Dostun, dost düşməni qapısında nə işi var?
Son iki gündə Rusiya KİV-nin və yerli KİV-in yaydığı məlumatlarla tanış olduqca məhz bu sual ətrafında düşüncələrə dalmalı olursan: Rusiya gerçəkdənmi Azərbaycana dost ölkədir? Və ya heç olmasa, Rusiya bizim mehriban qonşumuzdurmu?
"Xeberinfo.com": Son bir ildə bu sual ətrafında manipulyasiya edən rusiyalı sityasətçilərin və «qurulan oyunlar»ın sayı durmadan artır. Məsələn, Azərbaycanımıza (eləcə də bütöv türk dünyasına) nəhayətsiz antipatiyası ilə seçilən Jirinovski birdən-birə, Bakı ilə çoxdan isti münasibətləri olduğundan, ölkəmizin postsovet dönəmində qazandığı uğurlardan ağızdolusu danışmağa girişib. O, hətta rus əyyaşlarına ünvanlı çox məkrli bir ismarıc da səsləndirb ki, sən demə, Azərbaycan istəsə Rusiyanı konyakla, şərbala çimizdirə bilər və s.
Bu yerdə, yadıma Jirinovskinin bir çağırışı düşür. Bir müddət əvvəl Azərbaycan Silahlı Qüvvələrinin zabiti Ramil Səfərovun vətənə qaytarılması və əfv ediləsinə etiraz əlaməti olaraq Moskvada yaşayan ermənilərin Rusiya paytaxtında təşkil etdiyi mitinqə qatılan həmin Jirinovski «ermənilər bizim qardaşlarımızdır» – deyərək, erməni terror və məxfi xidmət strukturlarını bütün dünyada azərbaycanlılara qarşı terrora çağırmışdı! O zaman bizimlə dost olduğunu «sağa-sola üfürən» Kreml Jirinovskiyə «gözün üstə qaşın var» demədi. Hansı ki, terrora çağırış özü elə terror qədər kriminal deməkdir və bəzi hüquqi epizodlarına görə, terroru təşkil etmək kimi insanlığa düşmən çalışmaya barəbər tutulur.
Başqa bir ibrətamiz misal. Bu ilin fevralında Azərbaycan saytlarından birinə açıqlama verən Rusiya Dövlət Dumasının deputatı, Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Dmitri Savelyev «Azərbaycanın çiyninə söykənmək olar» deyərək, AŞPA-dakı məlum səsvermə zamanı ölkəmizin tutduğu mövqeni ağızdolusu tərifləmişdi:«İnanmaq istərdim ki, Azərbaycanın tutduğu qətiyyətli və ədalətli mövqe Birləşmiş Ştatların təzyiqi altında əyilən ölkələrin nümayəndələrini utanmağa məcbur edəcək. Biz, çoxdanın strateji müttəfiqiyik və Azərbaycan-Rusiya münasibətləri həmişə qarşılıqlı anlaşma və qarşılıqlı dəstəyə söykənib. Bunca qiymətli dəstəyə görə, qardaş Azərbaycan xalqına çox-çox təşəkkür etmək istəyirəm…»
Bu istiqamətdə çoxlu misallar gətirmək olar, amma hesab edirəm ki, bu seçmələrim də kifayət edər ki, hörmətli oxucular məhz nəyi nəzərdə tutduğumu əlüstü hesablaya bilsinlər.
Belə dostluq notları vaxtaşırı olaraq, Azərbaycanlı məmurların dilindən də səslənir. Hər şeyi öz adı ilə çağırsaq (gərəkdir ki, çağıraq!) onda, tərəddüd etmədən söyləmək olar ki, Azərbaycanda bu «dostluq»a inanan demək olar ki, yoxdur, varsa da, onların sayı barmaqla sayılacaq qədər azdır. Səbəbi aydındır – bütün istiqamətlərdə olduğu kimi, dostluq məsələsində də Rusiyanın sözü ilə əməli heç vaxt üst-üstə düşməyib!
O biri tərəfdən, 1828-ci il o qədər uzaq tarix deyil ki, Azərbaycan xalqı Rusiya tərəfindən vətənimizin yarısının işğal edilib, imperiya qapazaltısına çevrildiyini unutsun!
1920-ci il o qədər uzaq tarix deyil ki, əzəli torpaqlarımız olan İrəvanın, Göyçənin, Zəngəzurun əlimizdən alınıb, yerində indiki «qurbağa gölü»nün – Ermənistan Respublikasının yardılmasını unudaq!
1993-cü il o qədər uzaq tarix deyil ki, cənnət Qarabağımızın əlimizdən alınaraq, gəzəyəntə «friq»ə (Azərbaycanlı tarixçi Qiyasəddin Qeybullayevə görə, ermənilərin əsl adı «friq»dir və onlar ilk olaraq indiki Bolqarıstan ərazisindən Van ətrafına köç ediblər) verildiyini unudaq!
Bu gün isə KİV-lər xəbər yaydılar ki, Rusiya prezidenti Putin «erməni soyqırımı»nın 100 illik yubileyi münasibətilə İrəvanda keçiriləcək tədbirdə iştirak etmək üçün Ermənistana səfər edəcək. Kim bilməsə də, Putin (Rusiyanın prezidenti!) yaxşı bilir ki, tarixdə heç bir «erməni soyqırımı» olmayıb – bu, sərsəm xülya Eçmiədzinin uydurmasından başqa bir şey deyil!
Putin şəxsən özü qonşu dövlətlərlə, o cümlədən, Türkiyə ilə sıx və mehriban qonşuluq əlaqələri qurmağa çalışdığını dəfələrlə bəyan edib. Belədə, məntiqi sual yaranır: Bəs, Putin İrəvana nəyə gedir, hansı soyqırımı yad etmək fikrindədir, bu hərəkəti ilə Türkiyəni nə üçün incik salıb, münasibətləri korlamaqan çəkinmir?
Bundan bir gün əvvəl isə Ermənistanın xarici işlər naziri Nalbəndoğlu («nalbənd» türk sözüdür – nal düzəldən, at nallayan, atın nallarını dəyişən ustanı nəzərdə tutur) həyasızcasına deyib ki, Türkiyə Qarabağ münaqişəsinin həllinə kömək etmək istəyirsə, ondan uzaq durmalıdır. Guya ki, bu məsələdə köməkçiləri seçmək də Nalbəndoğlunun səlahiyyətində imiş!
O biri tərəfdən, Putinin hazırlaşdığı İrəvan səfəri ərəfəsində Ermənistan «böyük sülh sazişi» deyilən sənədin hazırlığına başlamaqdan imtina edib. Həmsədr dövlətin başçısı olaraq, Putin sözügedən mətləbə yönəlik bu səfərin siyasi-diplomatik mənasını anlamırmı?! İnanmaq çətindir…
Heç kimə sirr deyil ki, Nalbəndoğlu (onun şəxsində isə Emənistan) çoxdan rusun qucağında oturub, «erməni genosidi simfoniyası»nın notlarına qulaq asaraq, mürgü vurur – tərpənməyə də qorxur ki…! Amma o da var ki, gerbi ikibaşlı qartal olduğu kimi, Rusiyanın siyasəti də çoxüzlüdür və nəhayət gün gələcək ki, bu ayı ermənini qucağında saxlamaqdan usanacaq. O zaman Nalbəndoğlunu oturduğu yerdən «qaldırıb» çirkab nohuruna atacaq. Bax, o zaman «qazının sünnət toyu» olacaq ki, bu, başqa bir yazının mövzusudur…
Hər kəsə aydındır ki, dostluq birtərəfli olmur – birtərəfli məhəbbət «övlad» yetirməz. Rusiyanın Azərbaycana yönəlik davranışı da dostluqdan xəbər vermir. Buna əmin olmaq üçün tarixi bir epizoda diqqət yetirmək pis olmazdı. Xatırlayırsınızsa, ötən ilin avqustunda Dağlıq Qarabağda ermənilərin qəflətən fəallaşması və nəticədə, şiddətli müharibə anlarının yaşanmasından dərhal sonra Soçidə Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin görüşü keçirildi – Putinin təşəbbüsü ilə. Görüş ərəfəsində bizə tanış persona olan həmin Jirinovski dedi ki, Qarabağ münaqişəsinin açarı Kremldədir və Putin necə desə, məsələ də elə həll olunacaq! Fəqət, münaqişə hələ də həll olunmamış qalır. Deməli, Putin hələ heç nə deməyib? Deməyibsə, nə üçün demir – gözləyir ki, bu cəbhədə hələ çoxlu sayda insan öldürülsün?! Yaxud, istəmir ki, Azəbaycanın ərazi bütövlüyü bərpa olunsun? İstəmirsə, daha onun harası dost oldu?! Amma yox, Jirinovski bir başqa «aforizm» də səsləndirib:«Ruslar respublika sözünü anlamırlar, onlar imperiya kəlməsini bilirlər…». Buradan belə çıxır ki, Rusiya ümumiyyətlə, dost ola bilmir – onun imperiya ambisiyaları dostluq hisslərini çoxdan öldürüb!
O zaman bizim birtərəfli məhəbbətimizə lüzum qalırmı? Gəlin özümüzü aldatmayaq…
AzPolitika.info