Yenixeber.org: "Dağlıq Qarabağda son dövrlərdə gərginliyin azalması xarici qüvvələrin – Rusiya və ABŞ-ın təsirinin nəticəsidir. Heç kimə, hətta Türkiyəyə də Qarabağ konfliktinin eskalasiyası lazım deyil. Gərginlik artanda aydın idi ki, konfliktin eskalasiyası davam edəcək, amma görünür, xarici qüvvələr tərəflərə təzyiqlər ediblər".
Bunu "1in.am” saytına açıqlamasında rusiyalı politoloq Pavel Felgenhauersöyləyib.
"Gərginliyin yumşalıb və ya sərtləşdirilməsi konflikt iştirakçılarının qərarından asılıdır. Müharibəni boş yerə başlamırlar. Kimsə faydalı olduğunu biləndən sonra müharibə qərarını verir. Görünür, indi tərəflərdən heç birində belə qərar yoxdur. İkincisi isə bayaq dediyim kimi, tərəflərə xaricdən ciddi təzyiqlər olub. Bu gün nə Rusiya, nə ABŞ, nə İran, nə Türkiyə, nə də hansısa başqa dövlətə Qarabağ konfliktinin gərginləşməsi lazımdır. Onların öz problemləri var. Onlar cəbhədə vəziyyətin sakitləşməsindən sonra Qarabağı unutdular, ona görə ki, özlərinin daha ciddi problemləri var idi.
 
Keçən həftə mən Vaşinqtonda ABŞ prezidentinin müşaviri Herbert Makmasterin olduğu konfransda iştirak etdim. Makmaster çoxlu sayda müxtəlif konfliktlərdən danışdı, amma o, Qarabağdan bir söz belə dilə gətirmədi. Hər kəsin problemi kifayət qədərdir. Qarabağ xarici qüvvələrin radarlarında yalnız buradakı gərginliyin yeni savaş başladacağı aydın olanda tərpənir. O zaman hər kəs təzyiq edir ki, tərəflər hərbi fəaliyyətləri dayandırsınlar. Siz sakit oturduğunuz müddət ərzində dünya sizi unudur. Situasiya pisləşəndə hadisələr qızmar olur və bu onları maraqlandırır. Bir sözlə, mən Qarabağın həlli ilə bağlı heç bir gələcək görmürəm. Bu gün baş verənlər müvəqqəti sakitlikdir. Tərəflərdən hansısa biri nəsə tətbiq etməyin zamanı gəldiyini düşünəndə bu, xarici dünya üçün sürpriz olacaq”, - deyə o bildirib.
Ekspertin fikrincə, ABŞ-ın yeni milli təhlükəsizlik strategiyası Qarabağa təsir göstərməyəcək:
"Tramp administrasiyasının Qarabağla bağlı imkanları azdır. Ona görə ki, Dövlət Departamenti hələ çoxlu sayda məmurun təyinatını həyata keçirməyib. Müşavir Makmaster isə hərbçi olduğuna görə, aktiv siyasətin aparılması gərəkdiyini anlayır. Passiv siyasətlə qalib gəlmək olmaz. Amerikanın şansları böyükdür, amma onlar məhdudlaşdırılıb. Onların sənədində çoxlu problemlər sadalanıb, amma onlar prioritetləri seçirlər. Prioritetlərdən biri terrorizmdir. Onlar çalışırlar ki, İŞİD kimi qruplar yenidən müəyyən əraziləri tutub, idarə etməsinlər. Digər tərəfdən, Koreya problemi də yaranır. Hazırda dünyada üç müharibə ocağı var. Bunlar Uzaq Şərq, Yaxın Şərq və Avropadır. İranın sünnilərlə müharibə ehtimalı getdikcə artır. Bu təhlükə ilk növbədə Yəmənlə bağlıdır. Bu, Fars körfəzində gərginliyə səbəb ola bilər. Bu müharibədə hansısa formada Azərbaycan da iştirak edə bilər. Regionda situasiya çox gərgindir. Heç kimi Qarabağ maraqlandırmır. İstənilən tək şey burada sakitliyin olmasıdır. Bu gün konfliktin həlli üçün imkan yoxdur. Hər iki tərəf silahlanmağa davam edir. Silahlar həm Ermənistana, həm Azərbaycana tədarük edilir. Əgər konflikt partlasa, bu, çox güclü olacaq. Mən bilmirəm bu nə vaxt olacaq, amma gələn il olma imkanları da çoxdur”.
Felgenhauer tərəflər arasında müharibə başlayacağı təqdirdə Azərbaycanın qalibiyyət imkanlarının çox olduğunu söyləyib:
"Aprel müharibəsi göstərdi ki, erməni ordusunun silahlanma və hərbi hazırlıq baxımından ciddi çatışmazlıqları var. Əgər Azərbaycan apreldə dayanmasaydı, o zaman hadisələrin necə inkişaf edəcəyini söyləmək çətin olardı. Doğrudur, dərs götürüb, çatışmazlıqlarını anlamağa və mümkün olanları həll etməyə çalışmısınız. Lakin daha fundamental olan şeylər də var. Bu da Ermənistan ordusunun geriliyidir. Bu sizin günahınız yox, bədbəxtliyinizdir. Hərbi əməliyyatlar üçün müasir silahlar lazımdır, bu isə Azərbaycanda var. Azərbaycanda zərbə endirəcək pilotsuz aparatlar mövcuddur. Aprel savaşında onlar erməni zirehli maşınları və texnikasını məhv etdilər. İrəvanın belə aparatları yoxdur, hətta Rusiyada da bu mövcud deyil. Azərbaycan indi bəzi şeylərdə Rusiyadan daha irəliyə gedib. Ona görə ki, onlara bu texnikanı İsrail tədarük edir. Rusiya isə belə şeyləri özü istehsal etmək gücündə deyil. Ermənistan keyfiyyətli hərbi texnika baxımından çox geri qalır. Ermənistanda texnika sovetdən qalıb, Azərbaycan isə texnikasını İsraildə modernləşdirib. Azərbaycanın hərbi-texniki üstünlüyü əvvəlki kimi qalır. Bu üstünlük genişmiqyaslı müharibə zamanı Azərbaycanın imkanlarını artıracaq”.(axar)