QARAKƏND faciəsində QORBAÇOV İZLƏRİ... –İndi də sülhməramlılar istintaqa mane olacaq?
1991-ci il noyabrın 20-də Xocavənd rayonunun Qarakənd kəndi yaxınlığında Ermənistan silahlı qüvvələrinin atəşə tutması nəticəsində Azərbaycanın rəsmi şəxslərinin olduğu vertolyot qəzaya uğrayıb.
Yenixeber.org: O zamankı Azərbaycanın siyasi elitasını daşıyan vertalyot Xocavənd rayonun Qarakənd kəndi yaxınlığında, Ağdam rayonun Mərzili kəndi ərazisində erməni həbiləşdirilmiş dəstələri tərəfindən vurulub.
Həmin faciənin 30 illiyinə bir aydan bir qədər az vaxt qalır.
Bizim.Media xəbər verir ki, indiyə qədər hələ də məlum deyil ki, niyə içində dövlət katibi, daxili işlər naziri, baş prokuror, prezidentin mətbuat katibi və bir çox məsul şəxslər olan, hərbi əməliyyat zonası üzərindən uçan “Mi-8”i silahlı mühafizə vertolyotu müşayiət etmirdi? Niyə onların hamısı bir vertolyotda idi? Müəmmalar çoxdur.
Terrorun əvvəlcədən planlaşdırılmış olduğunu istintaq materialları da təsdiqləyir:
Hadisədən bir neçə gün əvvəl, 1991-ci il noyabrın 7-də Bakıda Qazaxstan, Azərbaycan, Türkmənistan, Rusiya və Ermənistan həmsədrlərinin görüşü keçirilir və bu görüşün məqsədi Qarabağ müharibəsi və hansı xalqın (Azərbaycan türkləri və ya ermənilər) sıxışdırıldığını müəyyən etmək olub.
Bu səbəbdən də həmsədrlər razılaşırlar ki, hadisələri öz gözləri ilə görmək üçün Xankəndinə getsinlər.
1991-ci il noyabrın 18-də Mixail Qorbaçovun şəxsi köməkçisi Kremldən Bakıya zəng vurur və Azərbaycanın Dağlıq Qarabağ rəhbərliyindən xahiş edir ki, Təhlükəsizlk Şurasının növbəti iclasını Dağlıq Qarabağda keçirsin. Çünki ərazidəki torpaq iddiasında olan erməni liderlərinin və Moskva nümayəndələrinin də bu iclasda iştirakı nəzərdə tutulur.
Bu telefon zəngindən sonra Bakıda siyahı tərtib olunur. Siyahıya Viktor Polyaniçko rəhbərlik etməli idi. Nümayəndələr, ancaq güc nazirliklərindən və Təhlükəsizlik Şurasının rəhbər orqanlarından ibarət olmalıydı.
Rayon komendantı Nikolay Jinkinin müavini, polkovnik Vladimir Kuşnarikin 1991-ci il noyabrın 18-də tərtib etdiyi və Bakı ilə razılaşdırılmış siyahısına “Aşanak” kolxozunun Heyvandarlıq Birliyinin sədri Emil Balayan, Vladimir Kuşnarikin özü, beynəlxalq erməni diasporu (əsasən Fransa və Kaliforniya erməni kilsələri) tərəfindən maliyyələşdirilən “Krunk” təşkilatının Dağlıq Qarabağdakı ideoloqlarından Oleq Yeseyan, “Yevkrapa” cəmiyyətinin maliyyə məsələlərinə baxan, onun Livan erməni diasporu ilə əlaqələndiricisi Leonard Petrosyan, zabit Tatavis Baqramyan və bir də qərara alınıb ki, Azərbaycan Xalq Cəbhəsinin Ağdam, Xocavənd, Füzuli, Cəbrayıl, Xocalı, Əsgəran rayon şöbələrinin liderləri və onların Bakı nümayəndəsi daxil olsun. Məşvərət lentə alınmalı və respublika televiziyasının “Günün ekranı” xəbərlər proqramında göstərilməli idi. Saat 13:40 dəqiqədə Ağdam hava limanına verilən xəbərdən sonra bu adamlar vertolyota minmirlər.
Rəsmi Moskva iclasda dövlət katibi Tofiq İsmayılov və baş prokuror İsmət Qayıbovun hökmən iştirakını xahiş edir. Bu xahişi isə məhz polkovnik Georgi Septa çatdırır. 1991-ci il noyabrın 19-u saat 19.05-də siyahı tərtib olunur. İlkin siyahı Tofiq İsmayılovun rəhbərliyilə müzakirə edilir. Millət vəkilləri Vaqif Cəfərov və Vəli Məmmədov siyahıdan çıxarılır.
Onların yerinə güc nazirliklərinin, qoşun birləşmələrinin rütbəli məmurları salınır. Siyahıya Viktor Polyaniçkonun başçılıq etməsi qüvvədə qalır.
Ancaq 1991-ci il noyabrın 19-da gecədən xeyli keçmiş siyahı təzələnir. Viktor Polyaniçkonun, güc nazirliklərindən seçilmiş şəxslərin adları siyahıdan çıxarılır. Millət vəkilləri Vaqif Cəfərov və Vəli Məmmədov siyahıya daxil edilir.
Tofiq İsmayılov tərtib olunmuş siyahıya başçılıq etməli, Ağdamda Təhlükəsizlik Şurasının səyyar iclası keçirməliydi. Yeni siyahını Ayaz Mütəllibov 1991-ci il noyabrın 19-u, saat 23:00-da təsdiqləyir. Qarabağa gedəcək adamların siyahısı DQ rəhbərliyinə, Ağdam hava limanına, hərbi komendanta və Moskvaya göndərilir.
Qrupun Dağlıq Qarabağ ərazisindəki fəaliyyətinə isə üçlük nəzarət edir — Dağlıq Qarabağ təhlükəsizlik rəisi, polkovnik Georgi Septa, hərbi komendantın müavini, polkovnik Vladimir Kuşnarik və Xocavənd milis rəisi, polkovnik Oleq Osenov.
Noyabrın 20-də saat 12.57-də Ağdam uçuş zolağındakı Mi-8 tipli iki vertolyotun 69 və 72 nömrəli yanacaq bakları doldurulur. Mi-8 N69 vertolyotu əsas vertolyot olmalı, onu iki nəfər – 1981-ci ildə Əfqanıstan döyüşlərində iştirak etmiş kapitan Lantev Mamontov və kapitan Pyotr Babuşkin idarə etməliydi.
İkinci vertolyot – Mİ-8 N72 isə birincini müşaiyət etməli idi. Amma ikinci vertolyot müşayiət olunmadan, yəni təhlükəsizliyi təmin edilmədən 13.48-də birincinin yerinə havaya qalxır.
Bəzi araşdırmalarda göstərilir ki, 1991-ci ilin noyabrın 20-də vertolyotu idarə edən 26 saylı Mİ-8 vertolyotunu idarə edən kapitan Gennadi Domov adlı pilot 1984- cü il martın 26-da Əfqanıstanın Cəlalabad vilayətində “İslam cəmiyyəti”-nin Mömin Camalxanındəstəsi tərəfindən idarə etdiyi Mİ-8 vertolyotu ilə birgə vurularaq öldürülüb.
Həmin ərəfədə Gülablı və Yenikənd istiqamətlərində hərbi maşınlarda qurulmuş (M-16-26 və MS-22-22 nömrəli) və Ağdam, Xocalı hava limanlarının uçuş və enmə zolaqlarını nəzarətə götürən radarlar vasitəsilə saat 14:05-də Ağdamdan Qarakənd istiqamətinə uçan Mİ-8 N72 vertolyotun rabitə əlaqələri kəsilir.
Qırılmış rabitə ilə bağlı ilkin məlumatlar Xocavənd istiqamətində ötürülür. Lakin törədilən faciə haqqında ilkin məlumat təqribən altı saatdan sonra verilir. Ağdam, Xankəndi və Xocavənd hərbi birləşmələrinin komandanlığı susurdu.
Qarakənd üzərində üç yüz metr yüksəklikdə uçan Mİ-8 N72 vertolyotu 1991-ci il noyabrın 20-də saat 14:42 dəqiqədə vurulub.
Faciə haqqında ilkin məlumat Prezident Aparatına saat 19:55-də çatır. Lakin bu faciə haqqında xəbər Xankəndidən erməni dilində yayımlanan «Vətən və vətəndaş» verilişinin xəbərlər bölümündə, saat 15:30-da yayımlanıb.
Həmin gün “Yerevan” radiosu saat 16:15-də xəbəri “qəza” kimi şərh edib. Saat 16:40-da Tehran radiosu, 17:00-da Moskva radiosu hadisə ilə bağlı məlumat verib.
İlkin rəsmi məlumatlarda vertolyotun dumana düşərək qayaya çırpılması ehtimalı irəli sürülsə də, sonradan onun vurulması faktı təsdiqlənib. Faktla bağlı 21 noyabr 1991-ci ildə Hərbi Qarnizon Prokurorluğu tərəfindən cinayət işi açılıb və istintaqın davam etdirilməsi üçün Respublika Prokurorluğuna verilib.
2010-cu ildə isə cinayət işi üzrə istintaq dayandırılıb. Səbəb hadisənin baş verdiyi ərazinin Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunmasıdır. Cinayəti törədən şəxsləri müəyyənləşdirmək mümkün olmayıb.
Lakin Qarabağın 2020-ci ildə azad olunmasından sonra dayandırılan istintaqın bərpası gözlənilir. Çünki hadisənin baş verdiyi ərazi artıq Azərbaycanın nəzarətindədir.
Araşdırmamız davam edir.