Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

PLANLI İŞĞAL –Xocalı soyqırımının hüquqi dəyərləndirməsi

Yenixeber.org: Azərbaycan torpaqları hesabına tarixində ilk dəfə dövlətləşməyi bacaran erməni zehniyyəti, Cənubi Qafqazda sovet hakimiyyətinin ilk illərindən etibarən, yenə Azərbaycan torpaqları hesabına ərazi genişləməsinə meyl göstərmiş və 1905-ci ildən əsası qoyulmuş Azərbaycanlılara qarşı soyqırım siyasətini bütün motivlərilə XX əsr boyunca, Azərbaycan xalqına, eləcə də Türkiyə xalqına qarşı gerçəkləşdirmişdir. Əsrin sonlarına doğru, sovet hakimiyyətinin əvvəlki qüdrətini itirməsindən istifadə edən ermənilər, 1988-ci ildən etibarən Qarabağ məsələsini yenidən alovlandıraraq, soyqırım konsepsiyasını qaldığı yerdən davam etdirmə prosesinə girişdilər.

1988-ci ildən 26 fevral, 1992-ci ilə kimi Xankəndi və ətraf kəndlərdəki evlərindən qovulmuş və ya erməni təhdidləri qarşısında qaçmağa məcbur olmuş azərbaycanlıların sığınacaq yeri Xocalı idi. Ermənistan Respublikasının və onunla şəbəkələşmiş yerli ermənilərin işğal planlarında Xocalı olduqca önəmli strateji rola sahib idi. Çünki hər şeydən əvvəl regiondakı yeganə hava limanı Xocalıda yerləşirdi və bu da Azərbaycanla müharibədə hava nəqliyyatı üstünlüyünü ermənilərin xeyrinə dəyişə bilərdi. Digər yandan Xocalının strateji rolunu, üzərində yerləşdiyi önəmli marşrut xəttləri baxımından da izah etmək mümkündür: Xocalı, Bakı-Xankəndi dəmiryolu və Bakı-Şuşa yolunun üzərində yerləşməklə, Xankəndiyə gedən elektrik xətləri də məhz Xocalıdan keçirdi.

          Xocalı soyqırımı və beynəlxalq hüquq

Beynəlxalq hüquqda soyqırım cinayəti haqqında konvensiya 1948-ci ildə imzalanaraq 1951-ci ildən etibarən qüvvəyə minən Soyqırımın Cinayətinin Qarşısının Alınması və Cəzalandırılması Haqqında Konvensiyadır. Konvensiyanın 2-ci maddəsi, “Soyqırım nədir” sualına cavab verməkdədir. Adı keçən ikinci maddəni ermənilərin Xocalıda törətdikləri qətliama tətbiq etdikdə, bütün müddəaları ilə soyqırımın hüquqi mahiyyəti aydın olacaqdır. İkinci maddədə deyilir ki, soyqırım, hər hansı milli, etnik, irqi və ya dini qrupun qismən və ya bütövlükdə məhv edilməsinə istiqamətlənmiş aşağıdakı hərəkətlərdən biridir:

a) Qrup üzvlərinin öldürülməsi: 613 Xocalı sakininin, hətta ağır işgəncələrlə qətlə yetirilməsi faktdır.

b) Qrup üzvlərinə ağır bədən xəsarətləri və ya əqli qabiliyyətinə ciddi zərər verilməsi: yüzlərlə azərbaycanlının şikəst vəziyyətinə salınması, qətliamdan sağ çıxmağı bacaranların hadisə sonrası travmaları, əqli və ruhi pozuntular bütövlükdə ikinci bəndə müvafiqdir. Yüzlərlə Xocalı sakininin hələ sağ ikən ağır işgəncələrlə yavaş-yavaş qətlini isə unutmaq olmaz.

c) Qəsdən hər hansı bir qrupun tam və ya qismən fiziki məhvini nəzərdə tutan həyat şəraitinin yaradılması: Xocalıda soyqırımın törədilməsindən aylar əvvəl mühasirə başlamış, 1991-ci ilin oktyabr ayından etibarən Xocalı ilə quru nəqliyyat əlaqəsi kəsilmiş, sonuncu hərbi helikopter isə 13 fevral 1992-ci ildə eniş edə bilmişdir. Bu tarixdən sonra isə Xocalı ilə yerüstü nəqliyyat əlaqəsi də tamamilə kəsilir və Xocalı ümidsiz halda 26 fevrala doğru irəliləyir.

d) Qrup daxilində doğumun qarşısını almağa yönəlik tədbirlərin həyata keçirilməsi: Xocalı soyqırımı zamanı hamilə və uşaqlı qadınlara qarşı görülməmiş işgəncələrin tətbiqi, həmçinin tibb məntəqələrinin dağıdılması, uşaq qatili Zori Balayanın həyata keçirdiyi insanlığa zidd ölüm təcrübələri və s. həm fakt, həm də etiraflarla təsdiqlənmiş haldadır.

e) Qrupa mənsub uşaqların zorla başqa qrupa verilməsi: Təəssüf ki, Azərbaycanın uşaqlar da daxil, bütövlükdə minlərlə vətəndaşının taleyindən hələ də heç bir xəbər yoxdur və Ermənistan Respublikası bu haqda məlumat verməkdən qaçır.

          Ermənistan Respublikasının Xocalı soyqırımına dair mövqeyi

Xocalı soyqırımı və Azərbaycanın işğaldan azad edilmiş torpaqlarındakı erməni qətliamları, sadəcə Azərbaycan xalqına qarşı yox, bütövlükdə Türk və Müsəlman dünyasına qarşı həyata keçirilmiş soyqırım mahiyyətinə sahibdir. Təsadüfi deyildir ki, Türkiyə Respublikası 1993-cü ildən etibarən Ermənistanla siyasi-diplomatik və iqtisadi münasibətlərini dayandırmış, Pakistan dövləti isə Ermənistanı dövlət kimi belə tanımamışdır. Ermənistanın özünün Xocalı haqqındakı rəyi isə, beynəlxalq ictimaiyyəti yanıltmağa çalışmaqla olduqca gülünc məntiqi və hüquqi xətalara sahibdir. İlk növbədə, Ermənistanın Xocalı soyqırımına dair iddiası, bu qətliamda və ümumi olaraq vaxtilə Qarabağdakı işğalda Ermənistan Respublikasının yer almadığı və Qarabağdakı yerli ermənilər tərəfindən törədildiyi iddiasıdır.

BMT Təhlükəsizlik Şurasının Qarabağdakı işğalla bağlı 4 qətnaməsində (822,853,874,884), işğalçı qüvvələrin işğal olunmuş Azərbaycan torpaqlarından çıxarılması tələb edilərək, güc vasitəsilə ərazi əldə edilməsinin yolverilməzliyinə diqqət çəkilir. Təhlükəsizlik Şurası kimi sülh və təhlükəsizlik üzrə məsul, spesifik beynəlxalq orqanın yerli ermənilər haqqında “dərhal çıxarılma” tələbi gerçəkliyi o qədər də yansıtmadan, güc yolu ilə ərazi əldə etməyin konkret dövlətə məxsus bir mənfur fəaliyyət olduğunu və dolus specialis, yəni xüsusi qəsdə hesablandığını göstərir. Başqa sözlə, TŞ qətnamələrində bu fəaliyyətlər “güc tətbiqi” və ya “işğal” olaraq adlandırılırsa, deməli bu ölkə xarici qüvvələrin iştirakına birbaşa işarədir və bu prosesdə kankret başqa bir dövlət iştirak edir. Qətnamələrdə tələb olunanlara qarşılıq, Ermənistanın “biz deyildik, yerli ermənilər idi” iddiası, Fransa Prezidenti E.Makronun “Azərbaycan Qarabağı işğal edib” iddiası qədər gülünc və həm həqiqətdən, həm də məntiqdən xeyli uzaq açıqlamadır. Çünki ölkə daxili məsələlərdə hər hansı prosesdən işğal deyə bəhs edilə bilməz.



Digər yandan, Ermənistan Respublikası ilə yerli ermənilərin şəbəkəsini ortaya qoyan xeyli fakt mövcuddur. Keçmiş Ermənistan Respublikası prezidentlərindən Serj Sarkisyan və Robert Koçəryan, Ermənistanda vəzifə üçün siyasi təcrübələrini Qarabağdakı işğal və qətliamlarda qazanmışdılar. Qeyd etmək lazımdır ki, həm S.Sarkisyan, həm də R.Koçəryan 1954-cü ildə Xankəndidə anadan olub. S.Sarkisyan 1993-cü ildə Ermənistan Respublikasının müdafiə naziri, Koçəryan isə Baş naziri təyin edilir. Sarkisyanın Xocalı faciəsi haqqında Tomas De Vaalla müsahibəsində “Xocalıya kimi azərbaycanlılar elə bilirdilər ki, bizimlə zarafat etmək olar. Biz bu stereotipləri qırmalı idik” etirafı, həmçinin 2011-ci ildə erməni dili və ədəbiyyatı müsabiqəsində erməni tələbənin Sarkisyana ünvanladığı Ağrı dağı sualına, “Hər nəslin üzərinə düşən bir vəzifə vardır. Mənim nəsilim Qarabağı aldı, Ağrı sizin nəsilə bağlıdır” cavabı Ermənistan Respublikası prezidenti və işğalda iştirak etmiş yerli erməni separatçılarının rəhbəri olaraq S.Sarkisyanın tam mənası ilə rəsmi etirafı kimi dəyərləndirilə bilər. Eyni zamanda, Ermənistanın sabiq Müdafiə naziri David Tonoyanın demokratiyanın vətəni hesab edilən ABŞ-da, Los Angelesdə “Yeni ərazilər üçün yeni müharibə” hərbi düsturunu açıqlaması, Ermənistan üçün köhnə ərazinin Qarabağmı olduğu sualını gündəmə gətirir.

Ermənistan Respublikasının məntiqi üzərindən davam etsək, bütün hallarda Ermənistanın soyqırım törətmiş olduğu açıq-aşkar ortadadır. Çünki yuxarıda adı çəkilən konvensiyanın 3-cü maddəsinə görə, soyqırım cinayətini yalnızca onu birbaşa törədən yox, eyni zamanda soyqırım törətməyə yönəlik gizli sövdələşmə edən; açıq və birbaşa təhrik edən; soyqırıma yönəlik qəsd həyata keçirən; və soyqırımda iştirak edən subyektdə soyqırım cinayətini törətmiş hesab edilir. Bu mənada hətta 366-cı alay da hüquq və tarix qarşısında soyqırım məsuliyyəti daşımaqdadır.

Vaxtilə Qarabağdakı işğal zamanı Ermənistan Respublikası və yerli ermənilər arasındakı şəbəkələşmə yüz ildir ermənilərin Azərbaycan xalqına qarşı həyata keçirdiyi soyqırım siyasətinin tərkib hissəsi, Xocalı soyqırımı isə bu siyasətin kuliminasiya nöqtəsi idi. Ermənistan Xocalı soyqırımı üçün həm tarixi zəmin yaratmış, həm iştirak etmiş, həm də rəhbərlik edənləri mükafatlandırmışdı. Bütün müddəlara müvafiq olaraq, aylar əvvəldən həyata keçirilən planlı işğal və mühasirə, birbaşa və şüurlu qəsd, sistematiklik nəzərə alındıqda demək mümkündür ki, Xocalıda ermənilər uzun zamandır xəyalını qurduqları soyqırıma imza atdılar. Çünki ermənilər Xankəndi və çevrəsindən qaçan azərbaycanlıların sığındığı Xocalıda elə bir qətliam törətmək istəyirdilər ki, sonrakı dövrdə Qarabağın bütövlükdə işğalının özünü aça bilsin və yerli azərbaycanlı əhali arasında erməni qorxusunu yaratsın.

Cənab Prezidentin dediyi kimi, Azərbaycan Xocalının qisasını döyüş mövqeyində aldı və işğalçı Azərbaycan torpaqlarından qovuldu. Unutmaq olmaz ki, müharibə döyüş mövqeyində bitib, diplomatiya cəbhəsində isə davam edir və bütün cəbhələrdə düşmənin başını qaldırmasına belə icazə verilmir. Ümid edirik ki, yaxın dövrlərdə Xocalı soyqırımına beynəlxalq hüquqi qiymət veriləcək və Ermənistan Respublikası bütün soyqırım fəaliyyətinə görə məsuliyyət daşıyacaq.

Allah şəhidlərimizə və erməni terroru nəticəsində həyatını itirmiş bütün vətəndaşlarımıza rəhmət eləsin!

Yaşasın Azərbaycan!

Bahadur Hüseynov, 

Beynəlxalq münasibətlər üzrə magistr


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam