Deputatın mafioz əlaqələri: Azərbaycanda 10 milyon dollarlıq malikanəsi
Xəbər verildiyi kimi Rusiyanın Sankt-Peterburq şəhərində İstintaq İdarəsinin müstəntiqləri SOBR xüsusi təyinatlı dəstəsinin döyüşçüləri ilə birlikdə azərbaycanlı deputat, Leninqrad vilayəti üzrə “Sukanal” idarəsinin rəisi Sayad Əliyevin ofisində və evində axtarış aparıb.
Xeberinfo.com: Daha sonra deputat ifadəsi alınmaq üçün gecə evindən İstintaq İdarəsinə aparılıb və ertəsi gün buraxılıb. Hüquq-mühafizə orqanlarından bildirildiyinə görə, deputatın adı 2012-ci ildə üç maddə-adam oğurluğu, hədə-qorxu ilə pul tələb etmə və quldurluq maddələri ilə qaldırılmış cinayət işində şahid kimi keçir.
Digər mənbələrə görə istintaq Sayad Əliyevlə həm də bu ilin iyun ayında “Sofiysk” topdansatış meyvə-tərəvəz bazasında baş vermiş sifarişli qətlə görə maraqlanır. Həmin vaxt azərbaycanlı killer Emil Hüseynov Maarif İsmayılov adlı biznesmeni bazarda güllələyib. Bu qətlin sifarişçisi də azərbaycanlıdır. Motiv isə vilayətin meyvə-tərəvəz idxalının 80 faizinin cəmləşdiyi bazara nəzarət uğrunda mübarizədir.
“Prestupnaya Rossiya” saytı yazır ki, Sayad Əliyevin adı bundan əvvəl də kriminal hadisələrdə hallanıb. 2000-ci ildə onu həbs ediblər və 9 gün “içəridə” saxlayıblar. Lakin hüquq-mühafizə orqanlarındakı güclü əlaqələri sayəsində buraxıblar. Sayad Əliyevin Leninqrad vilayəti üzrə Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində yüksək vəzifədə işləyən Azər Əliyevin adamı olduğu bildirilir. 2011-ci ildə onun barəsində cinayət işi qaldırılıb, lakin buna baxmayaraq Azər Əliyev 2013-cü ildə məhkəmədən bəraət alıb və hüquq-mühafizə orqanlarında karyerasını davam etdirib.
Habelə Sayad Əliyevin qalmaqallı azərbaycanlı biznesmen İsmayıl Rəhimovla ortaqlığı məlumdur. Sonradan onların münasibətləri korlanıb və 2003-cü ildə biznesmen qətlə yetirilib. Bu qətlin arxasında Əliyevin dayandığı haqda iddialar var.
Nəhayət Sayad Əliyev digər azərbaycanlı biznesmen Həsrət Abbasovla işbirliyinə başlayıb. Həsrət Abbasov Sankt-Peterburqda bütün mənalarda avtoritetdir və “Gigant Holl” əyləncə mərkəzinin sahiblərindən biridir. Deyilənlərə görə Həsrət Abbasov Əliyevi “Nevskaya Dubrovka” mebel kombinatının sahibi Andrey Nəcəfovla tanış edib. Bir müddət sonra Nəcəfov narkotik maddənin doza həddinin aşılmasından ölüb. Onun kombinatı isə dərhal reyder hücumlarına məruz qalıb.
2005-ci ildə Əliyev “Dubrovsk şəhər qəsəbəsi” dairəsinin deputatlar Şurasının sədri seçilib. Lakin onun qəsəbədə mer olmasından sonra sakinlər arasında narazılıq baş qaldırıb. Çünki Əliyevin gəlişindən sonra qəsəbədə milli zəmində qarşıdurma yaraıb, problemlər artıb. Sakinlər ondan çoxsaylı şikayətlər ediblər, adını “Xan Əliyev” qoyublar. Buna baxmayaraq 2011-ci ildə Əliyev yerli qanunverici orqana hakim partiyadan deputat seçilib, 2015-ci ildə isə “Sukanal” idarəsinin rəisi olub.
Məlumatlara görə Əliyevin Azərbaycanda 10 milyon dollarlıq malikanəsi var. Sankt-Peterburqda isə üç fərdi evi və üç mənzili var. Əliyevin qeyri-rəsmi fəaliyyətinin isə biznesmenlərin problemlərini “həll etməkdən”, habelə sələmə pul verməkdən ibarət olduğu bildirilir. Yerli azərbaycanlı diasporunda deyirlər ki, əgər pulla bağlı məsələni təcili həll etmək lazımdırsa Əliyevi görmək lazımdır.
Deputat Əliyevin Sankt-Peterburqdakı azərbaycanlı diasporunun lideri, milyarder Vaqif Məmişovla da düşmən olduğu məlumdur. Məmişov deyir ki, Əliyev hamını boğaza yığıb və onun fəaliyyəti azərbaycanlı diasporuna ləkədir.(Virtualaz.org)