Mehriban Vəliyevanın korrupsiya və "5-ci kolon" DOSYESİ... -Təhsildə "fəth" etdi, deputatlıqda "fətir yapar"
Yenixeber.org: Yeni Azərbaycan Partiyası (YAP) 44 saylı Sumqayıt üçüncü seçki dairəsindən deputatlığa Vəliyeva Mehriban Hidayət qızının namizədliyini irəli sürüb. Hakim partiya bu dairədən elə bir namizədə "stavka" edib ki, onun fəaliyyəti ictimaiyyətə çoxdan "agah"dır. Anaxeber.info bildirir ki, Deputatlığa namizəd Mehriban Vəliyeva təhsil sektorunda əməlləri ilə ad çıxarmış bir məmur olub. O, parlament üzvlüyünə namizədliyə qədər Bakı şəhər Təhsil İdarəsində göstərdiyi "performans"la fərqlənib. Əvvəla, qeyd etmək yerinə düşər ki, Mehriban Vəliyeva 1989-cu ildən pedaqoji fəaliyyətə başlayıb, Bakı şəhəri 278 nömrəli tam orta məktəbdə, Heydər Əliyev adına Müasir Təhsil Kompleksində və Akademik Zərifə Əliyeva adına liseydə işləyib. 2014-2020-ci illərdə Akademik Zərifə Əliyeva adına liseyin direktoru vəzifəsində çalışıb. Təhsil nazirinin əmri ilə 2020-ci il 11 dekabr tarixində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsinə təyin edilib. Onun sonuncu vəzifədə fəaliyyətinə gəlincə, media resurslarında geniş yayılan xəbərlərə əsasən, Mehriban Vəliyevanın dövründə məktəblərdə nəinki yerdəyişmələr, hətta orta məktəblərin 1-ci siniflərinə qəbul rüşvət obyektinə çevrilib. Rus bölmələrinə qəbulun qiyməti isə 3-4 dəfə bahalaşıb. Təsəvvür edirsiniz, 1-ci sinifə, yaxud uşaq bağçasına qəbul ancaq pulla, rüşvətlə mümkündür.
Bu hələ harasıdır...? Bakıdakı məktəblərin, uşaq bağçalarının çoxunda nəinki ağac, heç kol da yoxdur, amma yüzlərlə bağban dövlətdən hər ay maaş alır. Əslində, mətbuatın yazdığına görə, bağbanlar almır, Mehriban Vəliyevaya çatırmış...
Biz hələ uşaqlara ayrılan qida və ərzaq məhsullarının satılmasından danışmırıq, məktəblərdəki “ölü canlardan, 3 nəfərin yerinə işləyən mühafizəçilərdən danışmırıq. Bəli, Mehriban Vəliyeva paytaxt təhsilinə rəhbərlik etdiyi az müddətdə oliqarxa çevrilməyi bacardı. Şübhəniz varsa, buyurun, tanış olun: Bakı şəhəri üzrə Təhsil İdarəsinin keçmiş müdiri, deputatlığa iddialı Mehriban Vəliyeva Fatmayı bağları adlanan ərazidə, daha dəqiq desək, “Araz” marketin arxasında dəyəri 500 min manata villa alıb.
Bir müddət əvvəl deputat Etibar Əliyev onun barəsində ittihamlar səsləndirmişdi. Sitat: Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri, 5-ci kolonun görkəmli nümayəndəsi Məhəbbət Vəliyevanın sağ əli olan Mehriban Vəliyeva bütün Bakı məkəblərini bazara döndərib. İdarənin işi korrupsiya və rüşvət əlindən iflic vəziyyətə düşüb. Bu Mehriban Vəliyevanın da sağ əli olan Fuad Babayev direktor təyin etmək üzrə maklerdir. Qruplaşmaların təyin etdikləri direktorlar heç kimi, o cümlədən naziri də saymırlar. Bunu hamı bilir, Emin Əmrullayev bilmir?”
Göründüyü kimi, deputat Etibar Əliyev gələcək həmkarı haqda ağır danışıb, hətta onu "5-ci kolon" nümayəndəsi adlandırıb. Azərbaycanda isə bu kateqoriyaya aid insanlar dedikdə Rusiyaya bağlantısı olan agentura nəzərdə tutulur. Deputat Əliyevdə bu məlumat hardandır, çox maraqlıdır, hər halda, qanunverici orqanın üzvü səhih informasiyası olmasa əsla belə dəhşətli ittiham səsləndirməzdi.
Eyni zamanda, Vəliyeva haqda mətbuatda tirajlanan məlumatlardan biri vəzifədən niyə uzaqlaşdırılmasıdır.
Mehriban Vəliyevanın vəzifədən azad edilməsinə səbəb külli miqdarda dövlət vəsaitinin səmərəsiz xərclənməsi, habelə İdarənin keçirdiyi satınalmalarda şübhəli məqamların olmasıdır.
Belə ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsi 2023-cü ilin iyul ayının 12-də "İstehlak yönlü müxtəlif xidmətlərin satın alınması" və 2022-ci ilin sentyabr ayının 29-da "Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən keçirilən müxtəlif tədbirlərin və layihələrin satın alınması" lotu üzrə sifarişçi olduğu satınalmalarda neqativ hallar aşkarlanıb.
Bir sözlə, haqqında bu qədər mənfi xəbərlər olan, reputasiyası zədəli və adı korrupsiyada, təhsili bərbad günə qoymaqda," beşinci kolon" üzvü olmaqda hallanmış bir təhsil məmurunun hakim partiyadan namizədliyinin irəli sürülməsi anlaşılmazdır. Yəni YAP siyasi çəkisi olan, cəmiyyətdə və mediada adı neqativ fəaliyyətlə tanınmamış bir namizəd dəstəkləyə bilməzdimi? Görünür ki, Vəliyevanın siyasi dəstəyi güclü olub və BŞTİ-də vəzifəsini itirməsinə baxmayaraq, bir müddət sonra siyasi rəhbərliyə onun parlamentə üzvlüyünün təqdimatı verilir.
Halbuki internet resurslarını açanda və onun barəsində axtarış verəndə bu cümlələrə daha çoz rast gəlmək olur:
Mehriban Vəliyevanın yağmalama siyasəti Azərbaycan təhsili üçün üz qarası, utancverici bir hadisədir, Bakı şəhər məktəblərində direktorların vəzifədən azad olunması və yenilərin vəzifəyə təyin olunması, müəllimlərin yerləşdirilməsi, rus bölməsi olan birinci siniflərin qəbulu və komplektləşdirilməsi , eyni zamanda digər sahələrdə rüşvətxorluq tüğyan edir, bu gün BŞTİ sanki patyaxtın təhsil sektorunu məhv etmək üçün fəaliyyət göstərir və s. ilaxır...
O cümlədən, deyilir ki, zəngin ənənələri olan Bakı təhsili bir neçə nəfər rüşvətxor, korrupsioner və karyerist şəxsin əlində girova çevrilib. Mehriban Vəliyeva ətrafına topladığı şəxslərlə birlikdə paytaxtın təhsil sistemində bazar açıb. Bax belə, indi heç bir müsbət addımı ilə yadda qalmayan, təhsili "fəth" edən Vəliyeva parlamentdə hansı "fətir yapacaq?" Yaxud Sumqayıt seçicilərinə hansı faydası dəyəcək? Suallar çoxdur, cavabları ritorikdir...(anaxeber.info)