Kənd təsərrüfatının inkişafına həsr olunan müşavirə keçirildi -Füzulidə (FOTOLAR)
Xeberinfo.com: Horadiz şəhərində Heydər Əliyev Mərkəzində Prezidenti cənab İlham Əliyevin Fərmanı ilə təsdiq edimiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”ndə qarşıya qoyulmuş vəzifələrə həsr olunan müşavirə keçirildi. Müşavirədə rayon İcra Hakimiyyətinin başçısı Aparatının məsul işçiləri, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, ərazidəki icra nümayəndələri, bələdiyyə sədrləri, kənd təsərrüfatı üzrə mütəxəssislər, taxıl, pambıq, barama istehsalçıları, ictimaiyyət nümayəndələri iştirak etmişdir.
Müşavirəni rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev açmış, Prezident cənab İlham Əliyevin respublikada kənd təsərrüfatının inkişafı, yerli istehsalın artırılması, idxaldan asılılığın azaldılması, əhalinin məşğulluğunun yüksəldilməsi barədə tapşırıqlarının Füzuli rayonunda icra olunması barədə danışmışdır. Bildirmişdir ki, ölkə başçısının kənd təsərrüfatı ilə bağlı təsdiq etdiyi Strateji yol xəritəsinə uyğun olaraq rayonda hər biri 1000,0 ha olan 4 iri taxılçılıq təsərrüfatı yaradılıb, 2700,0 ha torpaq sahəsi isə Nazirlər Kabinetinin qərarı ilə rayonda yaradılacaq Aqroparın istifadəsinə verilib. Eyni zamanda rayonda taxıl istehsalçılarını yüksək keyfiyyətli toxumla təmin etmək üçün 500,0 ha torpağın Azərtoxum-a verilməsi istiqamətində iş aparılır. Horadiz-Arayatılı avtomobil yolunun sağ hissəsində 10 ha sahədə müxtəlif kənd təsərrüfatı məhsulları istehsal edən istixana kompleksinin və Üçüncü Zobucuq qəsəbəsində kənd təsərrüfatı məhsullarının istehsalı üçün Bazarın tikintisi isə başa çatmaq üzrədir.
Alı Alıyev bildirib ki, rayonda ənənəvi təssərrüfat sahələri olan pambıqçılıq və baramaçılığın inkişafı da diqqət mərkəzindədir. Bu il rayonda 2000 hektar sahədə pambıq əkilməsi üçün yerlər müəyyənləşdirilib, pambıq istehsalçıları ilə müqavilələr bağlanılıb, payız şumu aparılıb. Rayonda 30 tona yaxın barama istehsal olunması nəzərdə tutulub. Artıq bu məqsədlə rayonda 50 minə yaxın çəkil ağacı əkilmiş, ipəkqurdu saxlayacaq kümçülər müəyyənləşdirilmişdir. Biz ərazidə yaşayan əhalimizin məşğulluğunu pambıqçılıq, baramaçılıq, taxılçılıq, heyvandarlıq və kənd təsərrüfatının digər sahələri hesabına təmin etməliyik.
Ölkənin ərzaq təhlükəsizliyinin təmin olunmasında strateji əhəmiyyət daşıyan taxılçılığın inkişafına da ciddi diqqət yetirilir. 2016-2017-ci təsərrüfat ilində rayonda 36082 ha ərazidə taxıl əkini aparılıb ki, bunun da 24838 hektarı buğda, 11244 hektarı isə arpadır.
Alı Alıyev qeyd edib ki, rayon sakinlərinin həyatyani və pay torpaqlarından səmərəli istifadə etməsi, kənd təsərrüfatı məhsullarına, o cümlədən bostan-tərəvəz məhsullarına olan təlabatlarını yerli istehsal hesabına ödəmələri də ciddi diqqətdə saxlanılmalıdır. Həyətyani torpaq sahələrində kartof əkininə başlanılıb, bostan-tərəvəz məhsullarınını yetişdirilməsi üçün isə işlərə başlanılıb.
Müşavirədə çıxış edənlər bildiriblər ki, füzulili məcburi köçkünlər ölkə başçısının kənd təsərrüfatı ilə bağlı təsdiq etdiyi Strateji yol xəritəsinə uyğun olaraq yerli istehsalın artırılması, idxaldan asılılığın azaldılması, ekoloji təmiz kənd təsərrüfatı məhsulları istehsal olunması, əhalinin bu sahələrin hesabına məşğulluğunun təmin olunması barədə verdiyi tapşırıqları yüksək qiymətləndirdiklərini bildiriblər.
Sonda Alı Alıyev Ölkə başçısının kənd təsərrüfatı ilə bağlı təsdiq etdiyi Strateji yol xəritəsində göstərdiyi istiqamətlərdən irəli gələn vəzifələrdən danışdı, aidiyyəti təşkilatlara tapşırıq və tövsiyyələrini verdi.