İŞİD-in “DÖRD ÖLÜM ÜÇBUCAĞI”:İraqda güclənən narazılıq terrorçu qrupu yenidən dirçəldir - TƏHLİL
Ceneyv Əbdu
“Reuters”
Vladimir Putinlə Helsinkidə görüşdən sonra Donald Tramp mətbuat konfransında ABŞ-ın Suriyada İŞİD-in tamamilə ləğvini “müvəffəqiyyətli kampaniya” kimi tərifləyib. Bununla belə, bölgədə İŞİD tam ölməyib.
Yenixeber.org: Bu yaxınlarda İraqda bir çox təhlükəsizlik mənbələri mənə İŞİD-in ölkənin bir hissəsində özünü “diriltdiyini” söyləyib. Mayın 12-də keçirilən seçkilərdən sonra baş verən xaos – sonrakı hökumətə nəzarətin təmin edilməsinə dair sövdələşmələr, fırıldaqçılıq və İran dəstəkli qruplarla bağlı iddialar – 2014-2015-ci illərdə ölkənin üçdə birini işğal etmiş terrorçu qrupu yenidən ictimai dəstəklə təmin edir.
Bu reallıq Vaşinqtonda hakim baxışa ziddir: Tramp düşünür ki, İŞİD İraqdan çıxarılıb.
“İŞİD-in yaxın gələcəkdə yenidən baş qaldıracağının bir çox göstəricisi var. Bunu qeydlərdə və kəşfiyyat hesabatlarında görə bilərsiniz”. Bunu İraqın sabiq milli təhlükəsizlik məsləhətçisi Müvəffəq əl-Rubai deyir. Görüşdüyüm digər şəxslər də narahatdır, çünki İŞİD döyüşçülərinin əksəriyyəti əcnəbilər deyil, iraqlılardır. Bu, onların ölkəni tərk etməsinin təşviqini, demək olar ki, qeyri-mümkün edir.
İŞİD-in dirilişində əsas amil qrupun İraqın uzaq sünni bölgələrində ictimai narazılıqlardan faydalanma qabiliyyətidir, həmin şəhər və qəsəbələrdə döyüşçülərin çoxu yerində qalıb.
Ekstremizmi gücləndirən digər amillər dövlət orqanlarının yoxluğu, dövlət xidmətlərini məhdudlaşdıran və İraq təhlükəsizlik güclərinin zəifliyini ehtiva edən hökumətdəki korrupsiyadır. İraqın cənub şəhərlərində işsizlik və elektrik çatışmazlığı ilə bağlı son nümayişlər də güclənərək, İŞİD-in ictimai şikayətlərdən istifadə etmək imkanlarını genişləndirir.
İraqın aparıcı mütəxəssislərindən olan təhlükəsizlik müşaviri Hişam əl-Haşimi İŞİD-in strategiyasının “dörd ölüm üçbucağı” üzərində qurulduğunu deyir. Onun sözlərinə görə, qrupun idarə etdiyi azsaylı əhalisi olan bölgələrdə militanlar yerli əhalinin dəstəyi olmadan da keçinə bilirlər.
İlk üçbucaqda İŞİD Hamrənin dağlarını İraq dövlət təhlükəsizlik kazarmalarına hücumlar üçün baza kimi istifadə edir. Bu sahə, əsasən, İŞİD-in nəzarətindədir.
Səmərranı əhatə edən ikinci üçbucaqda İŞİD yerli əhalini sıralarına birləşdirə bilməyib, lakin hücum zamanı döyüşçülər bölgəni qayıdış mövqeyi kimi istifadə ediblər.
Bağdadla Şam arasındakı üçüncü üçbucaq İŞİD-in qaçırma və bombalama əməliyyatları aparma, ticarəti pozma və kommersiya mallarını oğurlama yerdir.
Dördüncü üçbucaq İordaniya, Suriya və Səudiyyə Ərəbistanı ilə sərhəddəki böyük səhradır.
Əl-Haşiminin sözlərinə görə, “hədəflər – İraq qüvvələrinə meydan oxumaq və təhlükəsizlik qüvvələri ilə orta statistik İraq vətəndaşı arasındakı etimadı azaltmaqdır. Bu, 2014-2015-ci illərdə böyük şəhərləri işğal edən İŞİD-in köhnə strategiyasından fərqlənir və qrup ən azı İraqda partizan qüvvəsinə çevrilir”.
İraq əhalisinin məyusluğu ilə manipulyasiya etmək üçün çox şey lazım deyil. Onlar neftlə zəngin bir ölkədə yaşayır, amma mərkəzi hökumətin büdcəsindən və ya şimaldakı Kürdüstanda genişmiqyaslı qaçaqmalçılıqla əldə edilən vəsaitdən faydalana bilmirlər. Bundan əlavə, Mosul və Tikrit kimi böyük sünni şəhərlərində İŞİD-lə mübarizədə evlərini itirən iraqlılar qayıdış məsələsində çətinliklərə görə şiə nazirlikləri rüşvətxorluqda ittiham edirlər.
Seçkinin nəticəsi Bağdadın siyasətindən narazılığın göstəricisidir. İraqın seçki komissiyası seçici iştirakının 44,5 faiz təşkil etdiyini iddia edərkən, bir sıra etibarlı mənbələr real rəqəmin 20 faizə yaxın olduğunu söyləyirlər.
Hətta seçkidən sonra da seçicilər istədikləri şeyləri görmürlər. Müqtəda əl-Sədr – siyasi bloku korrupsiyanı ləğv etməyə, iqtisadiyyatın inkişaf etdirilməsinə və Tehranın təsirini azaltmağa çalışan şiə ruhani iranpərəst “Fəth” qrupuna dəstək verir.
İraqın Ali Məhkəməsi ciddi seçki pozuntuları aşkarladıqdan sonra iyun ayında seçki bülletenlərinin yenidən sayılmasına göstəriş verib, amma Rubai, keçmiş milli təhlükəsizlik məsləhətçisi, yeni hökumətin xalqa daha çox hesabatverici olacağını düşünmür. Onun sözlərinə görə, Mosul və digər şəhərlərdə İŞİD-in hərbi məğlubiyyəti yalnız yarım hekayətdir, çünki iraqlıları ilk növbədə İŞİD-ə qoşulmağa vadar edən əsas səbəblər həll edilməyib. “İŞİD üzərində qələbə elan etdik, amma qələbəni necə müəyyənləşdirirsiniz? Sosial zəfər oldumu? Xeyr. Siyasi qələbə? Seçkinin nəticələri ekstremizmi təşviq edir. Sədr də mövqeyini və hədəflərini dəyişib”.
ABŞ-ın rəhbərlik etdiyi qüvvələr İŞİD hədəflərinə hücum etməyə davam edir. Son günlərdə İraq və Suriyadakı qruplara qarşı 14 hücum olub. Bununla yanaşı, bir neçə İraq eksperti koalisiyanın İraqdakı qüvvələrini azaltma planlarından narazılığını bildirərək deyir ki, koalisiya “dörd üçbucaq”la mübarizə aparmaq üçün lazımdır. Bu olmazsa, İŞİD güclənməyə davam edəcək və Trampın qələbə bəyanatları daha tez-tez səslənəcək.
Tərcümə: Strateq.az