Həkimlər niyə Almaniyaya üz tutur? - SOS
Son illər işləmək üçün Almaniyaya üz tutan həkimlərin sayı durmadan artmaqdadır.
Xeberinfo.com: Bu, əslində heç də asan proses deyil. Onlar əvvəlcə German qrup dilləri içərisində demək olar ki, ən çətini olan Alman dilini mükəmməl səviyyədə (C1) öyrənməli, Almaniyanın Höte İnstitunun yerlərdəki mərkəzlərindən birində imtahan verməli və sertifikat almalıdırlar.
Sonra isə bu ölkənin klinikalarından birinə müraciət edib (internet inkişaf edəndən bu proses bir qədər asanlaşıb), əvvəlcə təcrübə keçmək üçün icazə almalıdırlar. Uzun müddətli təcrübələrdən sonra bu ölkədə iş tapmaq mümkün ola bilər. Amma bu da kifayət qədər məşəqqətli prosesdir. Ev kirayələmək, xarici ölkədə yaşamaq böyük xərclər deməkdir.
Hər dörd nəfərdən üçü...
ZDS Alman Dili Mərkəzinin rəhbəri Mikayıl Əsgərov Qaynarinfo.Az-a bildirib ki, kursa gələnlərin yarıdan çoxunu həkimlər və Azərbaycan Tibb Universitetinin tələbələri təşkil edir. M.Əsgərov deyib ki, kursu bitirənlərdən hazırda Almaniyada işləyən və ya təcrübə keçənlərin sayı 100 nəfərdən çoxdur. Mərkəz rəhbəri əlavə edib ki, onların Almaniyaya üz tutmalarına səbəb “daha keyfiyyətli iş yeri və daha etibarlı həyat tərzi, fərdə verilən dəyər”dir.
Alman dili hazırlıq kurslarında müəllim işləyən Vəfa Sadıqova da Qaynarinfo.Az-a bildirib ki, alman dilini öyrənənlərin sayı durmadan artır: “Səbəb insanların Almaniyada bakalavr və magistr təhsilini almaq, hər hansı sahə üzrə təcrübə keçmək, ailə birləşmələri, Almaniyada yaşayıb işləmək istəkləridir. Ən çox tibbi təhsil alanlar, tibb sahəsində çalışanlar alman dilinə müraciət edirlər. Səbəb isə tibb təhsilini başa vurduqdan sonra rezidentura keçmək, eyni zamanda Almaniyada Uniklinikalardan birində təcrübə keçmək, yaxud seçdikləri sahə üzrə almandilli ölkələrdən birində qalıb çalışmaqdır”.
V.Sadıqova deyib ki, hazırladığı hər 4 nəfərdən 3-ü həkim və ya həkim-tələbədir: "Tələbələrin çoxu artıq Almaniyada klinikalarda təcrübə keçirlər. Əlbəttə, onlardan bəziləri gələcəkdə orada işləməyi də düşünürlər”.
Azərbaycan Tibb Universitetinin məzunu, rezidenturada calışan Aysel Məmmədova Qaynarinfo.Az-a deyib ki, artıq bir ildir alman dilini öyrənir: “2015-ci ildə Azərbaycan Tibb Universitetini bitirmişəm. Həmin ildə rezidenturaya qebul olmuşam. Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda həkim-rezident kimi işlıyirəm. Artıq bir ildir ki, alman dilini öyrənirəm. Məqsədim Almaniyaya gedib, orda bir müddət işləyib, təcrübə yığmaqdır. Təbii ki, bir müddət sonra öz vətənimə dönüb, burda isləmək istəyirəm. Almaniyaya getməkdə məqsədim tibbi təcrübələrimi genişləndirmək, yəni metodlar öyrənmək və bunununla da vətənimə xidmət etməkdir”.
Tibb Universitetinin tələbəsi Fəridə Abdullayeva isə deyib ki, təhsilini Almaniyada davam etdirmək istəyir: “Hazırda Almaniyada klinikalardan birində təcrübə keçirəm. Təcrübəm bitəndən sonra Azərbaycana qayıdacağam. Ancaq təhsilimi davam etdirmək üçün mütləq yenidən Almaniyaya qayıdacam”.
F.Abdullayeva bildirib ki, vətənə xidmət etmək istəyir: “Əlbəttə, hər bir insan ilk növbədə öz həmvətənlərinə xidmət etmək istəyir. Amma bəzi məsələlər var ki, onlar adamın qarşısını kəsir”.
Almaniya ölkəyə həkim cəlb etmək istəyir...
Bəs həkimlərimizi Almaniyaya üz tutmasının yaxşı və pis tərəfləri hansılardır? Bu, gələcəkdə Azərbaycan səhiyyə sistemində onsuz da yaxşı vəziyyətin daha da pisləşməsinə gətirib çıxarmayacaqmı?
Azərbaycan Miqrasiya Mərkəzinin prezidenti Əlövsət Əliyev Qaynarinfo.Az-a açıqlamasında Almaniyada hazırda həkimlərin təhsili və təcrübə mübadiləsi ilə bağlı mühüm beynəlxalq proqramın - “German Doctor Exshange” layihəsinin icrasına başlanıldığını deyib: “Almaniyada həkimlər ən yüksək əmək haqqı alın qrupa daxildirlər və kifayət qədər də ictimai nüfuz sahibdirlər. Belə ki, həkim kimi Almaniyada işləyən şəxsin aylıq əmək haqqı minimum 4000 avrodur. Müvafiq olaraq bu ixtisasa sahib olanlar İngiltərədə minumum 6.000, İsvecdə 6.300, ABŞ-da 13.000 əmək haqqı alır. Almaniyadan yuxarıda adı cəkilən ölkələrə hər il üç mindən çox həkim gedir. Təbii ki, hamı kimi həkimlər də daha çox əmək haqqı axtarışındadılar”.
Ə.Əliyev deyib ki, Almaniya hökuməti ölkədə həkimlərin sayının azalmasından narahatlıq keçirir. “Almaniya Federal Tibb Palatasının məlumatına görə 2017-ci ildə 17.827 nəfər klinikalarda işləyən həkim, 31 müstəqil tibb müəsisəsində çalışan həkim, 30 min isə ailə həkimin təqaüdə çıxması gözlənilir. 2017-ci ildə tibb ixtisası üzrə təhsil alan 63.300 nəfər təhsili başa vurub mütəxəssis kimi fəaliyyətə başlayacaq. Bu hələ o demək deyil ki, tibb təhsilini başa vuranların hamısı Almaniyada qalacaq və həkim kimi fəaliyyət göstərəcək. Tibb Palatasının məlumatına görə, 2017-ci ildə ölkədə həkim ixtisası üzrə 20 min vakansiya olacaq. Bu isə kifayət qədər böyük rəqəmdir”.
AMM rəhbərinin sözlərinə görə, hökumət bu vəziyyətdən çıxış yolunu 2012-ci ildən fəaliyyətinə start verilən “German Doctor Exshange” layihəsini icra etməkdə görür: “Bu layihəyə görə hazırda xaricdən olan həkimlər Almaniyada təcrübə kecirlər. 2014-cü ildən başlayaraq Rusiya, Qazaxıstan, Belarus və Ukraynadan həkimlərin qəbuluna başlanılıb. Layihə həkimlərə ən müasir avadanlıqlarda işləmək və ixtisasını artırmaq ücün əla şans verir”.
Ə.Əliyevin sözlərinə görə, Almaniya Feredativ Respublikasının mövcud tibb müəssisələrində 439.827 nəfər həkim fəaliyyət göstərir: “Onlardan 25 min nəfərini əcnəbilər və ya əcnəbi əsilli şəxslər (yəni sonradan Almaniya vətəndaşlıgını əldə edənlər) təşkil edir. Son 10 ildə təkcə Rusiyadan iki mindən çox həkim Almaniyaya gəlib və ixtisası üzrə fəaliyyət göstərir. "German Doctor Exchange" Rusiya, Belarus, Ukrayna və Qazaxıstanda tibbi təhsili alan, internaturanı və ya ordinaturanı bitirən şəxslərə şamil olunur. Almaniyada həmin şəxslərin həkim kimi sərbəst fəaliyyətinə təxminən 7 il sərf olunacaq.
Müsabiqədə iştirak etmək istəyənlər adları cəkilən ölkələrin vətəndaşları olmalıdır. Proqrama başlamaq üçün onlara alman dilini bilmək vacib deyil. Proqramda iştirak etmək üçün seçilmiş şəxslərin təhsili, Almaniyada yaşaması, dil öyrənməsi 6 ildən cox müddət alır. Bu müddət ərzində iştirakçının bütün xərcləri proqram tərərəfindən ödənilir”.
Azərbaycan isə bu proqrama düşməyib
Ə.Əliyev deyir ki, bu məsələ Səhiyyə Nazirliyinin diqqətinə catdırılmalı və Azərbaycanın bu proqrama qoşulmasına cəhdlər olunmalıdır: “Azərbaycandan son illərdə Almaniyaya həkim kimi gələnlərin sayı diqqəti çəkəcək qədər coxdur. Lakin onların dəqiq sayı nə özlərinə, nə Azərbaycan Səhiyyə Nazirliyinə, nə də başqa bir orqana məlum deyil. Fikrimizcə, ölkəmizin belə faydalı beynəlxalq proqramda iştirakına cəhdlər olunmalıdır. Həkimlərin xarici ölkələrdə təcrübə keçməsinin qarşısını almaq düzgün deyil. Əksinə, həkimlərimizin inkişaf etmiş ölkələrdə təcrübə keçməsinə və vətənə dönüb işləməsinə şərait yaratmaq lazımdır ”.
Bəs, “beyin axını” Azərbaycanda savadlı həkim qıtlığı yaratmayacaqmı?
AMM rəhbəri deyib ki, istər həkimlərin, istərsə də başqa ixtisaslı şəxslərin ölkədən getməsinin qarşısını almaq üçün onlara şərait yaratmaq lazımdır: “Bu insanlar Azərbaycanda pulsuz təhsil alıblar. Dövlət hər birinə xərc cəkib. İndi isə Almaniyada calışan həkimlərimizin sayı yüzlərlədir. Onların arasında hətta səhiyyə sistemində vəzifə tutan insanlar da var. Onlardan bir necəsi ilə əlaqə saxladım. Hər biri Azərbaycanda səhiyyə sisteminin perspektivsiz olduğunu qeyd edirlər”.
Professor Adil Qeybulla isə bildirib ki, Azərbaycanda rezidentura sisteminə keçilsə də, rezidentləri hazırlamaq üçün şərait yoxdu: "Azərbaycanda rezidentləri hazırlamaq üçün qətiyyən şərait yoxdur. Rezidentura tamamilə başqa bir sistemdir. Bu, öyrənci sistemidir. İcbari tibb sığortası olmayan ölkədə rezidentura ola bilməz. Ona görə də tələbələr Türkiyəyə, Almaniyaya öyrənmək üçün gedirlər. O ki qaldı, onların Azərbaycana qayıtmalarını təmin etmək, burada onlara adekvat şərait yaratmaq lazımdır”.
A.Qeybulla bunun üçün sürətli səhiyyə islahatlarının vacibliyini vurğulayıb: “Mütləq tibbi sığorta həyata keçirilməli, həkimlərin əmək haqqısı artırılmalı, həkimlə xəstə arasında olan neqativ münasibətlərin aradan qaldırılması üçün tədbirlər görülməli və səhiyyə islahatları sona çatdırılmalıdır. Səhiyyəyə investisiyalar artırılmalıdır. Məsələn, 2015-ci ildə Amerikada Federal büdcə 3 trilyon olubsa, səhiyyəyə ayrılan xərclər 4 trilyon olub. Yəni, təkcə səhiyyə xərcləri Amerika kimi bir super dövlətin bütün büdcəsindən çox olub. Səhiyyə bu halda səhiyyə olur. Yoxsa, 3-5 manatla səhiyyəni inkişaf etdirmək mümkün deyil”.