SƏUDİYYƏNİN VARİS ŞAHZADƏSİ SƏLAHİYYƏTLƏRİNİ İTİRMƏK ƏRƏFƏSİNDƏ:kral Salman oğlunun özbaşına qərarlarından narazıdır – Araşdırma
İqor Subbotin
Nezavisimaya gazeta, 18.03.2019
Yenixeber.org: Səudiyyə Ərəbistanının varis şahzadəsi Məhəmməd atasıyla – kral Salmanla fikir ayrılığı üzündən səlahiyyətlərinin bir qismini itirə bilər. Britaniyanın varis şahzadənin artıq iki həftədir müxtəlif hökumət və diplomatik görüşlərə gəlmədiyinə diqqət yetirən “Guardian” nəşrinin qaynaqları bu nəticəyə gəlib. İstisna deyil ki, mümkün ikitirəliyin kökü krallığın varis şahzadənin qabaqlar atasından xəbərsiz təşəbbüs göstərdiyi xarici siyasət və kadr yerdəyişmələri haqqında ziddiyyətlərdə gizlənir.
Məhəmməd hökumətin hər həftə monarxın sədrliyi altında keçirilən son iki toplantısında olmayıb. Taxtın varisi diplomatik görüşlərdə də yox idi. Misalçün, Yaxin Şərq turnesi çərçivəsində Səudiyyə Ərəbistanında olan RF XİN başçısı Sergey Lavrovla danışıqlar, habelə Ümumdünya Səhiyyə Təşkilatının başçısıyla, Livan baş naziri, Hindistan və Çin səfirlərilə görüşlər şahzadəsiz keçib. “Guardian”ın qaynaqları qeyd edirlər ki, maliyyə və iqtisadi məsələlər şahzadənin iştirakı olmadan hökumət üzvlərilə müzakirə olunub. Paralel olaraq bildirilir ki, onlardakı məlumata görə, yatırım fəallığına görə məsuliyyəti indi kralın ən yaxın müşavirlərindən biri Musəid əl-Əyban daşımağa başlayıb. Səudiyyə Ərəbistanının Vaşinqtondakı səfirliyinin mətbuat xidməti varis şahzadənin qrafiki haqda məlumatları şərh etməkdən imtina edib. Şahzadə Məhəmmədin qabaqlar da bir neçə önəmli görüşü buraxdığına baxmayaraq, taxt varisinin son “qeyblər”i səmimi heyrətə səbəb olub. Ehtimal edirlər ki, kral öz oğlunun nazirlər kabinetinin daxili siyasətlə bağlı xeyli problemin müzakirə edildiyi son toplantısına qatılmadığından narazı olub. Məlumat verildiyi kimi, Salman nazirlərlə görüşdə yatırımlar sahəsindəki itkilərə görə narahatlığını ifadə edib. Monarx tələb edib ki, özəl önəm kəsb edən bütün gələcək maliyyə qərarları onun şəxsi təqdirini qazanmalıdır. “New York Times” nəşri bu yaxında məlumat verib ki, Hollivuddakı yatırımçılardan biri Səudiyyə Ərəbistanı Dövlət Yatırım Fonduyla böyük bir müqaviləni pozub. Yatırımçıların Səudiyyə Ərəbistanından getdikləri haqda müntəzəm məlumat verilir – İstanbulda səudiyyəli jurnalist Camal Xaşuqcinin qətliylə bağlı qalmaqal qopandan sonra.
Lakin oğlundan inciməkdə kralın başqa əsasları da var. Fevralda məlum olub ki, şahzadə Rimanın Səudiyyənin Vaşinqtondakı dipmissiyasına başçı təyin edilməsi və varis şahzadənin qardaşı Xalidin Səudiyyə müdafiə idarəsinin rəhbərliyinə keçirilməsi monarxın xəbəri olmadan baş verib. Salman Misirdə – Avropa Birliyi və Ərəb Dövlətləri Liqasının tarixində ilk sammitdə olarkən kadr qərarları alınıb. Yerdəyişmələr haqda sərəncamlar “kralın müavini”, yəni varis şahzadə tərəfindən imzalanıb ki, müşahidəçilər bunu saray həyatı üçün ekstraordinar sayırlar. Müşahidəçilər bunu da qeyd edirlər ki, kral Şimali Afirka səfərindən dönərkən Məhəmməd onu qarşılamağa gəlməyib. Səudiyyənin ABŞ səfirliyində monarx müavininin imzasıyla təkrar təyinatların adi məsələ olduğunu hesab etsələr də, əl-Səud evindəki atmosfer haqda şübhələr yenə də qalır.
Kral ailəsindəki ikitirəliyə ekspert mühitində şübhəylə yanaşır və diqqəti buna yönəldirlər ki, şahzadə Məhəmməd yüksəksəviyyəli görüşləri heç bir izahatsız tez-tez buraxır. “Düzgün cavab bundan ibarətdir ki, heç kimə heç nə məlum deyil, – London Kral Kollecinin dosenti Devid Roberts Məhəmmədin ciddi danışıqlarda yoxluğunun mümkün səbəblərini şərh edərək “NG”-yə bildirib. – Bu, Məhəmmədin önəmli görüşlərdə olmadığı birinci dəfə deyil.Bütünlükdə onların (kral və şahzadənin-“NG”) münasibətlərinin təbiəti haqda adətən dərk ediləndən çıxış edilsə, ehtimal var ki, Məhəmməd bin Salman qabaqkı kimi Səudiyyə Ərəbistanında qərar qəbul edən mərkəzi simadır. Bilinməz qaynaqlara söykənən bir neçə bünövrəsiz gümanları bir qədər şübhə çalarıyla qəbul etmək gərəkdir”.
Xaşuqcinin Səudiyyə səfirliyində (mətndə bu cürdür-red.) ehtimala görə, Məhəmmədin sanksiyasıyla hərəkət edən istintaqçılar tərəfindən öldürüldüyü məlum olandan sonra şahzadə tənqid obyekti olub. “New York Times”-n xəbər verdiyi kimi, taxtın varisi, faciədən, təxminən, bir il qabaq dissidentlərin susdurulması üçün şəxsən kampaniyaya başlayıb. İstintaqçıların işi izləmə, işgəncə və oğurlamaqdan ibarət olub. Amerika nəşrinin qaynaqlarının iddia etdikləri kimi, İstanbuldakı cinayətin məsuliyyətini daşıyan adamlar burada fəal rol oynayıblar. Qəzet vurğulayır – səudiyyəlilər 2017-ci ildən bəri 10-dan az olmayan belə əməliyyat keçiriblər – o cümlədən başqa dövlətlərin ərazisində.Tərcümə: Strateq.az