ABŞ AVİADAŞIYANLARINI KİM VƏ NECƏ BATIRA BİLƏR? –“Nüvə zərbəsi olmadan…”
Yenixeber.org: Atom zərbə aviadaşıyanları Amerikan hərbi qüdrətinin ən bariz nümunəsidir. ABŞ hərbçilərinin ixtiyarında olan hər hansı digər bir silah sistemi, aviadaşıyanlarla müqayisə ediləcək hücum gücünə malik deyillər. Aviadaşıyanların hücum gücü üçün yaxınlıqda hər hansı yerüstü bazanın olmasına ehtiyac yoxdur. Hal-hazırda fəaliyyətdə olan 10 ədəd ABŞ aviadaşıyanı regional komandanlara daima lazım olur. Onların uzunmüddətli hərbi yürüşləri artıq adi normaya çevrilib.
Böyük zərbə aviadaşıyanlarının faydalılığına heç kim şübhə etmir. Birləşmiş Ştatlar kifayət qədər böyük donanmaya sahib olan və lazım gəldikdə istənilən yerdə üç və ya daha çox aviadaşıyan yerləşdirə biləcək tək dövlətdir. Amma soyuq müharibə bitdikdən sonra iki məsələ yenidən meydana gəlib və hətta bəzi icmalçılar Amerika Hərbi Dəniz Donanmasında aviadaşıyanların başlıca rol oynamasına şübhə ilə yanaşdıqlarını dilə gətirirlər.
Bunlardan biri aviadaşıyanların çox yüksək qiymətə başa gəlməsi, digəri isə hərbi baxımdan onların düşmən hədəfinə tuş gələ biləcək zəif tərəflərinin olması ilə bağlıdır.
Yüksək qiymət barəsindəki sözlər əsassızdır. Çünki bütün avidaşıyanların işlək vəziyyətdə qalması, onlardan istifadə edilməsi və daha yenisinin tikintisi üçün federal büdcənin yalnız 1 faizi yetərlidir. Hələlik isə, kimsə aviadaşıyanlar olmadığı təqdirdə, ABŞ-ın hərbi nailiyyətlərində onların yerini tuta biləcək alternativ variant irəli sürməyib. Aviadaşıyanların zəif yerinə gəldikdə isə, buna cavab vermək çətindir, çünki ekspertlərin sözlərinə görə, 5 min nəfər dənizçi və 10 milyard dollar dəyərindəki gəmidə olan 70 təyyarə düşmən üçün lap yaxşı hədəfdir.
Aviadaşıyanların heç olmazsa birinin sıradan çıxması Amerikanın düşmənləri üçün böyük nailiyyət, Amerikan hərbçiləri üçün isə sardıcı zərbə və dəhşətli itkidir. Lakin mümkün rəqiblərdən hər hansı birinin bu cür nəticəni nüvə silahı olmadan əldə etməsi şansı sıfıra bərabərdir. Bu baş tutacaq iş deyil. Aşağıdakılar bu iddianın doğruluğunu təsdiq edir.
- Böyük aviadaşıyanlar yüksək sürətə və mütəhərrikliyə malikdirlər
Müasir donanmada aparıcı mövqedə dayanan “Nimitz” və onun yerinə gələn “Ford” sinfindən olan aviadaşıyanlar gəmiqayırma tarixinin ən böyük gəmiləri sayılırlar. Bu gəmilərin ümumi hündürlüyü 80 metr, su basımı isə 100 min tondur. Bunlardan başqa yüzlərlə sukeçirməz bölümlər və min tonadək zirehlə örtülmüş aviadaşıyana heç bir adı torpedo və ya mina ciddi ziyan toxundura bilməz.
Digər tərəfdən, aviadaşıyanlar əməliyyat keçirən zaman daima hərəkət halında olurlar və onların sürəti saatda 35 mil (1 dəniz mili 1852 metrdir) təşkil edir. Bu isə sualtı qayıqları ötüb keçmək üçün kifayətdir. Ona görə də, onların aşkarlanması və izlənməsi elə də asan iş deyil. Aviadaşıyanların düşmən tərəfindən aşkarlanmasından 30 dəqiqə sonra, bu gəmilərin əhatə zonası 700 kvadrat mil böyüyür, 90 dəqiqədən sonra isə yeləşmə zonanasının genişliyi 6000 kvadrat milə qədər genişlənir.
- Aviadaşıyanların əla müdafiəsi var
Amerikan aviadaşıyanları mümkün təhlükələri dəf etmək üçün həm aşağıdan uçan qanadlı raketlərə, həm də düşmən sualtı qayıqlarını məhv etmək üçün çox güclü passiv və aktiv sistemlərə malikdirlər. Aviadaşıyanlar yüksəkhəssaslı datçiklərlə, radiolokasiya tuşlayıcı raketlərlə, atəş sürəti saniyədə 50 atəş olan “Gatling” topu ilə təchiz edilib və onları müşayiət edən aviasiya dəstəsinə müxtəlif funksiya yerinə yetirən 60-dan artıq təyyarə daxildir. Bundan başqa, onların gövdəsində sualtı qayıqlarla, dəniz minaları və suüstü hədəflərə qarşı mübarizə vasitləri ilə təchiz edilmiş vertolyotlar da yer alır.
Aviadaşıyanlar təkbaşına hərəkət etmirlər. Onların tərkibinə “Aegis” döyüş sistemi ilə təchiz olumuş müxtəlif raket gəmiləri və zərbə qrupları daxildir. ”Aegis” dünyanın ən müasir hava hücumu əleyhinə və raket əleyhinə müdafiə sistemidir. Bu sistem havadakı və həmçinin də ballistik raketlərdən gələ biləcək istənilən təhlükənin öhdəsindən gəlmək qabiliyyətinə malikdir. O, sualtı qayıqlar, suüstü gəmilər və üzən minalarla mübarizə apara biləcək digər müdafiə və hücüm sistemləri ilə birləşdirilib. Aviadaşıyanlar onu müşayiət edən gəmilərlə birlikdə düşmən sistemlərini sürətlə məhv edə bilər. Aviadaşıyanların zərbə qrupları hərdən özlərinə sualtı və suüstü hədəfləri məhv edə biləcək sualtı qayıqları da qoşurlar.
- Tətbiq edilən taktika hərəkət qabiliyyətini artırır
Hərçənd ki, Amerikan aviadaşıyanları ən güclü və çoxmərhələli qoruyucu qalxanla müdafiə olunub, ancaq onlar potensial düşmənin yaxınlığında risk etmək istəmirlər. Onlar tərəfindən tətbiq edilən operativ taktika risklərin azaldılmasına və hücum potensialının itkisiz olmasına istiqamətlənib. Belə ki, aviadaşıyanlar minaların olduğu rayonlarda adətən hərəkət etmirlər və həmin yerlərə yalnız akvatoriya minalardan tamamilə təmizləndikdən sonra gəlirlər. Aviadaşıyanlar yaxınlaşan real təhlükənin yerli dəniz nəqliyyatı vasitlərindən seçilməsinin çətin olduğu məhdud məkanlarda yox, açıq dənizlərdə qalmağa üstünlük verirlər. Aviadaşıyanlar daima hərəkət halında olduqları üçün onların yerinin düşmən tərəfindən təsbit edilməsi mürəkkəbləşir. Həmçinin, onlar həm sualtı, həm də yaxın orbitdə yerləşən digər obyektlərdən operativ məlumat alırlar.
- Yeni texnologiyalar aviadaşıyanların müdafiəsini möhkəmləndirir
Aviadaşıyanlar üçün təhlükə meydana gəlməsi barəsində xeyli söz-söhbət gəzir, lakin ABŞ Hərbi Dəniz Gücləri bu cür təhlükələrin qarşısının alınması məqsədiylə yeni hücum və müdafiə texnologiyalarının işlənib-hazırlanmasına xeyli vəsait yatırıblar. Son illər sensorların və silah sistemlərinin maksimal səmərəli istifadəsindən ötrü, donanmanın bütün imkanları vahid şəbəkədə birləşdirilib.
Hərbi Dəniz Donanması üçün hava hücumundan müdafiə – “atəşin idarə edilməsinin inteqrasiya sistemləri” mövcud olan bütün döyüş sistemlərinin bir yerdə cəmlənməsinə imkan verir ki, düşmənin bunu yarıb keçməsi xeyli müşkülləşir.
Özütuşlayıcı raketlərin idarəetmə orqanlarına təsir edən “Stels” texnologiyalı qırıcıların kəşfiyyat aparma qabiliyyəti və həmçinin düşmən siqnallarında küy yaradacaq komplekslərdən də istifadə edilir.
O ki qaldı aviadaşıyanların mütəhərrikliyinə, qeyd etmək lazımdır ki, yalnız bəzi dövlətlər Amerikanın bu yüksək dəyərli gəmilərinə təhlükə yarada bilər. Amma nüvə silahından istifadə etmədən onları heç kim batıra bilməz. Hərçənd ki, Hərbi Dəniz Gücləri gəmilər əleyhinə sürətli raketlərin geniş yayılmasına və Sakit okeanın qərb hissəsində Çinin artan gücünə görə, öz taktikalarını dəyişiblər, buna baxmayaraq, onlar Amerikanın arsenalındakı ən etibarlı və effektli döyüş sistemləri kimi qalmaqdadır. Atom güc qurgusu ilə təmin edilən məhdudiyyətsiz hərəkət radiusuna və yığcamlığa malik olan aviadaşıyanlar ABŞ-ın maraqlarının təmin edilməsi üçün planetin istənilən nöqtəsində fəaliyyət göstərmək qabiliyyətindədirlər.
Əgər Hərbi Dəniz Güclərinin yeni hərbi texnologiyalarına yatırılan investisiyaların miqyasını diqqətə alsaq, onda əminliklə deyə bilərik ki, bu cür vəziyyət yaxın bir neçə on illikdə də dəyişməyəcək.
(“The National Interest” – ABŞ)