Son 100 il Türkiyəsinin hərbi müdaxilələr tarixi
Türkiyənin son yüzillik tarixi dövlətə qarşı hərbi müdaxilələr, çevrilişlər, qiyamlar və bənzər hadisələrlə doludur.
Xeberinfo.com: Bu zaman kəsiyində baş verən belə qarşıdurmalar bəzən yüksək rütbəli zabitlərin öz təşəbbüsləri ilə, bəzən isə xalqın iradəsini əks etdirərək meydana çıxmışdır. Mövcud hökumətlərə qarşı planlanan bu aksiyalardan bəziləri idarəçiliyi dəyişməklə başa çatmış, bəziləri isə yalnız hökumətə xəbərdarlıq edilməklə qalmışdır. Bəhs etdiyimiz 100 ilin tarixə damğasını vuran hərbi müdaxilələri və müdaxilə cəhdlərinin qısa xronologiyası ilə siz də tanış olun…
1913- Bab-ı Ali Basqını
Bu hadisə Müasir Türkiyə tarixinin ilk qiyamı olaraq qiymətləndirilməkdədir. Hadisələrin baş verdiyi tarixdə Balkan savaşlarında yaşanan məğlubiyyət xalqın və ölkənin başında duranlara müxalif şəxslərin sinirlərini gərmişdi. Bolqarlar lap içərilərə, Ədirnəni alacaq mövqeyə qədər gəlib çıxmışdılar. Sarsılmış və qəzəblənmiş xalq ölkənin bu duruma gəlməsində Sədrəzəm Kamil Paşa hökumətini günahkar tuturdu. Bu qəzəbin sonucu olaraq, “Ittihad və Tərəqqi” təşkilatının rəhbərliyi ilə qiyam hazırlıqları başladı. 1913-ci il 23 yanvar günü o zamanlar minbaşı olan Ənvər bəyin başçılığı altında hökumət binası Bab-ı Aliyə basqın edildi. Basqın zamanı o dövrün Hərb naziri Nazim Paşa öldürüldü. Sədrəzəm Kamil Paşaya isə zorla istefa məktubu imzalatdırıldı. Məktubu padşah V.Məmməd qəbul etdi. Yeni Sədrəzəm isə dövrün nüfuzlu şəxslərindən sayılan Mahmud Şövkət Paşa oldu.
“Ittihad və Tərəqqi” I Dünya müharibəsində Osmanlı Imparatorluğunun məğlubiyyətinə qədər 5 il 268 gün iqtidarda qaldı. Iqtidar dönəmi qarışıq hadisələrlə dolu olan təşkilat 1918-ci il sonlarında dağıldı.ÿOnun ən önəmli üç üzvü – Tələt bəy, Ənvər bəy və Camal bəy Avropaya mühacirət etdi.
“Gənc Zabitlər üsyanı”
1946-cı ildə çoxpartiyalı sistemə keçdikdən sonra Türkiyəni yüksək bir səslə iqtidara gələn (1950-ci il) Demokrat Partiyası idarə edirdi. Ilk illərdə hökumət idarəçiliyi ilə bağlı heç bir problem yaşanmadı. Amma iqtidarın ikinci dövründən sonra, başda universitet tələbələri olmaqla, xalqın bir çox təbəqələri həyata keçirilən yanlış siyasətə qarşı çıxmağa başladı. Xalqı qəzəbləndirən əsas məsələ insanlara qarşı təzyiqlərin artması, senzura siyasətinin tətbiqi, bununla Atatürk qanun və inqilablarından uzaqlaşma idi. Bu narazılıq nəticəsində 1960-cı il 27 may gecəsi hökumətin idarəçiliyinə qarşı hərbi müdaxilə baş verdi. Müdaxiləni 37 zabit planlaşdırmışdı. Bu hadisə sonralar “Gənc Zabitlər Ihtilali” olaraq tarixə keçdi. Müdaxilə zamanı General Camal Gürsel hərəkatın başına keçdi. Prezident Cəlal Bayar və Baş nazir Adnan Menderes həbs olundular. 1961-ci ildə yeni konstitusiya qəbul edildi, Yassıadada mühakimə olunan Adnan Menderes və bir çox siyasi simalara edam cəzası oxundu. Cəlal Bayara isə yaşı səbəbiylə ömürlük həbs verildi.
22 fevral Qiyamı
Bu hadisə Hərbi Məktəbin Komandiri Tələt Aydemirin, o il Hərbi Məktəbdən məzun olacaq 600-ə qədər tələbəni yığaraq son günlərdə yaşanan hadisələri anlatması ilə başlanıb. 1962-ci ilin 20 fevral günü Hökumət və Baş qərargah müəyyən birlik komandirlərinin sürətli yerdəyişməsinə və onların həbsə alınması əməliyyatlarına başlamışdı. Bu səbəbdən, hərbi məktəb tələbələri komandirlərini təslim etməmək qərarı verərək, 22 fevral tarixində bir müqavimət aksiyasına başladılar. Tələt Aydemir və yoldaşlarının bu dirənişi nəticə vermədi. Onun bu kadr dəyişikliklərinin və həbslərin dayandırılması istiqamətindəki israrını Ismət Inönü qəbul etmədi. Sonda Aydemir həbs edildi, tələbələr isə öz məmləkətlərinə göndərildi.
12 Mart 1971-ci il ultimatumu
1969-cu il seçkilərindən sonra Süleyman Dəmirəlin rəhbərliyindəki Ədalət Partiyası iqtidara gəldi, Cümhuriyyət Xalq Partiyası isə ana müxalifət mövqeyində qaldı. Lakin 1968-ci ildən başlanan anarxiya və terror hadisələri ölkəni gündən-günə çökdürməkdə idi. Tez-tez ortaya çıxan tələbə hərəkatlarına qarşı polis ilə universitet tələbələri arasında qarşıdurmalar yaşanırdı. Təhlükəsizlik sahəsində özünü göstərən bu boşluqların yaşandığı qarmaqarışıq mühit ordunun müdaxiləsini hazırlayan təməl faktorlardan biri oldu.
Nəticədə, 12 mart 1971-ci il tarixində Baş Qərargah rəisi Memduh Tağmaç, Quru Qüvvələri komandanı Faruk Gürler, Dəniz Qüvvələri komandanı Cəlal Eyiceoğlu və Hava Qüvvələri komandanı Muhsin Batur Prezideni Cevdet Sunaya bir ultimatum verdi. Məktubda hökumətin istefası tələb olunurdu. Bunun üzərinə Baş nazir Süleyman Dəmirəl istefasını təqdim etdi. Yeni qurulacaq hökumət üçün CHP Kocaeli Millət vəkili Nihat Erim Baş nazir seçildi. 26 mart günü o, CHP-yə istefasını təqdim edərək, müstəqil bir baş nazir kimi kabineti qurdu.
1980-ci il Hərbi müdaxiləsi
1971-ci il memorandumu tam olaraq məqsədinə çata bilməmişdi. Ölkədəki terror, anarxiya və milli təhlükəsizliyi təhdid edən ünsürlərin qarşısını almaq mümkün olmamışdı. Beləliklə, 1972-ci ildə başda Deniz Gezmiş olmaqla, bəzi inqilabçıların edamı ilə bağlı hadisələr daha da alovlanmış, silahlı qarşıdurmalar artmışdı. Ölkədə az qala hər gün bir bomba partlayır, bir çayxana gülləbaran edilirdi. Universitetlərdə sağ və sol fikirli gənclərin qarşılıqlı hücumları dayanmırdı.
1979-cu ildə çevrilişin ayaq səsləri özünü göstərməyə başladı. 19 iyul 1980-ci il tarixində Nihat Erimin sui-qəsdə məruz qalması da hadisələrin dönüş nöqtəsi oldu. Nəticə etibarilə, 12 sentyabr 1980-ci il gecəsi Türk Silahlı Qüvvələri nizamlı bir şəkildə dövlət rəhbərliyinə əl qoydu. Səhərə yaxın Baş Qərargah rəisi Kənan Evrenin Qiyam Bildirişi televiziyalar vasitəsilə yayıldı. 1961-ci il konstitusiyası qüvvəsini itirmiş sayıldı və bütün siyasi partiyalar bağlanıldı. 1982-ci ildə Türkiyə Respublikası tarixini dəyişdirəcək yeni bir konstitusiya hazırlandı.
“28 fevral sürəci”
Bu, Nəcməddin Ərbakanın baş nazir, Tansu Çillərin isə Xarici işlər naziri olduğu 28 fevral 1997-ci il tarixində toplanan Milli Güvənlik Kurulunun irticaya qarşı başlatdığı bir aksiyadır. Əsasən, ordu və bürokratik çevrələri əhatə edən bu müddət köhnəliyə zərbə aksiyası kimi meydana çıxmışdı. Bu dövr əsasən “geriçiliklə” mübarizəyə həsr olunmuş, hicab qadağan edilmiş, bir çox şagird və ictimai personal hicablı olduqları üçün dövlət təşkilatlarından uzaqlaşdırılmışdır. “Irticayla mübarizə aksiyası planı” ilə xatırlanan bu müddətdə verilən qərarların və sanksiyaların həyata keçirilməsinə nəzarət etmək üçün Qərb Iş Qrupu qurulmuşdu. 28 fevral prosesinin mühakimə olunması üçün daha sonra Ergenekon davaları prosesi başlamışdır.
27 aprel e-ultimatumu
27 aprel 2007-ci il tarixində saat 23:20-də Baş Qərargahın yaydığı mətbuat açıqlaması ilə Türkiyə Respublikası dövlətinin, başda dünyəvilik olmaq üzrə, təməl dəyərlərinin aşındırılmaqda olduğu bəyan edilmişdi. Ictimaiyyətdə hakim olan fikir belədir ki, bu, mətbuat açıqlaması ilə bir ultimatum mahiyyəti daşıyırdı və internet vasitəsilə edildiyi üçün “e-ultimatumu” adı verilmişdir.
15 iyul 2016-cı il çevriliş cəhdi
Hamının şahid olduğu bu hadisə 15 iyul 2016-cı il tarixində saat 22.00 radələrində Istanbuldakı boğaz körpülərini əsgərlərin qapatması ilə baş verdi. Paytaxt Ankarada F16 təyyarələrinin aşağıdan uçuşları və vertolyot səslərinin duyulmasıyla gərginlik artdı. Istanbul və Ankara başda olmaq üzrə bir çox şəhərdə tanklar küçələrə çıxdı. Başda prezident Rəcəb Tayyib Ərdoğan olmaqla, Baş nazir Binəli Yıldırım, keçmiş prezident Abdulla Gül və hazırkı nazirlər sosial şəbəkələrlə xalqı küçələrə çıxmağa çağırdı.
Xalq bu çağırışla meydanlara axın etməyə başladı. Bəzi vətəndaşlar tankların qarşısını kəsdi və dayandırılmış tankların üzərinə çıxdı. Əsgər, polis və vətəndaş arasında yaşanan bu gərginlik səhər 06.00 radələrində Boğaziçi körpüsü üzərindəki əsgərlərin silahı buraxmasıyla yumşaldı. Ancaq gecə boyunca çox sayda mülki əhali, əsgər və polis şəhid oldu. Yaşananlar isə yenə Türkiyə tarixinin acı hadisələri arasında yer aldı.
Hazırladı: Mirəli