Manat xarici valyutalara nisbətdə niyə ucuzlaşır?
Dolların məzənnəsi altı aparıcı valyuta səbətinə qarşı 2014-cü ildəki minimuma düşüb
Yenixeber.org: ABŞ valyutası avroya nisbətdə 0,32, funt sterlinqə nisbətdə isə 0,68 faiz ucuzlaşıb.
Yapon yeni dollara nisbətdə 0,61 faiz dəyər qazanıb.
Qeyd edək ki, Azərbaycanda dolların məzənnəsi stabil qalsa da, avronun dollara nisbətdə güclənməsi, manata nəzərən bahalaşmasına gətirib-çıxarıb.
İqtisadçı-ekspert Vüqar Bayramov bildirir ki, son bir ayda dollara nisbətən stabil qalan manat avro qarşısında 5 faizə yaxın dəyər itirib:
“Bu gün ilk dəfə olaraq manatın avroya nisbətən məzənnəsi 2.11-dək azalıb. İndi 1 Avropa pulu almaq üçün 2 manat 11 qəpik ödəmək lazımdır. Manatın avroya birbaşa deyil, çarpaz məzənnəsi müəyyənləşdirildiyi üçün Avropa valyutasının dollara nisbətən möhkəmlənməsi birbaşa manatın avro qarşısında dəyər itirməsinə gətirib-çıxarır. Artıq dünya bazarında 1 avro almaq üçün 1.24 dollar ödəmək lazımdır”.
İqtisadçı deyir ki, Avrozonada iqtisadi göstəricilərin yaxşılaşması, Almaniyada yeni hökumət böhranının səngiməsi və eləcə də, dolların son günlər əksər dönərli valyutalara nisbətən dəyər itriməsi avronun güclənməsinə səbəb olub:
“Manatın məzənnəsi yalnız dollara nəzərən birbaşa müəyyən edilir. Digər valyutalara qarşı çarpaz məzənnə həyata keçirilir. Buna görə də digər valyutaların dollara qarşı möhkəmlənməsi, onların manata nisbətdə də dəyər qazanmasına gətirib çıxaracaq”.
V.Bayramovun sözlərinə görə, dünya bazarına dollar ucuzlaşarsa, manat digər dönərli valyutalara nisbətdə dəyərdən düşəcək:
“Növbəti dövrdə rubl, funt sterlinq dollara nisbətdə möhkəmlənərsə, manat da sözügedən valyutalara nisbətdə ucuzlaşacaq”.
O ki qaldı manatın dollara nisbətdə məzənnəsinin necə olacağına, iqtisadçı deyir ki, Mərkəzi Bankın açıqlamaları dolların manata nisbətdə ucuzlaşmasının gözlənilmədiyini göstərir:
“Mərkəzi Bank məzənnəni qoruyub-saxlamaq istəyir”.
Yanvar, fevral ayında dollara tələbin azalacağını vurğulayan mütəxəssis deyir ki, manatın dollara qarşı məzənnəsinin ucuzlaşıb-ucuzlaşmayacağı Mərkəzi Bankın mövqeyindən asılı olacaq.