagörüşündən xali olmamışdır. Bütün bunları Zakir Məmmədov 30-dan çox kitabda (çap edilmiş və çap edilməmiş) və 250 məqalədə ifadə etmişdir.

Zakir Məmmədov 1967-ci ildə tamamladığı “Siracəddin Urməvinin məntiqi görüşləri” mövzusunda namizədlik dissertasiyasının müdafiəsinə 1969-cu ildə müvəffəq olmuşdur. 1974-cü ildə bitirdiyi “Azərbaycanda X1-X111 əsrlərdə fəlsəfi fikir” adlı doktorluq dissertasiyası kitab kimi 1978-ci ildə çap olunsa da, onu 1994-cü ildə , yəni 16 il sonra müdafiə edə bilmişdir. 

1977-ci ildə Şərq fəlsəfəsi tarixi və dinşünaslıq şöbəsini təsis edən Zakir müəllim ömrünün sonuna kimi həmin şöbənin müdiri kimi fəaliyyət göstərmişdir. O, 2001-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilmişdir. Zakir Məmmədov 1969-cu ildən 1970-ci ilə qədər Azərbaycan Sovet Ensiklopediyasında elmi redaktor vəzifəsində işləmiş, milli fəlsəfəmizə dair materialların ensiklopediyada geniş yer tutmasına səy göstərmişdir. Azərbaycanın peşəkar filosofları məhz onun tədqiqatı sayəsində bu on cildlik əsərə düşmüşlər.

Zakir müəllim pedaqoji fəaliyyətlə də məşğul olmuş, ali məktəblərdə fəlsəfədən, Azərbaycan fəlsəfəsi tarixindən, Şərq fəlsəfəsi tarixindən dərs demişdir. Onun bütün tədqiqatları ilk mənbələr əsasında olmuş, buna görə həmin əsərlərin Azərbaycana gətirilməsi üçün böyük əmək sərf etmişdir. Belə ki, onun tədqiqatlarına qədər Bəhmənyarın “Metafizikanın mövzusu” və “Mövcudatın mərtəbələri” adlı kiçik həcmli iki traktatı məlum idi.
Tədqiqatçı filosofun geniş həcmli “Təhsil” əsərinin varlığını aşkara çıxarmışdır. Onun əlaqədar təşkilatlara çoxsaylı müraciətləri hesabına həmin traktat Azərbaycana gətirilmişdir. Alim “Təhsil” əsərini ilk dəfə olaraq tam şəkildə tədqiqata cəlb etmişdir. 

Bəhmənyarın “Metafizikanın mövzusu”, “Mövcudatın mərtəbələri” traktatları ilə bərabər, “Təhsil” kitabı da Zakir Məmmədov tərəfindən tam şəkildə Azərbaycan dilinə tərcümə edilmiş, “Təhsil” kitabının kiçik bir hissəsi, iki traktat isə bütöv şəkildə “Şərq fəlsəfəsi (X1-X11 əsrlər)” kitabında (BDU nəşriyyatı, 1999) çap olunmuşdur. 

Zakir Məmmədov Şərq, xüsusən Azərbaycan filosoflarının əsərlərini, nadir əlyazmalarının mikrofilmlərini, çap nüsxələrini sifariş ilə bəzi ərəb ölkələrində işləyən yoldaşları, daha çox isə şəxsi vəsaiti hesabına əldə edirdi. Həmin mənbələr əsasında orta əsr Şərq filosoflarının təlimlərini hərtərəfli və geniş şəkildə araşdırmış alim Azərbaycanda onların yeganə tədqiqatçısı olmuşdur. O, dünya şöhrətli filosoflarımızın irsini tədqiqi etməklə bərabər, onların elmi ictimaiyyət tərəfindən tanınması uğrunda da çalışmışdır.

Zakir müəllimin təşəbbüsü ilə AMEA Rəyasət Heyəti işraqılik təliminin banisi Şihabəddin Yəhya Sührəvərdinin vəfatının 800 illik yubileyinin keçirilməsi ilə əlaqədar 2 aprel 1991-ci ildə qərar qəbul etmişdir. Həmin qərara əsasən 25 dekabr 1991-ci ildə Fəlsəfə və Hüquq İnstitutunda (indiki Fəlsəfə İnstitutu) işraqi filosofun yubileyi keçirilmişdir.

Şihabəddin Yəhya Sührəvərdinin fəlsəfi irsinin yeganə tədqiqatçısı Zakir Məmmədov filosofun bir çox traktatlarını Azərbaycan dilinə tərcümə etsə də, yalnız ikisi çapdan çıxmışdır. Tədqiqatçı Şihabəddin Sührəvərdinin “Filosofların görüşləri” traktatını ərəbşünas alim Tarıyel Həsənovla birlikdə Azərbaycan və rus dillərinə tərcümə etmiş və bu tərcümə əsəri ilk dəfə 1986-cı ildə, ikinci dəfə 1999-cu ildə çap olunmuşdur. Filosofun “İşıq heykəlləri” traktatını Azərbaycan dilinə tərcümə edərək, Zakir müəllim şəxsi vəsaiti hesabına ilk dəfə 1989-cu ildə, ikinci dəfə 1999-cu ildə nəşr etdirmişdir. 

Zakir Məmmədovun təşəbbüsü ilə Bəhmənyarın anadan olmasının 1000 illik yubileyini 1993-cü ildə keçirmək barədə AMEA Rəyasət Heyəti və Nazirlər Kabineti qərarlar qəbul etmişdir. Bu münasibətlə Fəlsəfə və Hüquq İnstitutunda üç elmi sessiya , bir çox ali məktəblərdə konfranslar keçirilmişdir. 

Yenə Zakir müəllimin təşəbbüsü ilə 1998-ci ildə Siracəddin Urməvinin anadan olmasının 800 illik yubileyiilə əlaqədqr Azərbaycan Elmlər Akademiyası Rəyasət Heyəti tərəfindən qərar qəbul edilmişdir. O, Siracəddin Urməvinin , Əfzələddin Xunəcinin anadan olmalarının 800 illik yubileyləri, 1999-cu ildə Eynəlqüzat Miyanəcinin anadan olmasının 900 illik yubileyi ilə əlaqədar məqalələr hazırlamış, jurnal və qəzetlərdə nəşr etdirmişdir.
Alim Bakı, Daşkənd, Səmərqənd və Düşənbə şəhərlərində bir sıra elmi sessiyaların, konfransların iştirakçısı olmuşdur. O, Azərbaycan SSR Elmlər Akademiyası Əlaqələndirmə Şurasının V elmi sessiyasında (1968), X11 Elmi sessiyasında (1975), Zaqafqaziya xalqlarının orta əsrlər fəlsəfəsinin inkişaf tarixinin metodoloji məsələlərinə həsr olunmuş elmi konfransda (1976), Osmanlı İmperiyasının 700 illiyinə həsr edilmiş sessiyada (1999) məruzələrlə çıxış etmişdir.

Elm və mədəniyyət korifaylərinin - Farabinin, İbn Sinanın, Nizaminin, Nəsiminin, A.Bakıxanovun, M.F.Axundovun, İmam Buxarinin və Əhməd Fərqaninin yubileyləri ilə əlaqədar məruzələr etmişdir. O, Nəsirəddin Tusinin 800 illik yubileyini keçirən Dövlət Yubiley Komissiyasının üzvü seçilmiuşdir.

Bu böyük alimin monoqrafiyalarından “Bəhmənyarın fəlsəfəsi”(1983), “Nizami Gəncəvinin fəlsəfi düşüncələri”(2000), Şihabəddin Yəhya Sührəvərdi (həyatı, yaradıcılığı” (- 2009) çapdan çıxmış, Eynəlqüzat Miyanəci, Əbuhəfs Sührəvərdi, Əfzələddin Xunəci, Siracəddin Urməvi, Rəcəbəli Təbrizi və başqaları haqqında monoqrafiyaları əlyazması şəklində qalmış, bəziləri isə kitabçalar halında çap olunmuşdur.

Müstəqil Ağayev
AMEA Fəlsəfə İnstitutu, Azərbaycan
fəlsəfə tarixi şöbəsinin aparıcı elmi işçisi, 
f.ü.f.doktoru, Qabaqcıl Maarif Xadimi


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam