İrəvan-Ankara gizli danışıqlarının pərdəarxasındakı sponsoru -Türkiyə bayrağı niyə yandırıldı?
Tarixi unudanların bir daha xəritəyə yaxşı baxması lazım; erməni mediası: “Ermənistanın Qərbə qovuşması Türkiyə ilə barışıqsız mümkün deyil, şərtləri qəbul etməliyik...”
Yenixeber.org: Srağagün İrəvanda Daşnaksütyun Partiyasının üzvləri Türkiyə bayrağını yandırıblar. Hadisə Milli Təhlükəsizlik Xidmətinin binası önündə keçirilən etiraz aksiyası zamanı baş verib. Aksiya Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın Türkiyə ilə münasibətləri normallaşdırmağın vacibliyi barədə verdiyi açıqlamaya reaksiya olaraq düzənlənmişdi.
Bayrağı məhz daşnakların yandırması özlüyündə hər şeyi deyir. İki əsrdir məhz bu qatı anti-Türkçü ünsürlər erməni xalqının öz əsas qonşuları ilə barışığına hər vəchlə mane olur, düşmənçiliyi və radikallığı təbliğ edir, cəmiyyətdə Türkə nifrəti, ksenofobiyanı körükləyirlər, bu yöndə böyük pullar xərcləyirlər. İstər Ermənistanın özündə olsun, istərsə də xaricdə - zəngin erməni lobbisinin maliyyələşdirdiyi məkrli qurumlar səviyyəsində.
Bu siyasətin axırının olmadığı, erməni xalqına hansı bəla və müsibətlər gətirdiyi gün kimi aydın və ortada. Təsadüfi deyil ki, işğalçı Ermənistanın 44 günlük müharibədəki acı məğlubiyyətindən sonra daşnakların cəmiyyətdəki reytinqi indi 1%-dən də aşağıdır və onlar 20 iyuna təyin edilən erkən seçkilər nəticəsində parlamentə 1-2 deputatla düşmək üçün digər siyasi qüvvə ilə koalisiyaya getmək zorunda qalıblar...
*****
Bu gerçək öz yerində. Ermənistandakı anti-Türk qırğıları, müqəddəs Türkiyə bayrağını yandıranlar unutmasınlar ki, qardaş ölkə həm də NATO üzvüdür. Hər necə olmasa, Türkiyə timsalında Qərb, özəlliklə NATO pis-yaxşı öz maraqlarını regionda irəlilətmək imkanına malikdir. Ankaranın bölgədə Moskva ilə müttəfiqdən daha çox, “mehriban düşmənlər”, müvəqqəti tərəfdaş olması gerçəyini də qəbul eləmək lazım gəlir. Bir sözlə, İrəvana enində-sonunda Rusiyadan çox, yenə məhz Ankara gərək olacaq.
Bunu xəritəyə də baxıb görmək olar. Dünya okeanına çıxışı olmayan, Rusiya ilə birbaşa quru sərhəddən məhrum Ermənistan müstəsna olaraq NATO üzvü Türkiyə və bloklara qoşulmayan Azərbaycan hesabına real tərəqqi tapa bilər. Belə perspektivi artıq Moskvada da göz önünə alırlar. 30 ildə öz satellitini inkişaf yoluna çıxara bilməyən (bu, bəlli səbəblərdən mümkün də deyildi) Rusiya neçə aydır regionda sərhədlərin və kommunikasiyaların açılması üçün İrəvana təzyiq edir, bilə-bilə ki, bununla Ermənistanın Moskvadan asılılığı getdikcə azalacaq və Ankara-Bakı tandemi İrəvan üçün yeni təhlükəsizlik qarantına çevriləcək.
Eləcə də Qərbdə, xüsusən də ABŞ-da bunu kifayət qədər yaxşı dərk edirlər. Heç təsadüfi deyil ki, ABŞ Dövlət Departamenti az öncə açıqladığı sənəddə Ermənistanın qonşu Türkiyə və Azərbaycanla barışığı vacib sayılmışdı və bu barışıq üçün qrant ayrıldığı qeyd edilmişdi.
Bundan əvvəlki Tramp administrasiyası da analoji kursu izləyirdi. Prezidentin milli təhlükəsizlik məsələləri üzrə sabiq müşaviri Con Bolton isə Bakı və İrəvana səfərləri çərçivəsində Paşinyan hökumətinə Rusiyanın orbitindən uzaqlaşmaq və Türkiyə və Azərbaycanla yaxınlaşmaq üçün köhnə stereotipləri dağıtmağı, bundan ötrü də Qarabağ məsələsində konstruktiv mövqe tutmağı məsləhət görmüşdü. Başqa sözlə, İrəvana açıq mətnlə deyilmişdi ki, Rusiyanı yox, Qərbə qat-qat yaxın olan Türkiyəni öz xarici siyasət prioriteti hesab eləsin.
*****
Göründüyü kimi, Vaşinqtonun regionla bağlı strateji kursunda, Rusiyaya münasibətində köklü dəyişiklik yoxdur. Əksinə, bu kursun daha sərt xarakter alacağına dair siqnallar gəlir. ABŞ həmçinin ölkəmizin bölgədə açar rolunu qəbul edir. Bunu prezident Co Baydenin azərbaycanlı həmkarı İlham Əliyevə Novruzla bağlı göndərdiyi təbrik məktubundan da sezmək çətin deyildi.
Artıq Ermənistanda da ölkənin yeni geosiyasi oriyentasiyaya tapınmasının labüdlüyünü dərk edənlər artmaqdadır. Söhbət yalnızca gizli qərbçi Nikol Paşiyan getmir - hansı ki, sərhədlərin açılmasına əslində elə bu kontekstdə Rusiyadan uzaqlaşmaq üçün can atır. Eləcə də az-çox irəlini görə bilən təhlilçilər də bunu açıq deyir və yazırlar.
“Ermənistan gec-tez Rusiyanın təsir dairəsindən çıxacaq, xarici siyasət və geosiyasətdə Qərbə istiqamətlənəcək. Bu, Ermənistan üçün yeganə yoldur, amma burada da heç də hər şey hamar deyil. Qərb həm də NATO deməkdir, NATO isə öz növbəsində Qafqazda Türkiyə ilə təmsil olunur”.
Bu fikir Ermənistanın Politik.am portalındakı məqalədəndir.
“Əgər Ermənistan Rusiyanın təsir dairəsindən çıxaraq Qərbə tərəf üz tutsa, Türkiyə ilə münasibətlərə yüz faiz yenidən baxılmalıdır. Bu isə öz növbəsində ”erməni soyqırımı", Qarabağ məsələsindən tam olaraq imtina və nəticə etibarilə Zəngəzurdan əl çəkmək deməkdir. Ermənistan buna dövlətçiliyini qorumaq üçün razılaşmalıdır. Başqa seçimimiz yoxdur", - deyə məqalədə vurğulanır.
*****
Əlbəttə, hazırda Güney Qafqazın hər üç ölkəsində hərbi mövcudluğunu saxlayan Rusiya (Gürcüstanda bu mövcudluq qeyri-legitimdir) Ermənistanı boşuna əldən buraxmaz. Lakin hər şey Moskvanın istəyinə də bağlı deyil. Elə olsaydı, Rusiya qardaş Türkiyənin Azərbaycanda, Qarabağda hərbi mövcudluğunu əngəlləyərdi. Ancaq bunu bacarmadı. Çünki orta və uzaq perspektiv üçün proseslər Moskvanın xeyrinə olmayan məcraya yön alıb.
Bundan əlavə, İrəvan əgər qərbyönlü kurs qarşılığında Azərbaycana və Türkiyəyə ərazi iddialarından imtina edəcəksə, o zaman Qarabağda və Ermənistanda rus hərbi birləşmələrinə ehtiyac qalmayacaq, ruslar avtomatik iki ölkənin ərazisini tərk eləməli olacaq. Bölgədə rus hərbi qüvvəsi mövcud deyilsə, demək, Kremlin təzyiq rıçaqları da mövcud deyil. Rusiyanın hərbi təhdid vasitələrinin ortadan qalxması isə Ermənistanın bölgə ölkələri ilə, özəlliklə Türkiyə və Azərbaycanla sinxron inkişaf tapması anlamına gələcək.
Təsadüfi deyil ki, son vaxtlar Ankara-İrəvan gizli danışıqları haqda informasiyalar yayılmaqdadır. Doğrudur, Ermənistan XİN rəhbəri Ara Ayvazyan srağagün bunu təkzib edib (təsdiq eləməklə revanşist-daşnakların əlinə əlavə kozır verəsi deyildi ki?), ancaq bu yöndə hansısa prosesin getdiyini istisna eləmək də olmaz. Səbəbləri yazdıq.
Türkiyə bayrağını yandıran daşnak tör-töküntülərinin iddiasına görə isə 24 aprel ərəfəsində, Co Baydenin saxta soyqırımı tanımasının real olduğu vaxtda rəsmi İrəvanın Ankaraya yaxınlıq mesajları həm də o səbəbə xəyanətdir ki, bu məsələnin gündəmdən çıxmasına xidmət edir. Ancaq iş də ondadır ki və vurğulandığı kimi, ABŞ hökuməti Türkiyə və Ermənistan arasında barışıqda maraqlıdır. Hər halda, aprelin 24-nə bir şey qalmayıb...
*****
“Ermənistan qondarma soyqırım iddiasından əl çəkməyə hazırdır. Bu halda artıq dünyanın müxtəlif ölkələrində indiyədək təşkil olunan ”erməni soyqırımı" ilə bağlı tədbirlərə rəsmi səviyyədə sponsorluq edilməyəcək".
Bunu da Politik.am hökumətdəki etibarlı mənbələrə istinadən yazıb (Axra.az). Saytın məlumatına görə, hazırda İrəvanla Ankara arasında gizli danışıqlar davam edir: “Ankara İrəvandan qondarma ”erməni soyqırımı" iddiasından imtina etməyi tələb edib. Türklər bununla bağlı Ermənistan tərəfinə bütün arxiv məlumatlarını təqdim etməyə hazırdır. Ankara əminliklə bildirir ki, təqdim olunan bu faktlara əsasən əksər insanların şüurunda illərdir kök salan o illərin saxta məlumatları fiaskoya uğrayacaq. Türkiyənin bu tələbinə İrəvanın razılıq verməyə hazır olduğu bildirilir. Ermənistan tərəfi öz növbəsində iki ölkə arasında sərhədlərin açılma istəyini dilə gətirib".
Odur ki, İrəvanda Türkiyə bayrağını yandıran daşnaklar əslində öz xalqının gələcəyini yandırmaq istəyən və erməni toplumuna böyük pislik edənlərdir. Fəqət pislik həmişəki kimi, onların - daşnak-revanşistlərin özlərinə qalacaq...
“Müsavat”