20 YNVAR METROSU ƏTRAFINDA NƏLƏR BAŞ VERİR?
Xeberinfo.com: Başqalarını bilmirəm, amma mən nəsə yazmaq istəyəndə o mövzunu günlərlə , həftələlə, hətta aylarla beynimdə dolandırır, tam hazır olanda kağız üzərinə köçürürəm. İndi qələmə aldığım mövzu da aylardır ki, məni narahat edib, dincliyimi əlimdən alıb, əsəblərimi tarıma çəkib, səbrimi daşırıb. Sanki dil açıb deyir, özünü bu qədər üzüb əldən salma, əsəblərini qoru. Yaz ki,için boşalıb rahatlansın. Yaz ki,sənin bu qədər əzab çəkməyindən, qəzəbindən, kinindən, nifrətindən xalq da bihal olub xəbər tutsun. Bilirəm deyəcəksən ki, çox yazmışam. Xeyri nə olub? Bir yerdə ki, insana dəyər verilmir, adi hüquqları hər an pozulur, tapdalanır, o yerdə yazmağına, şikayət etməyinə dəyməz. Bir də kimdən kimə şikayət edəsən? Əgər yuxarıdakılar sadə vətəndaşı adam yerinə qoymursa, onun rahatlığını təmin etmirsə, şikayətini, tələbini qulaq ardına vurursa, ancaq özünü düşünürsə, onda aşağdakı xırda buynuzlular bundan yararlanıb mənliyini, insanlığını, arını, namusunu, şərəfini itirib özü bildiyi, özünə sərf eləyən kimi hərəkət edir, quduzlaşır, qanun- qayda mənəm deyir. Ayrı- ayrı fərdlərin də bunlara qarşı olan mübarizəsi fayda vermir.
Deyirəm artıq vaxtdır. Mövzuya keçmək, yazmaq və onu oxucuya çatdırmaq vaxtı. Respublikada tək-tək adam olar ki, rayondan Bakıya gələ, 20 yanvar metro stansiyasının yanından keçməyə. Bu ağla sığmazdır. Ona görə ki, 20 yanvar şəhərin giriş, çıxış yeridir. Məlum olduğuna görə burda hər zaman sıxlıqdır, basabasdır, tıxacdır.Və təbii ki, sıxlıq, basabas olan yerdə də böyük səs-küy var. Ağız deyəni qulaq eşitmir. Burda metrodan çıxıb getmək də cəncəldir. Səs-küydən, basabasdan əsəblərin elə bir gərgin həddə çatır ki, az qalır hirsini, hikkəni, qəzəbini kiminsə üstünə töküb ölkənin ən pis adamı olasan.
Buna səbəb bir deyil, iki deyil. Sadalamaqla, deməklə qurtaran da deyil. Amma buna baxmayaraq sadalamaq, demək zorundayam.
Diqqətli oxucuların yadında olar. Bir neçə ay bundan qabaq Dövlət Yol Polisinin əməkdaşları 20 yanvar metro stansiyasının ətrafındakı sıxlığı, dörd çıxışın qarşısında dayanıb içərdən çıxanları, təsadüfən yaxınlıqdan keçənləri zorla maşına basıb (bu sözü elə-belə yazmıram ha, bu doğurdan da belədir) gedəcəkləri, getməyəcəkləri ünvana aparmaq istəyən sırtıq, mədəniyyətsiz, kobud, müştəri çağırmaqdan səsi batmış taksi sürücülərini oradan uzaqlaşdırıb camaata rahatlıq, sərbəstlik "yaratmaq" üçün əməliyyata start verdilər. Gün ərzində onlarla polis maşını güclü səs siqnalları ilə özlərinin zəhlə tökən, ədəbsiz səsləri ilə ordan keçənlərin və o ərtafda yaşayanların rahatlığını, dincliyini pozmağa başladılar. "Ə,demədimmi orda maşın saxlama", "a gədə, dayanma,sür getsin ", "Ə,adama sözü necə dəfə deyərlər?! Dedim ki, olmaz də" və s. və ilaxır.
Onlarla polis maşınının tük ürpədici "vıyha vıyı", etikadan uzaq ollan sözləri polisə və onun əməkdaşlarına qarşı dərin inamsızlıq və nifrət oyadır. Bu yalançı hay-küydən və gözdən pərdə asmaqdan başqa bir şey deyil. Bu yerdə yadıma böyük rus şairi V. Mayokoviskinin "Mənim milisim məni qoruyur" şeiri düşdü. Və bu gün Azərbaycan polisinin vətəndaşı qorumağına inanmadım, ona olan "məni qoruyur", "asayişin keşiyində dayanır" ifadələrinin nə qədər puç olduğu qənaətinə gəldim.
Azərbaycan Respublikasının Konstitusiyasında göstərilir ki, insanların bərabərlik hüququ ölkənin Cinayət Məcəlləsinin 154-cü maddəsinə əsasən bərabərlik hüququnu pozma cinayət məsuliyyətinə səbəb olur.
Cinayət Məcəlləsinin 154-cü maddəsini xatırlatmağım heç də təsadüfi deyil.Metronun çıxışında, əhalinin gur olan yerində maşın saxlamaq qəti (qəti ha) qadağandır.Amma, bircə bu amma olmayaydı, amma mütləq bu amma olur. Bəzi sürücülər polisin xeyir-duası ilə bu qaydalara əməl etmir, polisin haqqını verib istədiyi yerdə müştəri gözləyir.
İş o yerə çatıb ki,ətrafdakı çayxanaların həyətləri də taksilərə parqlama yeri olub. Bu elə-belə deyil. Çayxananın girəcəyindəki zəncir açılır, maşınlar ağacların arasında yerləşir və sürücülər müştəri toplayır.Maşın dolanda sürücü qıraqda haqqını gözləyən polisə və çayçının əməkdaşına bir manatını verib yola düşür.Və beləcə davamlı olaraq insanların gözləri qarşısında polisin bu haqsızlığı baş verir. Bu da polisin Xalqı,milləti,vətəndaşı təhqir etməsi, onu saymamasıdır.Buna görə də polis insanların bərabərlik hüququnu pozduğuna görə cinayət məsuliyyətinə cəlb olunmalıdır. Olunurmu? Qətiyyən yox.Çünki ona bu qanunsuzluğu eləməyi yuxardakı tapşırıb.
Metronun Tblisi prospektinə çıxan tərəfindəki Ailə və Sağlamlıq Mərkəzindəki nəzarətcilər xəstələrini yoluxmağa gələnlərin qabağını Ərəbizəngi kimi kəsməklərinə baxmayaraq, həyətə daxil olan takisiləri çox hörmət, izzətlə qarşılayırlar.Axı hər maşından bir manar almaq heç də pis deyil. Gündə də bura girib sərnişin toplayan maşınlar 50-60 civarındadır. Bəlkə də daha çoxdur.
Metronun başqa bir tərəfində- H. B. Zərdabi küçəsi tərəfdə isə vəziyyət daha dözülməzdir. Burada cənub tərəfə sərnişin daşıyan maşınların əlindən tərpənmək olmur. Hətta burda maşınların girişini, çıxışını (təbii ki, sərnişinlə) nizamlayıb pul yığmaq üçün də xüsusi adam ayrılıb. Yəqin ki, bu da polisin "biznes"inə aiddir. Yoxsa sürücülər burda vətəndaşların əl-ayağına belə dolaşmazdılar.
Şəhərimizin sakinləri və qonaqları 20 yanvar körpüsünün altında gün boyu durub oradan keçən vətəndaşları yeraltı keçiddən keçmədiyinə görə soyan iki polis nəfərini görməmiş olmazlar. Mən onları ona görə soyğunçu adlandırıram ki, onlar vətəndaşların ən adi rahat getmək, yerimək hağğını əlindən alanlara yardımçı olur, haqq qazandırırlar. Niyə? Ona görə ki, düşüncələri, xalqla davranmaları, insanların hüquqlarını qorumaqları ora qədərdir. Bu yerdə vətəndaş da ən adi vətəndaşlıq hüququnu bilmir. Elə ona görə də başına min oyun açırlar.
Hər bir sadə insan (bəzi məmurları bura qatmıram, ona görə ki. onlar heç vaxt qanunun aliliyini qorumayıblar) bacardığı qədər çalışır ki, yaşadığı, vətəndaşı olduğu ölkənin qanunlarını uca tutub ona əməl etsin, nəyinki bilə-bilə, gözgörəti şürlu sürətdə özünü təhlükəyə atsın. Amma gəlin görək qanunları məcburən pozmağa, həyatımızı təhlükəyə atmağa bizi kim və kimlər məcbur edir? Təbii ki, yuxardakılar, iri çaplı məmurlar, pullular, anayasanı tanımayanlar, harınlaşıb qudranlar, Allaha bəndəlik etməyib qanundan,qadağadan qorxmayanlar. Bunlar son illər ölkədə o qədər artıblar ki, onların ucbatından on minlərlə sayseçmə, intellektual səviyyəsi, elmi, bacarığı yüksək olan on minlərlə insan papağını götürüb ölkədən çıxıb dərbədər olub.
Hər bir insan bilir ki,qabağa, irəliyə getmək üçün yolun ancaq sağını tutmaq, onunla getmək lazımdır. Amma çox təəssüf ki, bu bizdə mümkün deyil.Vətəndaşların hər zaman rastlaşdığı adi bir misal çəkim: 20 yanvar metrosundakı yeraltı keçiddə sən sağla öz yolunla gedirsən və qəfildən qabağındakı adamların gözü rəfdə bir paltara sataşır və onu almaq, baxmaq üçün dayanırlar. Sən sola keçirsən soldakılara ilişirsən,bu an onlar sola keçir və iri bir tıxaç yaranır, hamı bir-birini acılayır, hamının qanı bir anda olur it qanı.Amma heç kim dar keçidə ticarət obyekti yaradanı söymür, yamanlamır. Bilir ki, bu məmləkətdə qanunlar ancaq vəzifəliləri və pulluları qoruyur. Sən də keçidi zülümnən çıxandan sonra ha tərəfə gedəcəyini unudursan.Artıq sağını solunu keçiddə itirmisən. Yenidən yaddaşını özünə qaytarmaq üçün evə gedəndə müvəqqəti olaraq sağ ovcuna soğan, sol əlinə sarmısaq bağlayırsan.
Aradan aylar keçir və sən 20 yanvar yeraltı keçidindən bir müddət keçmirsən, huşun, yaddaşın da yerinə qayıdır və Tanrıya şükür edirsən ki, bir də yönün o tərəflərə düşməsin.
İnsanın rahat, sağlam yaşaması üçün ona birinci növbədə əsəblərini qorumaq lazımdır. Amma biz əsəblərimizi qoruya bilmirik. Daha doğrusu buna imkan verməyənlər var.Məyər Tanrı sadə adamları bəzi üzdəniraqların mənəm-mənəmliyinin əzablarına dözmək, boyun əymək üçünmü yaradıb?!
Bir məmurun əsəblərini, səbrini yoxlamaq üçün yarım saatlığına onu metronun çıxışına qoyaq və buna hansı formada reaksiya verməyinə diqqət yetirək.Vallah, billah, burdakı bağırtını, çığırtını eşidib həmin məmur havalanmış kimi başını tutub burdan ilim-ilim itər və bir də ömründə bu ətrafa ayaq basmaz. Bəz biz yazıq sadə camaata bu nə zülümdür verirlər? Bunu Allah götürməz axı!
Hərdən hansısa məclisdə kiminsə ucadan danışdığını görüb ona iradımızı, narazılığımızı bildiririk ki,bir az yavaş danış, bazarda, meşədə deyilsən! Deməli bizə görə ən səsli-küylü yer bazardır, meşədir. Doğrudur 20 yanvar metrosunun ətrafında nə meşə (bir-iki ağac var idi onu da kəsib yerində iaşə və ticarət obyektləri tikdilər), nə də bazar var. Ancaq meşədən də, bazardan da betərdir. Bura gələndə gərək qulaqlarına tıxamaq üçün özünlə bir kq da pambıq gətirəsən. Şükür, bu il də pambıq qabaqkı illərə nisbətən çoxdur. Burdakı narazılıq səs-güydən, polislərin maşınla vıy-vıyla sağa-sola çapmasından, sıxlıqdan, basabasdan olmaqla bitsəydi bir elə də söz-söhbətə səbəb olmazdı. Onsuz da biz buna öyrəncəliyik. Başımızı aşağı salıb, yuxarıların çaldığı hər havaya oynayırıq. Burda antisanitarya da ayaq açıb yeriyir. Hər tərəf zibil içərisindədir. Bəlkədə son illərdə burda təmizlik, səliqə-səhman görən olmayıb.
Tez-tez yuxarıdakılar efirlərdən bar-bar bağırırlar ki,bizdə insan hüquqları qorunur, dəyərləndirilir. Biz demokratik ölkəyik. Hər kəsdə ölkədə olan əmin-amanlıqdan, firəvanlıqdan, stabillikdən razıdır. Təki belə olsun.İstəməyin gözü çıxsın. Amma gördüklərimiz, rastlaşdıqlarımız tamam başqa şey deyir. Vətəndaş adi yeraltı keçiddən rahat keçə bilmirsə, piyada getməyə səki tapmırsa, avtobusa basabasla minirsə, dəqiqə başı tıxaca düşürsə, əsəbləşib xəstəliyə tutulursa, qanı it qanına dönürsə, üzü gülüb, eyni açılmırsa və s. hansı hüquqdan danışmaq olar?! Mən sadaladıqlarım vətəndaşın ən balaca hüquqlarıdır. O birilərdən danışmaq istəmirəm. Çünki onlar nə dəfdərə, nə də kitaba sığandır.
İnsanın ən böyük bədbəxtliyi güzgüdə özünü olduğu kimi görməməsidir.Və yaxud görmək istəməməsidir. Biz özümüzü güzgüdə görməyən millətik.
Məhərrəm Şəmkirli