Könlündən "Bakı meri" olmaq keçən icra başçısı Əziz Əzizovun, rəhbərlik etdiyi Suraxanı rayon sakinlərinin narazılıqları artmaqda davam edir.
Yenixeber.org: Dəfələrlə bərbad yollarından və aparılan tikintilərdə yaradılan süni maneələrdən bəhs edən Suraxanı sakinləri, sosial şəbəkələrdə paylaşımlar edərək, icra başçısı Əziz Əzizovun hətta, ölkə başçısından belə çəkinmədiyini deyirlər. Cəlilabad rayon sakinləri də onlarla həmdərd , həmfikir olduqlarını, "Əziz Əzizov ordadırsa, vay sizin halınıza" sözlərini yazmaqla ifadə ediblər. Həmkarlarımızın da yazdığı kimi, tramvay parkında usta işləyən adamın birdən-birə arpa-buğda alveri ilə məşğul olan iş adamına çevrilməsi, həmən ardından da arpa-buğdanın Azərbaycanda ən çox yetişdirildiyi rayona İcra Hakimiyyətinin başçısı getməsi təbiidir ki, təsadüfi deyil. Elə yəqin tramvay ustasını icra başçısı edən "şans mələyi"nin verdiyi özgüvəndən və yüksək səviyyəli himayədarlığından irəli gəlir ki, bu gün bu qədər Suraxanı sakinləri dərdini deməyə ünvan tapa bilmirlər. Cəlilabad rayonundan 12 il bəslənən, bəhrələnən, hətta orada olarkən əldə etdiyi bizneslərinin bəzilərini Neftçala rayonuna köçürən, hər iki rayonda özünə bəs qədər sərvətlər toplayan, bizneslər quran Əziz Əzizov rayon həyatını geridə qoyaraq, "şans mələyi"nin "bir lələyini yandırıb", ondan şəhər istədi. Əziz Əzizov Yasamal rayonuna icra başçısı təyin edildi və 12 illik təcrübəsinə əsaslanaraq, Yasamal rayonunda da sərvət artırmaqda davam etdi. Biz yuxarıda "bəs qədər sərvətlər topladı" ifadəsini işlətmişdik, lakin Əzizov Yasamal rayonuna gəldikdən sonra eyni qayda ilə çalışaraq göstərdi ki, "bəs" kəliməsi onun "söz bazasında mövcud deyil". Yeri gəlmişkən cənab Əzizovun Yasamal rayonunda sahib olduğu biznes obyektləri, həmçinin yaşayış binaları barəsində əvvəllər də məlumat vermişik. "Özümə yer edərəm, görün sizə nələr edərəm" - Blogerlərin "başına sığal çəkən" Əzizovun gələcək planları Həmçinin, vətəndaş müraciətləri əsasında Hövsan qəsəbəsi ərazisində aparılan və qanunsuz olduğu iddia olunan tikintilər barəsində də məlumatlar dərc edib, aidiyyatı üzrə Şəhərsalma və Arxitektura Komitəsinə də sorğular göndərmişdik. ARXKOM -dan "DogruXeber.az"ın sorğusuna cavab olaraq, işin Suraxanı rayonu icra hakimiyyətinə yönləndirilməsi barəsindəki məktubun surəti göndərildi. Hansı ki, həmin məktubda məlumatın araşdırılması, barəsində hüquqi tədbir görülməsi və nəticələr barəsində müraciətin müəllifi olaraq, redaksiyamızın da məlumatlandırılması qeyd olunurdu. Lakin, artıq uzun müddət keçməsinə baxmayaraq, hələ də Suraxanı rayon İcra Hakimiyyəti bu barədə susqunluq nümayiş etdirir. Görünür, İcra Hakimiyyəti bütün bu məlumatlardan çoxdan (hətta bizdən də əvvəl) xəbərdardır və bu onu zərrə qədər narahat etmir.
Maraqlıdır, niyə?
Bütün bu məlumatların sosial mediada dərc ediləcəyi də sözügedən icra hakimiyyətini narahat etmir. Çünki, "qoruyucu mələyi"nə arxayındır. Onsuzda sosial mediada və sosial şəbəkələrdə barəsində kifayət qədər tənqidi materiallar və şikayətlər yer alan icra başçısı Əziz Əzizova bugünə qədər "gözün üstə qaşın var" deyən olmayıbsa, əmindir ki, bundan sonra da deyən olmayacaq. Bu rahatlıq isə onun göstəricisidir ki, nə Əziz Əzizov, nə də onun himayədarı ölkə başçısından çəkinmir, onun tapşırıqlarını ciddi hesab etmirlər. Əgər belə olmasaydı, Bakının meri olmaq arzusunda olan Əzizov heçolmasa bu arzusuna həlledici imza atacaq olan Ölkə başçısına ən azından özünü sübut etmək üçün Bakının bir rayonu olan Suraxanıda bu qədər narazılıqlar yaratmaz, sakinləri sözün əsl mənasında incitməzdi. Qeyd edək ki, qanunsuz tikintilər barəsində ətraflı məlumatı qarşıdakı günlərdə fotoşəkilləri ilə birlikdə dərc edəcəyik. Redaksiyamız hər kəsin söz haqqını tanıyır. DogruXeber.az