“Mart ayı manat üçün çox ağır ay olacaq” -EKSPERTDƏN ŞOK AÇIQLAMA
“50 gün ərzində maraqlı iqtisadi hadisələr baş verdi”.
Xeberinfo.com: Bu sözləri iqtisadçı ekspert Natiq Cəfərli musavat.com-a ölkənin yeni ildə iqtisadi göstəricisini dəyərləndirərkən bildirdi. Ekspert bu günlər ərzində iqtisadi göstəricilərin ürəkaçan olmadığını qeyd etdi: “Mərkəzi Bank çox sürətlə manatın dəyərdən düşməsinə çalışdı və rəsmi məzənnə dolların qarşısında 1.92 səviyyəsinə qədər düşdü. Sonradan isə 15 gün öncə yenidən əks prosesə start verildi və manatı möhkəmləndirməyə başladılar. Bu günə qədər Mərkəzi Bank və hökumət nümayəndələrindən bir nəfər də olsa kimsə bununla bağlı məntiqi açıqlama və izahat verməyib. Yalnız ekspertlər tərəfindən müxtəlif versiyalar səsləndi və bu prosesin dayanaqsız, müvəqqəti olduğu fikri formalaşdı. Görünən də odur ki, son hərraclarda proses səngiyib və əks proses başlaya bilər. Yəni manatın yenidən dəyərdən düşməsi prosesinə start gözləntisi formalaşıb. Bu, 50 gündə əsas məsələ idi”.
Ekspert ötən ilə qeyri-neft sektorunda da nisbətən geriləmə olduğunu vurğuladı: “Qeyri-neft sektoruna böyük ümidlər bağlanmışdı və onun getdikcə inkişaf edəcəyinə, ixracda ciddi rol oynayacağı haqqında fərmanlar verilmiş, müəyyən işlər görülmüşdü. Doğrudur, çox qısa zamanda bunun həmən iqtisadiyyata yansıması mümkün deyil. Hər halda bu ilk 50 gündə görünəni bu oldu ki, qeyri-neft sektorunun ixracatında da ötən ilə nisbətən geriləmə müşahidə etdik. Bu da onu göstərir ki, işlər yerində deyil”.
Natiq Cəfərlinin sözlərinə görə, ilk 50 gündə baş verən müsbət hal ilin əvvəlindən bu günə qədər neftin qiymətində ciddi enişin olmaması sayıla bilər: “Təqribən 55 dollar civarında neft sabitləşib, bu da Azərbaycanın gəlirlərinin müsbət mənada artımına təsir göstərən əsas amilə çevrilib. Yəni ötən ilin ilk 50 gününə baxsaq təqribən neftin qiyməti ortalama 36-37 dollar civarında idi. Bu gün isə 55 dollardır, təqribən 20 dollar hər bareldə artıq vəsaitin daxil olması üçün şərait yaradıb ki, yeganə müsbət gəlişmə də bundan ibarətdir. Bu da hökumətdən asılı olmayan bir məsələdir, yəni dünya birjalarında gedən proseslərin nəticəsidir. Beləliklə, hələlik 50 gün ərzində baş verən proseslər optimist olmağa, təəssüf ki, imkan vermir. Yəni Azərbaycanın iqtisadi xroniki problemləri hələ də yerində qalır. Bank sektoru da xeyli zəifləyib. Kreditləşmə aşağı düşüb, banklar tərəfindən bu proses demək olar ki, dayandırılıb. Manat kütləsi dövriyyədə azalıb. Bütün bunlar iqtisadi aktivliyin azalmasına səbəb olub və bu da çox mənfi bir haldır, iş yerlərinin azalmasına, insanların gəlirlərinin aşağı düşməsinə səbəb olub”.
Ekspert yaxın günlərdə manatın taleyi ilə bağlı da proqnozunu açıqladı: “Mart ayı manat üçün çox ağır ay olacaq. İdxaldan asıllığımızı nəzərə alaraq bayramlar qabağı idxalın artması gözlənilir, bu da ölkədən valyuta çıxışının sürətini artıracaq. Mart ayında təqribən 9 günə yaxın bayram olacaq və həmin günlər ərzində kifayət qədər insan xarici ölkələrə, o cümlədən ən azından qonşu Gürcüstana və Türkiyəyə səfərə getməyi planlaşdırır ki, bu da dollara olan tələbatı artıracaq. Beləliklə, manata olan basqıların mart ayında xeyli dərəcədə artacağını, yenidən dəyərdən düşmə tempinin sürətlənəcəyini müşahidə edəcəyik”.