Bahalı neft dövlət büdcəsinə -Neft Fondundan az köçürmələr deməkdir
Dünyada koronavirus pandemiyası üzündən məhdudiyyətlər davam etsə də, son günlər neft bazarında ixracatçıların ürəyinə su səpən bahalaşma baş verir. “Bloomberg”ə görə, bu məsələdə neft bazarını tarazlaşdırmanın vacibliyi barədə OPEC+ Nazirlər Monitorinq Komitəsinin bəyanatı mühüm rol oynadı. Belə ki, 3 fevral tarixli iclasda COVID-19-a qarşı dərmanların geniş yayılması ilə neftə tələbatın artacağı bildirilmişdi. Həmçinin Səudiyyə Ərəbistanı tərəfindən fevral – mart ayları əhatə edən 1 milyon barellik hasilat ixtisarının da əhəmiyyəti qeyd olunur.
Yenixeber.org: Nəticədə “Brent” markalı neftin aprel fyüçersləri cümə günü son bir ilin zirvəsi olan 59,4 ABŞ dollarına, “Azeri Light” isə hətta 60,51 dollaradək yüksəldi. Burada xatırlatmaq yerinə düşər ki, cari ilin dövlət büdcəsi neft qiymətinin 40 dollarlıq həddinə əsasən tərtib olunub. Bununla yanaşı prezident İlham Əliyev də 2021-ci ildə dünya bazarında neftin 50 dollardan aşağı düşməsinin ağlabatan olmadığını bildirmişdi. Dövlət başçısının fikrincə, nəticədə büdcədə yaranacaq qalıq Dövlət Neft Fondundan transferləri (2021-ci ildə 12,2 milyard manat həcmində nəzərdə tutulur) azaltmaq, yaxud Qarabağda bərpa və quruculuq işləri üçün sərf oluna bilər.
Qeyd edək ki, ARDNF-dən transferləri azaltmaq artıq neçə ildir hökumətin mühüm hədəfləri arasındadır. Elə iqtisadiyyatda, dövlət büdcəsinin mədaxilində, ÜDM-də qeyri-neft sektorunun payını artırmağa yönələn çoxşaxəli fəaliyyət də bunu nəzərdə tutur. İqtisadiyyat naziri Mikayıl Cabbarovun bu yaxınlarda qeyd etdiyi kimi, həmin istiqamətdə artıq xeyli nailiyyətlər var. Belə ki, ötən il ÜDM-də qeyri-neft sektorunun payı 70 faizi ötüb, dövlət mədaxilindəki payı isə rekord göstərici olan 76 faizə çatıb.
ARDNF-dən dövlət büdcəsinə transferləri həcmi 2003-cü ildən cari ilin 1 yanvar tarixinədək 112,1 milyard manatdır. Obyektiv səbəblərdən ARDNF aktivlərinin həcmi artsa da, bu prosesin bir qədər yavaşlandığı (2020-ci ildə 0,6 faiz) nəzərə alınsa, həmin transferləri tədricən azaltmağın zəruri olduğu üzə çıxır. Həm də “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair milli prioritetlər” adlı sənəddə də dövlətin valyuta ehtiyatlarını sabit saxlamaq üçün ARDNF-dən dövlət büdcəsinə köçürmələri tədricən azaltmağın vacibliyi qeyd olunur.
Bəs həmin transferləri artıq bu ildən azaltmağa başlamaq mümkündürmü? Buna birmənalı cavab vermək çətindir. Əvvəla, koronavirusa qarşı peyvənd işlərinə başlansa da, bu xəstəliklə bağlı məhdudiyyətlərin bütövlükdə aradan qaldırılması barədə danışmaq tezdir. Sözsüz ki, dövlət büdcəsində pandemiya üzündən ötən il bütün göstəricilərin dəyişdirilməsi bu il də baş vermə ehtimalı azdır. Xatırladaq ki, buna baxmayaraq dövlət büdcəsi 1,7 milyard manatlıq kəsirlə 96,1 faiz səviyyəsində yerinə yetirildi ki, bu da heç də pis nəticə deyil, çünki kəsirə dair ilkin proqnoz 50 faiz çox olub. Amma vergi xidməti nəzərdə tutulan mədaxil göstəricilərini artıqlaması ilə yerinə yetirdiyi üçün ARDNF-dən transferlərin büdcədə göstərilən həddini aşmamaq mümkün oldu.
Lakin bu il hökumət qarşısında işğaldan azad edilmiş torpaqlarda geniş bərpa və quruculuq işləri aparmaq kimi irimiqyaslı vəzifə durur. Təbii ki, bütün infrastrukturun sıfırdan qurulacağı, həm əhali, həm də sahibkarlıq subyektləri üçün ən təməl şəraitin yaradılacağı üçün ilkin mərhələdə əsasən dövlət sərmayələri yatırılacaq. Görüləcək işlər, sərf ediləcək vəsaitlər hələ indi-indi təxmini götür-qoy edildiyi nəzərə alınsa, dövlət büdcəsində Qarabağ üçün nəzərdə tutulan 2,2 milyard manatın da ilkin vəsait olduğu aydınlaşır.
Bununla belə, yerli və xarici ekspertlərin artıq dəfələrlə qeyd etdikləri kimi, Qarabağın bərpasına dair layihələr bütövlükdə ölkənin, həm də sırf qeyri-neft sektorunun inkişafı üçün güclü təkan olacaq. Odur ki, 2025-ci ilədək qeyri-neft ixracatını ikiqat artırmaq barədə hökumətin qarşıya qoyduğu vəzifə heç də mücərrəd görünmür. İqtisadiyyat naziri M.Cabbarovun qeyd etdiyi kimi, dövlət büdcəsinə qeyri-neft mədaxilinin artması ölkədə yeni sərmayə və sahibkarlıq mühitinin yaradılmasına yönələn iqtisadi modeli həyata keçirmək üçün təklan olacaq.
Beləliklə, ARDNF-dan dövlət büdcəsinə köçürmələrin azalmasına bu il olmasa da, gələn il mütləq başlanacaq. Ən əsası dünya miqyasında yeni xoşagəlməz hadisələrin baş verməməsidir.
Qulu Nuruyev, ekspert