MƏRDANOVÇU MALİYYƏÇİNİN “AzTV ƏMƏLİYYATI”… –O, MTN-in də “caynağından” qaça bilmişdi…
Yenixeber.org: Xəbər verdiyimiz kimi, Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətində (AzTV) sədr dəyişikliyindən sonra kütləvi kadr islahatına və keçmiş rəhbərliyin fəaliyyətinin auditinə başlanıb. Hazırda AzTV-də sədr vəzifəsini icra edən Rövşən Məmmədov ilk olaraq maliyyə sisteminin şəffaflaşdırılması məqsədilə “təmizləmələrə” başlayıb. Belə ki, teleradionun maliyyə idarəsinin rəisi Şahrza Əliyev və onun müavinləri vəzifədən azad olunublar və onların vəzifədə olduğu müddətdə həyata keçirilmiş bütün maliyyə əməliyyatları ilə bağlı auditə başlanılıb. Həmçinin televiziyanın maliyyə idarəsinə yeni rəhbər də təyin olunub.
Şahrza Əliyev özü işdən çıxarılmasını AzTV-də yeni rəhbərliyin təzə komanda yığmaq istəyilə izah edib: “Mən də dedim ki, Allah xeyir versin, qardaş. Ərizəmi yazdım və xahiş etdim ki, tutduğum vəzifədən azad edəsiniz. Arif Alışanovla sentyabrdan işləyirdik, cəmi 4 ay işlədik”.
Ş.Əliyev AzTV-nin sabiq sədri Arif Alışanovla yaxın olduqlarını da gizlətməyib: “İndiki Dövlət İqtisad Universitetində (O zaman Xalq Təsərrüfatı İnstitutu) oxuyurduq. Eyni vaxtda təhsil almışıq. Sonra mən Təhsil Nazirliyində, Alışanov isə AzTV-də maliyyəyə rəhbərlik etdik. Məni bir neçə dəfə dəvət eləmişdi, açığı, getmirdim. Sonra getdim ki, ona kömək eləyim. Nə etməli, qismətdir, 4 ay işlədik. Yeni planlarımız var idi…”
Xatırladaq ki, Şahrza Əliyev uzun illərdir maliyyə sistemində çalışan, bu sahədə, necə deyərlər, ad çıxarmış kadrlardandır. Belə ki, o, hələ uzaq 1993-cü ildə – Firudin Cəlilov təhsil naziri olduğu dövrdə Təhsil Nazirliyinin Maliyyə İdarəsinə rəis təyin olunub. Lakin çox işləyə bilməyib.
Elə həmin ilin sentyabrında təhsil naziri postuna gətirilən Lidya Rəsulova Ş.Əliyevi işdən çıxarıb. Ş.Əliyev yalnız 5 ildən sonra arzusunda olduğu vəzifəyə qayıtmağı bacarıb – 1998-ci ildə o vaxtkı təhsil naziri Misir Mərdanov onu yenidən Maliyyə İdarəsinin rəisi vəzifəsinə gətirib. Həmin vaxtdan 15 il Təhsil Nazirliyinin Maliyyə İdarəsinə rəhbərlik edən Ş.Əliyev, M.Mərdanov istefaya göndərildikdən az sonra postunu itirib. Yeni təhsil naziri Mikayıl Cabbarov 2013-cü ilin may ayında Ş.Əliyevi işdən çıxarıb.
Özünün dediyinə görə, bir neçə il özəl şirkətlərdə işlədikdən sonra köhnə dostu Arif Alışanov onun maliyyə sahəsindəki “dərin biliklərindən” yararlanmaq istəyib və 4 ay əvvəl iş təklif edib. Lakin burda A.Alışanovun köhnə dostunu işlə təmin etməkdən daha ciddi niyyətlərin olduğunu düşünmək üçün əsaslar var. Məsələ ondadır ki, A.Alışanov Ş.Əliyevə vəzifə təklif edərkən özünün tezliklə işdən çıxarılacağını bilməmiş deyildi. Hamıya aydın idi ki, məlum biabırçı məhkəmə proseslərindən sonra A.Alışanovun AzTV rəhbərliyindəki ömrü çox da uzun olmayacaq. Bunu elə Ş.Əliyev də bilməmiş deyildi. Belədə sual olunur: Alışanov gethagetdə Şahrza Əliyevi AzTV-yə gətirməklə nə məqsəd güdürdü? Olmaya bəzi maliyyə sənədlərini “qaydaya salmaq” zərurəti olub?…
Hər halda Şahrza Əliyev barədə yayılan çoxsaylı məlumatlar onun “təmiz” kadr olmasına ciddi şübhələr yaradır. Belə ki, onun Təhsil Nazirliyinin Maliyyə İdarəsinə rəhbərlik etdiyi illərdə istər nazirliyin xətti ilə həyata keçirilən məktəb və bağça tikinti-təmir işlərində, istər dərsliklərin çapında, istərsə də digər sahələrdə (hətta müəllimlərə yazılan maaşın, mükafatın və ezamiyyət xərclərinin müəyyən hissəsi saxlanılırdı-müəll.) ciddi korrupsiyaya yol verildiyinə dair çoxsaylı məlumatlar yayılıb. Həm də konkret faktlarla.
Məsələn, 2007-ci ildə ABŞ-ın Bakıdakı səfirliyi bu ölkənin hərbi komandanlığının maliyyə dəstəyi ilə Bakının Xəzər rayonunun Yeni Qala qəsəbəsində tikilmiş 20 siniflik (Təhsil Nazirliyinin normativlərinə görə 400 şagirdlik) məktəbi Azərbaycanın Təhsil Nazirliyinə təhvil verib. Həmin məktəb 300 min dollara, o vaxtkı kursla 255 min manata başa gəlib. Bir sinif otağına çəkilən xərc 15 min dollar və ya 12,7 min manat, bir şagirdə düşən xərc 750 dollar və ya 638 manat təşkil edib.