Cahangir Hacıyevlə Eldar Mahmudovun Rusiyadakı biznesi
Xəbər verdiyimiz kimi, dekabrın 17-də Sankt-Peterburqda Azərbaycan Beynəlxalq Bankının yerli şöbəsinin ofisində axtarış aparılıb.Axtarışı Rusiya DİN-in Peterburq və Leninqrad vilayəti üzrə Baş İdarəsinin İstintaq İdarəsinin iqtisadi təhlükəsizlik şöbəsinin əməkdaşları SOBR xüsusi təyinatlı dəstəsinin döyüşçülərinin dəstəyi ilə aparıb.
Xeberinfo.com: Rusiya hüquq-mühafizə orqanları hələ də bu axtarışın hansı cinayət işi üzrə aparıldığını açıqlamır. Bununla belə KİV-lər xəbər verib ki, axtarış xaricə qanunsuz pul köçürmələri üzrə qaldırılmış hansısa cinayət işi ilə əlaqəlidir.
Azərbaycan Beynəlxalq Bankının Moskvadakı törəmə bankı və axtarışın aparıldığı şöbənin rəhbəri Yaşar Səfərov isə bildirib ki, axtarış bankın keçmiş müştərilərindən biri barədə sənədləri araşdırmaq üçün keçirilmişdi.
Lakin söhbətin hansı müştəridən getdiyi açıqlanmayıb. Eləcə də məlum olmayıb ki, əgər axtarışın banka dəxli yox idisə, o zaman əməliyyatçılar niyə ofisə avtomatla silahlanmış xüsusi təyinatlıların müşayiəti ilə basqın etmişdi.
Bu gün isə məlum olub ki, basqın təkcə “MBA-Moskva” bankının Peterburq şöbəsinə edilməyib. Həmin gün Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) əməkdaşları Türkiyənin bu ölkədə fəaliyyət göstərən 4 bankının filiallarına da basqın edib.
Türkiyə KİV-ləri qəfil basqının təkcə türk bankları ilə məhdudlaşmadığını, cəmi 20 bankın belə axtarışa məruz qaldığını xəbər verir. Rusiya Federal Təhlükəsizlik Xidmətindən bildirilib ki, həyata keçirilən əməliyyatın əsas məqsədi Türkiyə vətəndaşı olan bir iş adamının çirkli pulların yuyulması ilə bağlı fəaliyyətini ortaya çıxarmaqdır.
Cahangir Hacıyev irsinin davamçısı
Lakin “MBA-Moskva”nın Peterburq ofisində axtarışın çirkli pulların yuyulması ilə bağlı olan hansısa başqa cinayət işi ilə əlaqəli olduğu da istisna deyil.
Azərbaycan Beynəlxalq Bankının (ABB) Peterburq şöbəsində aparılmış müəmmalı axtarış ölkənin səhmlərinin yarısı dövlətə məxsus olan ən iri bankının Rusiyadakı biznesini də gündəmə gətirir.
Hələ bu axtarış aparılmazdan əvvəl virtualaz.org saytı “MBA-Moskva”nın fəaliyyəti barədə faktları araşdırırdı. Çünki “ana” bankın keçmiş rəhbərliyinin fəaliyyəti “MBA-Moskva”dan da yan keçməyib.
Cahangir Hacıyevin dövründə Azərbaycan Beynəlxalq Bankının milyardlarla manat krediti sağa-sola səpələdiyi və pulların geri qayıtmadığı məlumdur. Lakin törəmə bank olan “MBA-Moskva” da qaytarılmayan kreditlər üzrə Rusiya bankları arasında liderlər sırasında gedir.
Fuad Abdullayev
Virtualaz.org saytı araşdırıb ki, “MBA-Moskva”nın idarə heyətinin keçmiş rəhbəri Fuad Abdullayev yüz milyonlarla dollarlıq kreditləri Cahangir Hacıyevin şübhəl benefisiarlarına ayırıb. F.Abdullayev bu ilin noyabrında vəzifəsindən azad edilib.
Qaytarılmayan kreditlər üzrə lider
Banki.ru portalının məlumatına görə, bu ilin noyabr ayının yekunlarına əsasən “MBA-Moskva”nın problemli kreditləri 89,4 faiz artıb. Bu, Rusiyanın 100 kommersiya bankı arasında problemli kreditlərin artmasına görə ikinci ən iri göstəricidir.
Bu göstərici üzrə Bank BFA 218,6 faiz artımla birinci olub. Üçüncü yerdə isə 83,3 faiz artımla “Moskva Vilayət Bankı”dır.
Bu yaxınlarda “Fitch” beynəlxalq reytinq agentliyi problemli kreditlərin həcminin artmasına görə “MBA-Moskva”nın uzunmüddətli kredit reytinqi üzrə proqnozunu “sabit”dən “neqativ”ə endirib.
Agentlik bildirmişdi ki, bankın Rusiyada tikinti layihələrinə ayırdığı kreditlərin çoxu geri qayıtmayıb. Əgər “ana” bankın dəstəyi olmasa, “MBA-Moskva”nın maliyyə göstəricilərinin daha da pisləşməsi qaçılmazdır.
Xəbər verildiyi kimi, bir neçə gün əvvəl “MBA-Moskva”nın yeni rəhbəri təyin olunub. Bu, Emin Əfəndiyevdir. Yeni rəhbərliyi “MBA-Moskva”nın maliyyə göstəricilərini yaxşılaşdırmaq və problemli kreditləri geri almaq üçün çətin iş gözləyir.
Quru ada görə on milyonlarla dollar kredit?
Kreditləri isə belə görünür ki, C.Hacıyevin dövründə Rusiyada da sağa-sola səpiblər. Məsələn, “Leyli” nar şirəsi brendinin sahibi olan iş adamı Zeynulla Qurbanovla “MBA-Moskva”nın bundan əvvəlki rəhbərliyi arasında məhkəmələrə qədər gedib çıxan çəkişmə məlumdur.
Azərbaycanın “Az-Granata” meyvə şirələri zavodunda istehsal edilmiş nar şirələrini Rusiya bazarında “Leyli” brendi altında satan (Leyli Zeynulla Qurbanovun qızıdır) bu iş adamı iddia edirdi ki, bankın rəhbərliyi onun brendinə əvvəlcə kreditlər ayırıb.
Daha sonra kreditlərin düzgün xərclənmədiyini əsas gətirərək maliyyələşməni qəfil dayandırıb. Nəticədə “Leyli” brendi dəyərdən düşüb.
Belə məlum olur ki, bu iş adamı “MBA-Moskva”dan on milyonlarla dollar kredit götürərkən girov kimi hansısa əmlak yox, “Leyli” adını girov qoyubmuş.
İş adamı ilə bank arasında çəkişmənin necə nəticələndiyini, bankın “Leyli” brendinə ayırdığı krediti geri alıb-almadığını dəqiqləşdirmək mümkün olmayıb.
Telman İsmayılovla şübhəli tərəfdaşlıq
Yaxud “MBA-Moskva” müflis olan azərbaycanlı oliqarx Telman İsmayılovun kreditorlarından biridir. Rusiya mətbuatı yazıb ki, T.İsmayılovun Moskvadakı “AS Gof” otel və paytaxtın Nikitsk bulvarındakı otel kompleksi layihəsi borca görə Azərbaycan Beynəlxalq Bankının strukturlarının mülkiyyətinə keçib.
Bankın T.İsmayılova nə qədər kredit ayırdığı və qoyulmuş girovun bu krediti ödəyib-ödəmədiyi məlum deyil.
“MBA-Moskva”nn strateji inkişaf İdarəsinin rəisi Leonid Mileyev isə “Vedomosti”yə deyib ki, ümumiyyətlə, bankın AST şirkətlər qrupu ilə kommersiya münasibətləri olmayıb.
Bəs o zaman bu nə borcdur və T.İsmayılovun əmlakının bir hissəsi niyə Beynəlxalq Bankın mülkiyyətinə keçib?
L.Mileyev suallara cavab verməyib və şərh almaq üçün Bakıya – baş ofisə zəng etməyi məsləhət görüb.
Azərbaycan Beynəlxalq Bankı isə T.İsmayılovla kredit münasibətləri haqda suala cavab verməkdən imtina edib.
Ancaq “Vedomosti”yə məlum olub ki, 2013-cü ildə Nikitsk bulvarındakı otel kompleksinin tikintisi layihəsinin sifarişçisi Azərbaycan Beynəlxalq Bankına bağlı olan “Fortrust Global” şirkəti olub. Bu, Moskva meriyasının arxitektura şurasına təqdim edilmiş sənəddən məlum olur.
“Fortrust Global” nə şirkətdir?
Şirkətin saytında göstərilir ki, “Fortrust Global” daşınmaz əmlak sahəsində geniş spektrdə xidmətlər təklif edən, o cümlədən developer sahəsində layihələr həyata keçirən şirkətdir.
“MBA-Moskva” isə şirkətin yeganə maliyyə tərəfdaşıdır. Şirkətin əməkdaşları ilə tanış olan iki ayrı konsultant “Vedomosti”yə “Fortrust Global” şirkətinin Azərbaycanda “özəl fondla” bağlı olduğunu deyib.
Virtualaz.org saytı Rusiyanın Hüquqi Şəxslərin Qeydiyyatı üzrə Vahid Reyestrindən bu şirkət barədə məlumatları əldə edib. Orada göstərilir ki, “MANAGEMENT COMPANY FORTRUST GLOBAL LTD” şirkəti 10 min rubl nizamnamə kapitalı ilə qeydiyyatdan keçmiş məhdud məsuliyyətli cəmiyyətdir.
Lakin şirkətin təsisçiləri barədə məlumat reyestrdə yer almır. Şirkət tikinti layihələri ilə yanaşı audit və konsaltinq xidmətləri, maliyyə-sənaye qruplarının idarə edilməsi kimi fəaliyyət sahələri ilə də məşğuldur.
Şirkət Moskvada “FortepinaO” yaşayış kompleksinin tikintisi, Mojaysk şossesində “A” sinif biznes-mərkəz, Tverskoy-Yamskoy küçəsində apartamentlər, Nikitsk bulvarında apartamentlər, Altufyevsk küçəsində çoxfunksiyalı kompleks, Savvinsk döngəsində apartamentlər, Ryazansk prospektində kommersya təyinatlı kompleks və digər iri tikinti layihələrini həyata keçirib. Yaxud həyata keçirmək üzrədir.
Şirkətin ofisi Moskvada, Pokrovka küçəsində yerləşir. Şirkət 2011-ci ildə qeydiyyatdan keçib, baş direktoru İsazadə Zaur Natiq oğludur.
İsazadə Zaur Natiq oğlu – Vəzirovun qohumu
Virtualaz.org saytı Rusiya mənbələrindən araşdırıb ki, bu şəxs Beynəlxalq Bankın keçmiş rəhbəri Cahangir Hacıyevin Rusiyadakı benefisiardır.
“Fortrust Global” şirkətinin baş direktoru olmaqla yanaşı şirkətin səhmlərinin 10 faizinə sahibdir. Eyni zamanda Kiprdə qeydiyyatdan keçmiş “Luazo Corporation” offşor şirkətinin səhmlərinə nəzarət edir.
Həmin “Luazo Corporation” şirkəti isə Telman İsmayılova borc verib və geri ala bilməyib. Nəticədə T.İsmayılov bu ilin yayında Moskvanın Nikitsk bulvarında mülkiyyətçisi olduğu, otel kompleksi inşa etməyə hazırlaşdığı 27 min kvadratmetrlik torpaq sahəsinin 45 faizini 10 ildir ödəyə bilmədiyi borca görə “Luazo Corporation” şirkətinə vermişdi. Torpaq sahəsinin qalan hissəsi Moskva meriyasının mülkiyyətində qalıb.
Moskvadakı mənbələr bildirir ki, İsazadə Zaur Rusiya Hüquq Akademiyasının sıravi məzunudur. Azərbaycan KP MK-nın keçmiş birinci katibi Əbdürrəhman Vəzirovun qohumudur, onun qardaşı qızının əridir. Eyni zamanda “MBA-Moskva” bankının keçmiş sədri Fuad Abdullayevin yaxın adamlarından biri kimi tanınır.
Z.İsazadə “MBA-Moskva”dan cürbəcür tikinti layihələri üçün yüz milyonlarla dollar kredit götürüb və çoxunu geri qaytarmayıb. Habelə o, bankdan ayrılan iri kreditlərdə əsas vasitəçi olub.
Eldar Mahmudovun biznesi?
Zaur İsazadənin adı Cahangir Hacıyevin benefisiarlarından olan, keçmiş deputat Dünyamin Xəlilovun ortağı Xaqani Bəşirovla bağlı 2011-ci ildə qaldırılmış cinayət işində də keçir.
Xaqani Bəşirov həmin vaxt Beynəlxalq Bankdan yüz milyonlarla dollar krediti götürüb çoxsaylı offşor şirkətlərin adına keçirmiş və mənimsəmişdi. Həmin offşor şirkətlərdən bəziləri Z.İsazadənin adına qeydiyyatdan keçib.
Virtualaz.org saytı Moskvadakı biznes çevrələrindən belə məlumat əldə edib ki, əslində “MBA-Moskva”nın Rusiya paytaxtında maliyyələşdidiyi çoxsaylı iri developer layihələrinin arxasında Beynəlxalq Bankın keçmiş sədri Cahangir Hacıyevin qudası, keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudov dayana bilər.
Mənbə E.Mahmudovun Rusiyada milyardlarla dollarlıq tikinti biznesinin olduğunu bildirir. Bu biznesdə o, qudası, Azərbaycanın ən iri bankına rəhbərlik etmiş Cahangir Hacıyevlə ortaqdır.
Artyom Niçiporuk
Kral lütdür və Azərbaycan bankına borcunu qaytarmır
“MBA-Moskva”nın kredit verdiyi və geri ala bilmədiyi iş adamlarından biri də Rusiyanın almaz şirkəti ALAROSA-nın keçmiş prezidenti Artyom Niçiporukdur.
Rusiya mətbuatı yazır ki, Niçiporuk bir çox banklardan, o cümlədən “MBA-Moskva”dan kredit alıb və geri qaytarmayıb. Rusiyanın məhkəmə icraçıları Federal Xidmətinin məlumat bazasında göstərilir ki, keçmiş “almaz kralı” barəsində icra olunmamış 12 məhkəmə hökmü var. Onların hamısı borcun ödənilməsi barədə təmin edilmiş iddialardır.
Zərərçəkənlər arasında həm fiziki şəxslər, həm banklar var. Onlardan biri də “MBA-Moskva”dır.
Ancaq bankın keçmiş rəhbəri Fuad Abdullayevin hazırda lüt olan keçmiş “almaz kralı”ına nə qədər və hansı layihəyə görə kredit ayırdığını dəqiqləşdirmək mümkün olmayıb.