AHİK-lə bağlı İLGİNC İDDİALAR - Turniketlər axşam saatlarında niyə söndürülür?
Bəzən böyük və dəbdəbəli tədbirlər kənardan “nəhəng iş” kimi görünsə də, bunun arxasında hansı qanunsuzluqların gizləndiyindən xəbərsiz oluruq…
Yenixeber.org: Bu zaman isə nəhəng işlərlə gündəmə gələn bəzi dövlət qurumlarının yarımçıq fəaliyyətləri pərdələnir. Elə son vaxtlar bir çox möhtəşəm tədbirlərin təşkili və keçirilməsi ilə gündəmə gələn Həmkarlar İttifaqları Konfederasiyası da öz kiçik səhvlərini böyük işlər altında ört-basdır etməyə səy göstərən qurumlar sırasındadır. Hərçənd onların əməllərinin nə qədər kiçik olduğunu söyləməyin özü də mübahisəlidir. Çünki yanlışlıqların miqyası olduqca böyükdür. Konkret.az-a daxil olan məlumatlar belə düşünməyə vadar edir.
Əfsuslar olsun ki, Konfederasiya üzvlərinin əmək hüquqlarını kobud şəkildə pozmaqla məşğuldur. Şərqdə ilk kollektiv müqavilənin yubileyini qeyd edən AHİK 120 il geri qayıdaraq 8 saatlıq iş rejimini 10-12 saata çatdırmaq üzrədir. Bununla da Konfederasiya yeni “mazut konstitusiyasını” dirçəldib desək, yəqin ki, yanılmarıq. Hərçənd AHİK bütün işçilərin hüquqlarını qoruyan, onların problemlərini qabardan bir qurumdur. Ancaq öz işçisinin hüququnu tapdalayan bir qurumdan başqasının haqlarını qorumasını gözləmək də sadəlövhlükdür. Digər tərəfdən, AHİK-in girişində olan turniketlər səhər saatlarında çalışsa da, axşam saat 18:00-dan sonra nədənsə söndürülür. Bu sirri aça bilməsək də, yəqin AHİK-in yeni rəhbərliyinin bildiyi bir nəsnə vardır. Əks halda gündüz işləyən turniketlər niyə axşam saatlarında söndürülsün ki?!
Amma bugünkü mövzumuz turniketlərin işləyib-işləməməsi deyil, daha çox AHİK-in həssas kateqoriyadan olan insanlara biganə münasibəti ilə bağlıdır. Görünür, təzə rəhbərliyin başı tədbirlərin təşkilinə qarışdığı üçün təşkilatın fəaliyyətində prioritet olan əsas məsələlər nəzərdən yayınıb. Məsələn, bu yaxınlarda tarixi memarlıq qoruğu olan, şəhərimizin turistik məkanı sayılan İçərişəhərdə “Kurort” turizm informasiya və hüquqi yardım mərkəzləri fəaliyyətə başlayıb. Ancaq maraqlısı odur ki, adıçəkilən mərkəzlərdə həssas təbəqədən olan insanların rahatlığı nəzərə alınmayıb. Belə ki, burada əlillərin maneəsiz və rahat hərəkəti üçün heç bir şərait yaradılmayıb, onların məmnunluğu nəzərə alınmayıb. Hərçənd, istehsalatda zədə alan və əlil olan vətəndaşların daha çox xüsusi qayğıya ehtiyacı var.
Konfederasiya isə əlilləri sadəcə statistik məlumatları və ya tədbirlərdə zalı doldurmaq üçün yada salır. Real əməldə isə onların problemləri və qayğıları ilə maraqlanmır. Belə ki, AHİK 28 aprel tarixində Ümumdünya Əməyin Mühafizəsi günü ilə bağlı tədbir keçirib. Tədbirdə AHİK-n yeni sədri Sahib Məmmədov da iştirak edib. Hətta bu möhtəşəm tədbirdə istehsalatda zədə alan və əlil olan əməkçilərin statistikası da qeyd olunub. Ancaq məsələ onlara qayğıya gələndə, qurum real addımlardan boyun qaçırır. Bunu “Kurort” turizm informasiya və hüquqi yardım mərkəzlərində əllillərin sərbəst hərəkəti üçün şəraitin yaradılmaması bir daha sübuta yetirir. Qeyd edək ki, bu mərkəzlər tarixi qoruq ərazisində yerləşdiyindən həm ictimai, həm də fərdi nəqliyyat vasitələrinin ora girişi qadağandır. Maraqlıdır əməkçilərin sosial rifahını düşünən AHİK rəhbərliyi niyə bu vacib nüansı nəzərə almayıb? Bir çox meqapolislərin təcrübəsi göstərir ki, əksər hallarda mərkəzdə yerləşən iri qurumların və vətandaşlarla kütləvi şəkildə təmasda olan təşkilatların qəbul və sorğu şöbələri şəhərin mərkəzindən bir qədər kənarda, yəni nəqliyyatın ardıcıl işlədiyi və insanların rahatlığı üçün daha əlverişli ərazilərdə təşkil edilir. AHİK-in “Kurort” turizm və hüquqi yardım mərkəzləri isə bütün bu faktorlar nəzərə alınmadan qurulub. Əlil üzvlərə AHİK-də belə biganəliyin olmasının səbəbi isə məlum deyil. Yəqin ki, səbəblərə AHİK və onun yeni sədri Sahib müəllim aydınlıq gətirəcək.
Digər tərəfdən, “Əmək hüquqlarını qoruyaq!” şüarını əlində bayraq tutan AHİK-də bu deviz yalnız söz olaraq qalır. Belə ki, yenicə təmirdən çıxan Konfederasiyanın binasında belə əlillər üçün qurğular nəzərdə tutulmayıb. Yuxarıda adıçəkilən mərkəzlərlə bağlı telefon nömrələri ahik.org saytında yerləşdirilsə də, gün ərzində həmin nömrələrlə əlaqə saxlamaq mümkün olmur. Əraziyə vətəndaşların gəlişində də müəyyən əngəllər yaranır. Bu da keyfiyyətsizlik göstəricisi hesab olunacaq faktorlardan biridir. Ümid edirik ki, böyük tədbirlərlə çatışmazlıqları ört-basdır etməyə çalışan AHİK rəhbərliyi bu nüanslara diqqət yetirəcək və sadalanan məsələlər öz həllini tapacaq.