BAKI XANKƏNDİNDƏ KİMLƏRLƏ DANIŞA BİLƏR? -“Belələrini çətinliklə tapsaq da, bilməliyik ki...”
Politoloq Elxan Şahinoğlu bildirir ki, Ruben Vardanyan ikitərəfli təzyiq altındadır. Onun sözlərinə görə, onun Xankəndindəki fəaliyyəti bölgə ermənilərinə də çətinlik yaradır.
“Odur ki, Ruben Vardanyanın bölgəni tərk edəcəyi ehtimalı var” - deyə, o, əlavə edib.
Politoloq qeyd edib ki, separatçıların “lideri” Araik Arutunyan Qarabağ ərazısində doğulub, ancaq onunla da dialoq mümkün deyil.
Çünki Azərbaycan bu separatçı haqqında cinayət işi açıb, Gəncənin bombalanmasında rolu olduğunu etiraf edib: “Separatçıların keçmiş “xarici işlər naziri”, hazırda Araik Arutunyanın “müşaviri” David Babayan deyib ki, onları rəsmi Bakı ilə danışıqlarda kimin təmsil edəcəyini özləri müyəyənləşdirəcəklər. David Babayanın sözlərinə görə, onların müəyyənləşdirəcəkləri şəxs Qarabağla yanaşı Azərbaycanı da yaxşı tanıyan biri olmalıdır. David Babayanın sözlərindən anlaşılır ki, o, və onun “lideri” də Ruben Vadranyanın Bakı ilə təmas qurması imkanlarının olmadığını etiraf edibər. Ancaq rəsmi Bakının “separatçıların müəyyənləşdirəcəyi şəxslə” danışıqlar aparması da imkansızdır. Biz erməni icması içərisində beyni tam zəhərlənməyən və mövcud reallıqları qəbul etməyə hazır olan şəxsləri axtarmalıyıq. Ancaq belələrini çətinliklə tapsaq da, bilməliyik ki, onlar əli silahlı separatçıların nəzarəti altında olacaqlar və “təlimatlardan” kənara çıxa bilməyəcəklər”.
Təhliçi xatırladır ki, Qarabağda 1988-ci ildə separatçılığa başlayanda, bunun yanlış olduğunu anlayan bir neçə erməni var idi, ancaq onların səsini batırdılar və bir müddət sonra müəammalı şəkildə yoxa çıxdılar.
“Qərbə görüntü lazımdır ki, dialoq mövcuddur. Etiraz etmirik, ancaq şərtimiz də bəllidir: Ermənilər Qarabağda təhlükəsiz şəraitdə yaşamaq istəyirlərsə, Azərbaycan qanunlarını qəbul etməlidirlər, əks halda bölgəni tərk etməli olacaqlar”, - E.Şahinoğlu vurğulayıb. “Azpolitika”