Aztəminatlı ailələrə məktəb ləvazimatları pulsuz verilsin –təklif
Kamran Əsədov: “Postsovet ölkələri arasında ən bahalı dəftərxana malları Azərbaycandadır”; Məlahət Mürşüdlü: “Belə ailələr üçün hökumətin proqramı olmalıdır”; Əhməd Qəşəmoğlu: “Elə etmək lazımdır ki, uşaq hələ məktəbə getməmiş böyük psixoloji zərbə almasın”
Yenixeber.org: Yeni tədris ilinin başlamasına 15 gün qaldı. Vaxt daraldıqca uşaqlar da, valideynləri də narahatlıq hissi keçirir. Narahatlığa səbəb də məktəb ləvazimatlarının alınması ilə bağlıdır. Təəssüf ki, maddi problemlərə görə bu gün valideynlərin bir çoxu övladlarını məktəb ləvazimatları ilə tam təmin edə bilmir.
Bəs qiymətlərə necə nəzarət edilməlidir? Aztəminatlı ailələrin uşaqları üçün dövlət tərəfindən hansısa proqramlar yaradılmalıdırmı?
Təhsil eksperti Kamran Əsədov bildirdi ki, qiymətlərə ciddi nəzarət olunmalı və vahid yarmarkalar yaradılmalıdır: “Yeni dərs ilinə köhnə problemlərlə başlayırıq. Son bir həftədə Azərbaycanda məktəblilər üçün təşkil olunan yarmarka və digər yerlərdə satılan məktəb ləvazimatları arasında apardığım araşdırma göstərir ki, postsovet ölkələri arasında ən bahalı dəftərxana malları Azərbaycandadır. Bizdə bir məktəbli üçün minimal dəst təxminən 55 manata başa gəlir. Halbuki oxşar dəsti Moldovada 35 manata, Qırğızıstanda 32 manata, Qazaxıstanda 27 manata, Rusiyada isə 19 manata almaq olar. Ən ucuz dəftərxana dəsti Ermənistan və Belorusdadır. Ermənistan məktəblisi dəftərxana malları üçün ən azı 16 manat ödəməlidir. Belarus məktəblisinin minimal xərci isə 12 manat təşkil edir. Məktəbli geyimlərinin alınması üçün rusiyalı valideynlər daha çox xərcə düşürlər. Rusiyada məktəbli geyiminin bir dəsti təxminən 130 manata başa gəlir. Qazaxıstanda bunun üçün 82 manat, Azərbaycanda isə 80 manat ödənilməlidir. Ukraynada bu geyimləri 41 manata, Belarusda 39 manata almaq olar. Yaxın qonşularımızda vəziyyət nisbətən yaxşıdır. Ermənistanda şagird geyimi 40 manatadır. Gürcüstanda isə məktəbli geyimləri 20 manat təşkil edir. Dərsliklər hər il məktəblilərin baş ağrısına çevrilir. Azərbaycan və Qazaxıstanda dərsliklər pulsuz paylanılır. Ermənistanda dərslikdən istifadəyə görə ödəniş nəzərdə tutulub. Moldovada ibtidai siniflər üçün pulsuz olan dərsliklər yuxarı sinif şagirdlərinə pulla verilir. Qırğızıstanda kitabdan istifadəyə görə ödəniş haqqı ləğv edilib. Qırğız şagirdi indi çatışmayan hər dərslik üçün təxminən 3 manat ödəməli olur. Gürcüstanda bir dərslik 4 manata, Rusiyada isə 5,5 manata satılır. Azərbaycan valideyni ora məktəbə övladını yola salmaq üçün azı 80 manata məktəbli forması, 40 manata çanta, 40 manata ayaqqabı almalıdır. Bunlardan əlavə, dəftər, qələm və digər vacib olan ləvazimatlar almalıdır ki, bu da hər bir valideynin tədris ilinin əvvəlində azı 200 manat xərc çəkməsi ilə nəticələnəcək. Bu xərclərin azaldılması üçün vahid yarmarkalar yaradılmalı və qiymətlərə ciddi şəkildə nəzarət olunmalıdır”.
Azad Müəllimlər Cəmiyyətinin sədri Məlahət Mürşüdlü bildirdi ki, bu istiqamətdə müxtəlif kampaniyalar başladılmalı, aztəminatlı ailələrə məktəb ləvazimatları pulsuz verilməlidir: “Bu sahədə bahalaşma gözlənilən idi. Biz bunu hər il müşahidə edirik. Aztəminatlı ailələr çox hallarda uşağı geyim, ləvazimat almaq baxımından məktəbə tam hazır edə bilmir. Düşünürəm ki, aztəminatlı ailələr üçün hökumətin proqramı olmalıdır. Bu xüsusi proqramla geyim, məktəb ləvazimatları həmin uşaqlara pulsuz, hökumət hesabına verilməlidir. Bundan başqa, ailə başçısını itirmiş, şəhid ailələri var ki, onlara hökumətin kampaniyası olmalı və yaxud şirkətlər, xeyriyyəçi insanlar irəli çıxıb bir kampaniya təşkil etməlidir. Burada əsas funksiya Azərbaycan hökumətinin üzərinə düşür. Belə bir proqramların olması daha yaxşı olar. Bu olarsa, mövcud problem də həllini tapar”.
Sosioloq Əhməd Qəşəmoğlu bildirdi ki, aidiyyəti qurumların bununla bağlı bir proqramı olmalıdır ki, uşaq ilkin addımdan psixoloji zərbə almasın: “O vaxtlar birinci sinfə gedəndə nə qədər həvəslə, xoş ovqatla gedirdik. Düşünürdük ki, həyatımızda böyük dəyişiklik olacaq. Həmin vaxt valideynin də qəlbi böyük arzularla dolur ki, övladım məktəbə gedir, bir şəxsiyyət kimi formalaşacaq. Bu həssas bir vaxtda çalışmaq lazımdır ki, məktəbə gedəcək həmin şagirdi incidən heç bir iş olmasın. Təsəvvür edin ki, 7 yaşında bir uşaq görür ki, sağda, solda hamı həvəslə məktəbə getməyə hazırlaşır, bunun isə çantası və ya ayaqqabısı yoxdur. Bu uşaq hələ məktəbə getməmiş böyük psixoloji zərbə alır və bu zərbə onun sonrakı həyatında böyük rol oynayır. Ona görə də belə məsələlərdə bizim Təhsil Nazirliyinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və digər uyğun qurumların birlikdə bir proqramı olmalıdır. Çox təəssüf ki, belə proqramımız yoxdur. Biz həqiqətən də aydınlaşdırmalıyıq ki, hansı ailə həqiqi mənada imkansızdır. Sabah bir proqram yaradılsa ki, hansı ailə imkansızdır, bir də baxacaqsınız ki, bazarda səhərdən axşama alver edənlərin bir çoxu imkansız ailə siyahısına düşdülər . Biz bu cür hadisələrin şahidi oluruq. Ünvanlı sosial yardım alanların içərisində məlum oldu ki, güzəranı yüksək olan xeyli adam var. Burada bizim ən böyük problemimiz obyektivliyin itməsidir. Proqram olmalıdır ki, ən azı birinci sinfə gedən uşaqda bir problem olmasın, həssas yanaşılsın. Çünki bu vaxt uşağın fundamenti qoyulur. Fundamenti yaxşı qoyulan uşaq gələcəyin alimi, sərkərdəsi ola bilər. Amma onların psixologiyasına zərbə vurmaqla gələcəkdə arzu olunmayan bir şəxsin formalaşmasına sanki şərait yaradırıq”.