AVROPA RUSİYA İLƏ MÜHARİBƏYƏ NİYƏ HAZIRLAŞMIR?–ABŞ-da Avropanın müdafiəsinə çəkilən hərbi xərcləri azaltmaq çağırışları güclənir - TƏHLİL
Duqlas Bendou
“The National İnterest”, ABŞ, 06 dekabr 2017-ci il
Yenixeber.org: Üç il öncə ABŞ öz döyüş hissələrini Avropadan çıxarıb. İndi Amerika Rusiyanın hücumunun qarşısını almaq üçün onları yenidən geri göndərir.Briqada generalı Timoti Dauertinin (Timothy Daugherty) izah etdiyi kimi, “müharibəyə hazırlaşmaq, müharibə aparmaqdan ucuzdur”. Bu, həqiqətən, belədir. Onda bəs, Avropa müharibəyə niyə hazırlaşmır?
Soyuq müharibə dövründə Avropa ərazisində, təqribən, 300 min Amerika hərbçisi vardı. Bir neçə il öncə onların sayı 65 minə kimi endi. Lakin bu da çox idi: Avropanın müdafiə məsələlərində ABŞ-ın dəstəyindən imtina etməsinin vaxtı artıq çoxdan çatmışdı. Bununla belə, NATO, demək olar ki, düz Rusiya sərhədlərinədək genişləndi və əvvəllər Rusiya İmperiyasına və Sovet İttifaqına daxil olan Ukrayna və Gürcüstanı üzvlüyə qəbul etməklə, onu təhdid etməyə başladı. Moskvanın nöqteyi-nəzərinə görə, NATO Rusiyanın sərhədlərinə yaxınlaşmaqla, onun qarşısının alınmasına oynamaqda davam edirdi.
Yolüstü, Vaşinqton və Brüssel Rusiyanın Balkanlardakı tarixi maraqlarına heç bir əhəmiyyət vermədən, Serbiyaya təzyiq edirdi. ABŞ hətta Orta Asiyada münasibətlər qurmağa və hərbi bazalara giriş əldə etməyə davam edirdi. Amerikanın siyasəti məşhur “Brejnev doktrinası”nın (“Nə mənimdirsə – o mənimdir, nə sizindirsə – onu biz hələ müzakirə edərik!”) əksinin cizgilərini almağa başladı.
Vaşinqtonda uzun müddət konsensus ABŞ Müdafiə Nazirliyinə münasibətə beynəlxalq əmin-amanlığın əsasına və zəngin müttəfiqlərin müdafiə alətinə olan münasibət kimi baxılmasını nəzərdə tutsa da, namizəd Tramp avropalıların ABŞ-ın dəstəyindən sui-istifadə etdiklərini bəyan edərək, mümkün dəyişikliyə işarə vurdu. Vəzifəsinin icrasına başladıqdan sonra o, Avropanın hərbi ehtiyaclarına xərclərin bir qədər artırılmasına artıq imkan tapdı, ancaq o, öz müdafiələri üçün üzərlərinə məsuliyyət götürməməyə üstünlük verən Avropa hökumətlərinin maraqları naminə, Amerika maraqlarını qurban verməyə davam etdi.
Avropada çoxları inanır ki, onların təhlükəsizliyinə hər hansı bir ciddi təhdid yoxdur. Yalnız az sayda avropalı təsəvvür edə bilər ki, rus ordusu bütün Avropadan keçərək, Atlantik okeanına necə çıxar. Və Avropa hökumətləri əmindir ki, Vaşinqton, istənilən halda, onların müdafiəsinə qalxacaqdır. Belə, əgər çeki ABŞ-a göndərmək olarsa, avropalı vergiödəyicilər nə üçün yüklənsin?
Nə üçün Vaşinqton siyasətçiləri və prezident Tramp amerikalıları bu yükü öz üzərlərinə götürməyə məcbur etməyə belə hazırlıq nümayiş etdirir? Vladimir Putin tamamilə xoşagəlməz bir adamdır. Bu, artıq çoxdan yenilik olmaqdan çıxıb. Lakin dünya xoşagəlməz avtokratlarla doludur. Və bu, heç də onları Amerika üçün təhdidə çevirmir.
Vaşinqtonu dolduran həyəcanlı ritorikaya baxmayaraq, Moskva ABŞ üçün heç bir əhəmiyyətli təhdid təşkil etmir. 2016-cı ilin prezident seçkilərinə müdaxilə, şübhəsiz, hücumdur, lakin Vaşinqton eyni şeyi Rusiyadan daha tez-tez, daha çox ölkədə – dəfələrlə edibdir. Vaşinqton onda təkid etməlidi ki, Rusiya bundan sonra oxşar hərəkətlərdən çəkinsin və Amerikaya söz versin ki, o, bir də belə səhv etməyəcək.
Rusiya Federasiyasının nüvə arsenalı ABŞ-ın arsenalı ilə müqayisə edilə biləcək yeganə dövlətdir, lakin o, buna əl atarsa, cavabında dağıdıcı zərbə alar. Rusiya SSRİ-nin dağılmasından sonra öz adi silahlı qüvvələrini bərpa etməyə nail olsa da, hər halda, o, qlobal deyil, güclü regional dövlət olaraq qalmaqdadır. Putinin ABŞ-la, heç olmasa, bir az da olsa qarşıdurmada maraqlı olmasını göstərən hər hansı bir dəlil yoxdur.
Hətta ABŞ və Rusiya arasında onların mühüm maraqlarına toxuna bilən hər hansı bir əhəmiyyətli fikir ayrılığı yoxdur. Əksinə, bu ölkələrin hökumətləri Suriya (onunla Moskva çoxdan əməkdaşlıq edir, Amerika üçünsə, o, demək olar ki, heç bir dəyər kəsb etmir), Gürcüstan və Ukrayna (ABŞ-ın milli təhlükəsizliyilə heç bir əlaqəsi yoxdur) kimi, ikinci dərəcəli məsələlərdə toqquşmaya giriblər. Ancaq həm Amerika, həm də Rusiya islam terrorizmindən qorxur, nüvə İranı və Şimali Koreyasına qarşı çıxır və potensial aqressiv Çinin üzünə baxırlar.
Bununla belə, Vaşinqton öz qoşunlarını Avropaya qaytarır. ABŞ ordusunun qərargah rəisi general Mark Millinin (Mark Milliey) dediyi kimi, Rusiyanın qarşısını almaq üçün “biz, ABŞ ordusu hesab edirik ki, yəqin, əlavə qüvvələr lazımdır”. ABŞ-ın Avropadakı qoşunlarının komandanı general-leytenant Ben Hoces (Ben Hodges) bəyan edib ki, “Biz, zəruri olduqca, bunu edəcəyik”.
Rusiyaya münasibətdə avropalılar nə edirlər? Həqiqətən də, onlar nə ilə məşğuldurlar? Ya da, ən azından, düşünürlər ki, onlar kifayət qədər səy göstərirlər.
Hazırda Avropa öz silahlı qüvvələrinə Rusiyadan iki dəfə çox vəsait sərf edir. Əgər bu vəsaitlər qeyri-rasional istifadə olunursa, onda avropalılar bu durumu düzəltməlidir, ümid etməməlidir ki, Vaşinqton yenidən onlara köməyə gələcək. Və onlar özlərini təhlükədə hiss etsəydilər, daha çox şey edə bilərdilər. General Hoces öz ÜDM-nin 2,07%-ni müdafiəyə sərf etdiyinə görə Litvanı tərifləyib, ancaq əgər Litva hökuməti Rusiya tank diviziyasının gəlməsini həyəcanla gözləyirsə, o, öz xərclərini iki, hətta üç dəfə artırmalıdır. Bunun mənası rus qoşunlarının darmadağın edilməsində deyil, istənilən hücumun həddindən artıq məsrəfli olmasında, buna görə də mənasız olmasındadır.
Eyni şey Estoniya, Latviya və Polşaya da aiddir. Görünür ki, onların hamısı səbirsizliklə Amerika hərbçilərini gözləyirlər. Amma həqiqətdə onlar qonşu Avropa ölkələrindən hərbçilərin gəlməsini gözləməlidir.
Əgər biz diqqətimizi sərhəd dövlətlərindən ayırsaq, görərik ki, Avropanın böyük hissəsi bu hərbi məsələlərə diqqət etmək yerinə, həddindən çox öz işlərilə məşğuldur. Almaniya müdafiə ehtiyacları üçün 2016-cı ildə ÜDM-nin 1,18%-ni, 2017-ci ildə 1,22% -ni sərf edib, lakin 2018-ci ildə artıq hərbi ehtiyaclara ayrılan xərclərin azaldılması gözlənilir.
Almaniyada heç kim ölkənin silahlı qüvvələrinin onu müdafiə edə biləcəyini gözləmir desək, ədalətli olar. Almanlar zarafat edirlər ki, onların əsgərlərinin rolu həqiqi silahlı qüvvələr gələnə qədər rusların qarşısını almaqdan ibarətdir. Almanların Pribaltikanı və ya Ploşanı müdafiə etmək üçün şərqə hücum etməsi ehtimalı, ən yaxşı halda, minimumdur.
Onda, bu halda kim inamla deyə bilər ki, İtalya, İspaniya, Portuqaliya, Belçika, Danimarka, Çernoqoriya, Lüksemburq, Sloveniya, Slovakiya və Çexhərbçiləri Putin qüvvələrinin hücumunu dəf etmək qabiliyyətində olan, güclü ekspedisiya qoşunları yarada biləcək? Və yenə də ehtimal, ən yaxşı halda, minimumdur.
Problem ehtiyat çatışmazlığında deyil. Əgər bütün Avropa ölkələrinə baxsaq, onlarda Amerikadan çox əhali yaşayır və onların iqtisadiyyatı ABŞ iqtisadiyyatı ilə müqayisə oluna bilər.
Ola bilər, onların hərbi potensialı Amerikanınkından geri qalır, lakin onlar aciz deyillər. Güc indeksinə görə, növbəti gələnlər Fransa və Birləşmiş Krallıqdır, onların ardınca Türkiyə gəlir. Sonra Almaniya və İtaliya. Əgər istəsəydilər, onlar hamısı daha çox şey edə bilərdilər.
Avropalıların sərəncamında nəhəng hərbi insan ehtiyatları da vardır. Yalnız Türkiyə ordusunun sayı 400 min hərbçiyə çatır. Təbii ki, bu gün Ankara artıq etibarlı və sadiq müttəfiq kimi görünmür, lakin əgər o, artıq belə deyilsə, nə üçün hələ də NATO-dadır? İstənilən halda, İtaliyanın 250 min, Fransanın 200 min, Almaniyanın təqribən 180 min, Yunanıstanın 160 min, Birləşmiş Krallığın 150 mindən çox, İspaniyanın isə 124 min hərbçisi vardır. Və onların hamısı, əgər buna tutarlı səbəb olduğunu hesab edərlərsə, öz ordularının sayını artıra bilərlər. ABŞ deyil, məhz bu Avropa ölkələri əlavə döyüş hissələri formalaşdırmalı və Rusiyanı durdurmaq üçün daha çox səy göstərməlidir.
II Dünya Müharibəsinin bitməsindən 70 ildən çox vaxt keçdikdən sonra qərbi avropalılar öz iqtisadiyyatlarını bərpa edə, onlara yad olan kommunist rejimlərini devirə, Mərkəzi və Şərqi Avropa ölkələrini ümumavropa layihəsinə cəlb edə bildilər. Onlar birlikdə Rusiya İmperiyasından və Sovet İttifaqından nə qalıbsa, onu çox məsələdə üstələyirlər.
Moskva Gürcüstan kimi zəif qonşusuna qalib gələ bilər, lakin o, asanlıqla Ukraynanı uda, xüsusən də Avropanı istila edə bilməz. Və əgər sonuncu fikir hər hansı bir şübhə doğurursa, yaxın bir neçə ildə avropalılar iqtisadi və demoqrafik düşüşlə, siyasi böhranla üzləşən, zəifləyən bir dövləti (Rusiyanı- tərc.) hərbi baxımdan asanlıqla ötə bilərlər.
ABŞ, faktiki olaraq, müflis olub. Yaxın illərdə onu trilyonlarla dollarlıq defisit təhdid edir. Lakin Konqres xərclərlə məşğul olmaq yerinə, gəlirləri ixtisar etməyə üstünlük verməklə, sərt tədbirlər görməkdən imtina edir. Federal borc, sosial xərclər problemləri və digər ölkələr qarşısındakı öhdəliklər bir nöqtədə birləşəndə böhran, böyük ehtimalla, hərəkət etməyə məcbur edəcəkdir. Bu halda, çox ehtimal ki, nizamsız müdaxiləçi ABŞ xarici siyasəti zərər görəcəkdir. Çətin ki, amerikalı liderlərdən kimsə avropalıların bundan sonra da pulu öz daxili ehtiyacları üçün xərcləmə imkanları olsun deyə, sağlamlıq və ya sosial təhlükəsizlik proqramlarının qurban verilməsini istəsin. Vaşinqton xərcləri qızğın surətdə və böhran şəraitində deyil, düşünülmüş şəkildə və sistematik olaraq azaltmalıdır.
Avropalılar, ABŞ-dan öz üzərinə əlavə öhdəlik götürməsini xahiş etməkdən heç zaman əl çəkməyəcəklər, lakin amerikalı məmurlar avropalılara görə ödəməyi kəsməlidirlər. Vaşinqton NATO və digər alyansları yalnız o halda saxlamalıdı ki, onlar ABŞ-ın təhlükəsizlik maraqlarının irəlilədilməsinə yardım etsinlər. Müstəqil olaraq özünü müdafiə etməyə tam qabil olan ölkələrin müdafiə edilməsinin ABŞ-ın maraqları ilə heç bir əlaqəsi yoxdur.