Azərbaycanda qudalaşan bacı-qardaşlar...-PROBLEM
…Ağdaş rayon sakini Aygün Əliyeva 3 qız anasıdır. İlk övladı serebral ifliclə doğulub, iki qızı isə talassemiya xəstəsidir.
Yenixeber.org: Aygün deyir ki, atasının təkidi ilə əmisi oğlu ilə ailə qurub. Qohum evliliyi nəticəsində uşaqların xəstə doğulma ehtimalından xəbərsiz olub. Həm özünün, həm də həyat yoldaşının talassemiya daşıyıcısı olduğunu da çox sonralar öyrənib. “Qardaşım xalam qızı ilə evlənib, bacım bibim oğlu ilə ailə qurub. Bizim kənddə çoxu öz qohumu ilə ailə qurur. Onların övladları xəstə deyil”, - Aygün virtualaz.org saytının əməkdaşına söyləyib.
Uşaq Nevroloji Xəstəxanasında müalicə alan 5 yaşlı Dənizin valideynləri xalaqızı-xalaoğludur. Anası Lalə deyir ki, qızına dayaq-hərəkət aparatının pozulması diaqnozu qoyulub.
Artıq bu fakt təsdiqlənib - qohum evliliyi uşağın xəstə doğulma riskini artırır. İllərdir dövlət və qeyri-hökümət təşkilatları tərəfindən təbliğat aparılır, maarifləndirici tədbirlər görülür. Amma nəticə dəyişmir, qohum evliliklərinin sayı azalmaq əvəzinə artır.
Hər yüz ailədən 20-si?
Azərbaycanda qohum nikahlarının rəsmi statistikası aparılmır, yalnız müşahidələrə əsasən təxmini rəqəm söylənilir. Məsələn, qadın hüquqları ilə məşğul olan QHT-lər hər yüz ailədən 20-sinin qohum nikahı olduğunu iddia edir.
Qohum evliliyi əsasən Bakı kəndlərində, cənub və aran rayonlarında geniş yayılıb. Qeyri-rəsmi statistikada qohum evliliklərinin ümumi nikahların hətta 58 faizini təşkil etdiyi bildirilir.
Hər 12 nəfərdən biri talassemiya daşıyıcısıdır
B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun diaqnostika üzrə həkimi Günay Əliyeva deyir ki, qohum evliliklərində irsi xəstəliklərin uşaqlara ötürülmə risqi yüksək olur. Bu xəstəliklərin sferası isə çox genişdir. “Bizi daha çox talassemiya narahat edir. Çünki Azərbaycanda hər 12 nəfərdən biri talassemiya daşıyıcısıdır. Ailə quran gənclərin icbari tibbi muayinəyə cəlb edilməsindən sonra vəziyyət nisbətən yaxşılığa doğru dəyişib. Biz talassemiya daşıyıcısı olan cütlükləri nəzarətdə saxlaya bilirik, uşaqların talassemiya xəstəsi olub-olmadığını ana bətnində müəyyənləşdiririk”, - həkim əlavə edib.
Nikahdan əvvəl aparılan muayinələrin müsbət tərəflərindən biri də cütlüyün qan xəstəlikləri ilə bağlı məlumatlandırılmasıdır. Cütlüyün hər ikisi talassemiya daşıyıcısıdırsa uşaqlardan birinin xəstə olma ehtimalı 25 faizdir. Qohum evliliyində isə bu ehtimal 25 faizdən daha yüksək olur.
“Elə ailə var ki, hər iki uşağı xəstədir”
İnstitutun direktoru Zöhrə Əlimirzəyeva isə söyləyir ki, talassemiya daşıyıcısı olan 72 cütlük perinatal muayinə edilib. Onlardan 29-u qohum evliliyidir, 10 cütlük yaxın qohumdur:
“Yaxın qohumların oxşar genləri çoxdur. İki xəstə patoloji gen daşıyıcıları evlənirsə, uşağın xəstə doğulma riski artır. Biz nikahdan əvvəl müayinələrin tətbiqindən sonra daşıyıcı cütlükləri nəzarətdə saxlayırıq. Ondan əvvəl ailə quranlar haqqında məlumatımız yoxdur. Buna görə də, əsas iş ginekoloqların üzərinə düşür. Ginekoloq hamiləlik zamanı qadında qan azlığı müşahidə edirsə, bizə müraciət etməlidir”.
Ana bətnində dölün müayinəsi
Valideynlərin hər ikisində talassemiya daşıyıcılığı aşkarlanarsa hamiləlik zamanı ana bətnində döl müayinə olunur. Z.Əliyeva deyir ki, talassemiya daşıyıcılarının birinci, ikinci övladı tam sağlam doğula bilər. Amma bu, üçüncü, dördüncü uşağın da sağlam doğulacağına təminat vermir.
“Ana bətnində dölün yoxlanılması Respublika Perinatal Mərkəzində ixtisaslaşmış həkimlər tərəfindən aparılır. 12-18 həftəlik hamilələrdə döldən müayinələr götürüb yoxlanılır. İndiyədək bu müayinələrin götürülməsində ana və ya uşaqda fəsadlar aşkarlanmayıb. Daha yaxşı olar ki, hamilə qadın 12 həftədən əvvəl müraciət etsin”, - Z.Əliyeva qeyd edib.
Üçəmlərin ikisi talassemiya daşıyıcısıdır
Doğulacaq uşağın talassemiya xəstəsi olduğu aşkarlanandan sonra hamiləlik süni pozulur. Z.Əliyeva deyir ki, gənc bir ailənin həm birinci, həm də ikinci uşağının xəstə olduğunu müəyyənləşdirilib. Yalnız üçüncühamiləlikdə uşaqda xəstəlik aşkarlanmayıb, yəni uşaq tam sağlam doğulacaq. Lakin elə ailə var ki, üçəm dünyayagələcək, artıq ana bətnində uşaqların ikisinin talassemiya daşıyıcı olduğu aşkarlanıb. Buna görə də ailə hətta 3-cü uşaq xəstə doğulsa belə digər iki uşağın həyatını sonlandırmaq istəmir.
Qeyd edək ki, ötən il 39 hamilə qadın müayinə edilib, 10 uşaq xəstə doğulacağı üçün abort etdirilib.
İddia: xalaoğlu-xalaqızı nikahı daha təhlükəlidir
Həkim Səbinə Məmmədova isə iddia edir ki, xalaoğlu-xalaqızı nikahlarından olan uşaqlarda əqli və fiziki qüsurlar daha çox qeydə alınır. Çünki ana tərəfdən qohum nikahlarında xəstə uşaqların doğulma riski daha böyükdür. Həkim təcrübəsində xalaqızı-xalaoğlu evliliyində beynin düzgün formalaşmaması, şəkərli diabet, eşitmə, görmə qabiliyyətinin zəifləməsi kimi şikayətlərlə tez-tez rastlaşdığını söyləyir.
“Yaxın qohumların genləribənzərdir. Xəstəliklərə səbəb ola biləcək genlər qohum evliliklərində uşağa ötürülür. Bu genlərin böyük əksəriyyəti resessiv xəstəliklərdir. Bu o deməkdir ki, uşaqda genin bir surəti varsa, o, xəstə olmur. Amma eyni gen həm anadan, həm atadan gəlirsə uşaq xəstə doğulur. Eyni gendən resessiv genə sahib olma ehtimalları 50 faizdir. İki tərəfdən də 50 faiz ehtimalla gələn resessiv genin körpədə xəstəliyə səbəb olma ehtimalı 25 faizdir.
Qohumluq uzaqlaşdıqca uşağın xəstə doğulma riski azalır
“Əgər mənə vaxtında desəydilər ki, uşaq xəstə doğulacaq, bu evliliyə razı olmazdım. İndi əzab çəkirəm”, - 5 yaşlı Dənizin anası deyir.
Ailədə əsas xoşbəxtlik uşağın sağlam olmasıdır, ehtimallar belə qərar verərkən 2 dəfə düşünməyə yetərlidir.(Virtualaz)
Ülviyyə Xudiyeva
Foto Samirə Həsənovanındır