İŞİD-ə gedən yol hardan keçir?
Türkiyənin İraq İslam Şam Dövləti (İŞİD) kimi tanınan terror qruplaşmasına silahlı hücumların etməsi, Azərbaycandan Türkiyə vasitəsi ilə İŞİD-ə qoşulanların sayına təsir edə bilər.
"Xeberinfo.com": Məlumata görə, məsələ ilə bağlı musavat.com-a milli təhlükəsizlik nazirinin keçmiş müavini Sülhəddin Əkbər danışıb. Onun sözlərinə görə, Türkiyənin İŞİD-ə qarşı əməliyyatlara başlaması region üçün təsiri olacaq:
“Türkiyənin hazırda apardığı əməliyyatlar, İŞİD-ə bu ölkə üzərindən qoşulmaq istəyənlərin, müəyyən dərəcədə qarşısını alacaq. Ancaq onu da nəzərə almaq lazımdır ki, İŞİD-də qoşulmaq üçün yeganə yol Türkiyə üzərindən deyil. İŞİD-ə qarşı mübarizə İraq və Suriya ərazisində şiddətləndikcə, bu qruplaşmaların digər ərazilərə yayılması ehtimalı da artır. Dolayısı ilə İŞİD-in Azərbaycanda yaxud da, Şimali Qafqazda, Mərkəzi Asiyada əməliyyatlara başlaması ehtimalı getdikcə artır. Bu gün İŞİD-ə qarşı aparılan əməliyyatlar müəyyən nəticələr versə də, bu terror qruplaşmasının aradan qaldırılması üçün yetərli deyil. Doğrudur ki, İŞİD-ə qarşı geniş koalisiya yaranıb. Ancaq onların əsas əməliyyatları hava hücumlarından təşkil olunub. Hesab edirəm ki, İŞİD-i havadan bombalamaqla, onu tam aradan qaldırmaq mümkün deyil. İstənilən terror təşkilatı ilə mübarizə, hər tərəfli- siyasi, iqtisadi, hərbi, psixoloji və sairə daxil olmaqla aparılmalıdır”.
S.Əkbər Türkiyənin İŞİD-ə qarşı mübarizəyə başlaması barəsində isə aşağıdakıları söyləyib:
“Bu birdən-birə başlayan hal deyil. Türkiyənin maraqları baxımından qiymətləndirdikdə görmək olar ki, hazırda İraq və Suriyada çox mürəkkəb hal yaranıb. Türkiyə bir dövlət olaraq, İŞİD-lə mübarizədə müxtəlif taktikalar həyata keçirdi. İŞİD birbaşa Türkiyənin maraqlarını təhdid etməyə başladıqdan sonra isə, onlar terror qruplaşmasına qarşı ciddi mübarizəyə başladılar. Bu gün də onlar açıq şəkildə İŞİD-ə qarşı mübarizəyə qoşulublar. Bütün bunlar yuxarıda qeyd etdiyim kimi İŞİD-ə Türkiyə üzərindən qoşulanların sayının azalmasına səbəb olacaq”.
Qeyd edək ki, dünən Milli Təhlükəsizlik Nazirliyi İŞİD terror təşkilatının fəaliyyətində iştirak edən şəxsləri saxlayıb