Dolların ucuzlaşmasından banklar qazandı:"Manatın qısamüddətli bahalaşması başa çatdı"
Manat iki həftəlik fasilədən sonra yenidən ucuzlaşmağa başlayıb
Xeberinfo.com: Manat iki həftəlik dəyər qazandıqdan sonra yenidən ucuzlaşmağa başlayıb. Həftənin sonuncu hərracında manat dollar qarşısında dəyər itirib. Fevralın 16-da Mərkəzi Bankda Dövlət Neft Fondunun da iştirakı ilə hərrac keçirilib. Hərracda manatın məzənnəsi 1,7351 səviyyəsində formalaşıb. Bu, əvvəlki hərracdan aşağı göstəricidir.
Ekspert Natiq Cəfərli məsələ ilə bağlı musavat.com-a bildirib ki, artıq manatın qısamüddətli bahalaşması başa çatdı: “Əslində ilk gündən də məlum idi ki, manatın bahalaşmasının heç bir fundamental iqtisadi səbəbi yoxdur. Çünki heç bir fundamental dəyişiklik baş verməmişdi. Nə ölkənin gəlirləri artmışdı, nə neftin qiymətində kəskin artım müşahidə olunurdu. Uzun zaman 55 dollar civarında neft qiymətlərini izləyirik. Yəni nə ölkənin qeyri-neft sektorunun ixracatı artmışdı. Əksinə, keçən il qeyri-neft sektorunun ixracatında 5,7 faiz azalma müşahidə olunurdu. Fundamental iqtisadi parametrlərdə heç bir dəyişiklik yox idi. Buna görə də manatın möhkəmlənməsinin uzunmüddətli olması şübhə ilə qarşılanırdı. Bunun da bir neçə səbəbi var idi. İqtisadi səbəblərdən biri o idi ki, Mərkəzi Bank inflyasiyanı tənzimləmək və inflyasiya sürətini azaltmaq üçün manat dövriyyəsini iki dəfəyə yaxın azaltmışdı. Bu da manat kütləsinin azalmasına, təbii olaraq da azalmış manatın dollara ”qaçmasına" mane olurdu. İkinci səbəb ondan ibarət idi ki, bizim özəl bankların, o cümlədən dövlət bankı olan Beynəlxalq Bankın kifayət qədər böyük həcmdə xarici borcları da var. Maliyyə ilinin dünyada mart ayında qapanmasını nəzərə alsaq, mart ayında borclar geri qaytarılmalı idi. Yəni yenidən ya bankların borclanmaya getməyə imkanları yaransın, yaxud da hər hansı sanksiya ilə üzbəüz qalmasınlar.
Ona görə də fevral ayında banklar öz dollar ehtiyatlarını artırıb borcların bir hissəsini qaytarmağı düşünürdülər. Sanki Mərkəzi Bank da banklara bir kömək etdi, süni şəkildə məzənnəni aşağı saldı. Heç bir iqtisadi əsas olmadan məzənnə kifayət qədər, bir həftənin içində 19 qəpik aşağı düşdü. Bu da banklara ucuz qiymətə, aşağı məzənnə ilə dollar almağa imkan yaratdı. İndi toplanan dollarların bir qismi bankların xarici borclarının ödənilməsinə yönələcək. İkinci bir kömək ondan ibarət idi ki, banklarda kreditləşmə demək olar ki, dayanıb. Kredit götürənlərin sayı azalıb. Köhnə kreditlərin geri qaytarılmasında ciddi problemlər var, problemli kreditlər sürətlə artır. Bankların gəlirliliyi aşağı düşür. Keçən ili bütün banklar demək olar zərərlə başa vurub. Sanki indi ucuz valyuta məzənnələrinin oynamasından və dörd faizlik marjanın da aradan götürülməsindən istifadə edərək banklara sırf valyuta əməliyyatlarından pul qazanmaq üçün şərait yaradıldı. Rəsmi məzənnədən xeyli aşağı qiymətə alış müəyyən olundu banklarda. Amma rəsmi məzənnədən yüksək də satış həyata keçirilirdi. Bəzən alışla satış arasında15 faizlik bir fərq yaranırdı. Həmin fərqdən də banklar pul qazanırdılar. Yəni çox qısa müddətlik, iki həftəlik banklara pul qazanmağa şərait yaradıldı. Mərkəzi Bank sanki banklara iki həftəlik şərait yaratdı ki, həm öz problemlərini həll etsinlər, həm də bir az artıq vəsait qazansınlar. Bunun dayanıqlı bir proses olmadığı artıq üzə çıxıb. Düşünürəm ki, yenidən yavaş-yavaş manatın dəyərdən düşməsinin sürətinin artacağını izləyəcəyik".
Ekspert Əkrəm Həsənov isə musavat.com-a deyib ki, manat ilin sonunadək 2.50-lik həddi keçəcək: “Həmişəki kimi, qısamüddətli proqnoz vermək mümkün deyil. Ola bilər ki, artıq manatın bahalaşması dayandı, ola bilər ki, müvəqqəti olaraq yenidən dolları cüzi olaraq aşağı salacaqlar. Məsələn, ola bilər, məzənnəni sabah 1,69 edəcəklər, biz az düşəcək. Yaxın həftələrdə gözləmirəm ki, devalvasiya olsun. Bu oyunu başlayanlar hələ bir az da ondan istifadə edəcəklər. Amma dediyimdə qalıram ki, manat bir müddət sonra devalvasiyaya uğrayacaq. Yaxın aylarda dollar iki manatı vurub keçəcək. Bu proses artıq başlandı. Uzunmüddətli proqnozum belədir ki, bu ildən Mərkəzi Bank dolları 2,50-dən o tərəfə keçməyə qoymasa, o bizim üçün böyük uğurdur. Amma buna da mən inanmıram, ola bilər hətta ilin axırına məzənnə 2,70-ə də çatsın”.