Aprelin 14-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) İcraiyyə Komitəsinin iclası keçirilib.
Yenixeber.org: AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev iclasın gündəliyinə “Həmkarlar ittifaqı təşkilatlarının 2022-ci il üzrə statistik hesabatı”, “2022-ci il ərzində AHİK və üzv təşkilatlarına daxil olmuş ərizə və şikayətlərin təhlili”, “2022-ci ildə Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının kurslarında həmkarlar ittifaqı kadr və fəallarının təhsilinin nəticələri və 2023-ci il üçün təhsil planı”, “Azərbaycan həmkarlar ittifaqları idman təşkilatlarının 2022-ci ilin yekunları üzrə fəaliyyəti və statistik hesabatlarının əsas göstəriciləri”, “Azərbaycan həmkarlar ittifaqlarının 2022-ci il üzrə gender statistikası”, “Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi (təşkilatı)” devizi ilə keçirilən respublika müsabiqəsinin 2022-ci il üzrə yekunları”, həmçinin digər cari və təşkilati məsələlərin daxil edildiyi barədə məlumat verib.
Məsələlərin müzakirəsi zamanı bildirilib ki, ötən il Azərbaycan həmkarlar ittifaqlarına 162 078 ərizə və şikayət daxil olub. Müraciətlərin 97,1%-i müsbət həllini tapıb. Həmçinin keçən il 248 həmkarlar ittifaqı üzvü AHİK-in rəhbərləri tərəfindən qəbul edilib. Onlardan 47-si Konfederasiya sədrinin qəbulunda olub və qaldırılan bütün məsələlər müsbət həllini tapıb. İşə bərpa ilə əlaqədar həmkarlar ittifaqlarına daxil olan 222 müraciətdən 132-ü müsbət həll olunub. Eləcə də AHİK-ə 32 təşəkkür məktubu ünvanlanıb.
İclasda üzv təşkilatların rəhbərlərinə tövsiyə olunub ki, həmkarlar ittifaqı üzvlərindən daxil olan məktubların obyektiv şəkildə hərtərəfli araşdırılması, faktların təsdiqi müqabilində qaldırılan məsələlərin həllinə köməklik göstərilməsi, şikayətçilərin məlumatlandırılması ilə əlaqədar müvafiq şöbə və ya mütəxəssislərin vəzifə məsuliyyətlərinin artırılması, təkrar müraciətlərin səbəblərinin aydınlaşdırılması məsələlərinə nəzarət gücləndirilsin.