Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

“Prezident göstəriş verə bilər ki, “qayıdın əvvəlki vəziyyətə...””

 

“Mərkəzi Bankın İdarə Heyətinin üzvləri ilə telefonla danışırdım. Dedilər ki, devalvasiya təxminən 85-90 qəpik səviyyəsində olacaq”

“İndi sabah görəcəksiniz qiymətlər hara qalxır”

"Xeberinfo.com":  Azərbaycanda manatın qəfildən ucuzlaşması ölkə gündəminin əsas müzakirə mövzularından biridir. Mərkəzi Bankın məsələ ilə bağlı izahatı belə, əhali arasındakı ajiotajı səngitmir. Bundan sonra vəziyyətin necə olacağı insanlarımızı düşündürən əsas məsələdir. Odur ki, durumu Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü, deputat Vahid Əhmədovla müzakirə etdik. Müsahibimiz Abbas Abbasovun Azərbaycan xalqını aşağılayan fikirlərinə, həmçinin iqtidar-müxalifət dialoqu mövzusuna da maraqlı fikirlər söylədi.

- Vahid bəy, qəfildən nə baş verdi ki, manat acınacaqlı vəziyyətə düşdü?
– Ümumiyyətlə, manatın devalvasiyası ilə əlaqədar söhbət çoxdan gedirdi, vaxtaşırı bu məsələni Milli Məclisdə qaldırırdıq. Mən də mütəmadi olaraq Mərkəzi Bankın İdarə Heyətinin üzvləri ilə telefonla danışırdım. Hətta 3 gün bundan qabaq bildirdim ki, mənə dəqiq deyin, vəziyyət necədir, çünki əhali bizimlə təmasda çox olur, maraqlanır, suallar verilir. Dedilər ki, devalvasiya təxminən 85-90 qəpik səviyyəsində olacaq. Yəni yumşaq devalvasiya gedəcək, Rusiyada olduğu kimi birdən-birə böyük fərq gözlənilmir. Mən başa düşürdüm, Rusiyada, bütün MDB məkanında milli valyutalar devalvasiya olunub, yəni ucuzlaşıb, bizdə də bu müəyyən proses getməlidir. Amma biz bu səviyyədə gözləmirdik. Yəni birdən-birə, bir gecədə sən götürüb manatı 33 faiz ucuzlaşdırırsan… Bu, gözlənilməz məsələydi. Əslində 85-90 qəpik səviyyəsində ucuzlaşma olmalıydı və proses yumşaq şəkildə getməliydi, biz bunu başa düşürdük. Bunu da onunla əsaslandırırdıq ki, rəqabətyönümlü, ixracyönümlü məhsulların istehsalına müəyyən qədər təsir göstərəcək. Amma niyə birdən-birə belə bir qərar verildi. Bu qərarın verilməsi çox ağır nəticələrə səbəb ola bilər.

- Necə bilirsiniz, bu, daxili amillərlə əlaqədar verilmiş bir qərardır, yoxsa xarici faktorun nəzərə alınması şəraitində məcburi atılmış addım?
– Mərkəzi Bankın rəsmi qərarıdır. Bu qərarın ixracyönümlü və rəqabətyönümlü məhsulların istehsalı ilə əlaqədar verildiyi bildirilib. Məgər bir gecədə məhsullar əmələ gəldi və onun istehsalını fikirləşirsən? Bu, istehsaldır, sadə sahə deyil axı, 5-10 illə əmələ gələn məsələdir. Bu, bütün sahələrə təsir göstərəcək. Birinci banklara ciddi təsir göstərəcək. Təsəvvür elə ki, sən 100 manat kredit almısan, indi 70 manat qaytaracaqsan.

- Banklar avtomatik kreditin dollarla qaytarılması qərarını verə bilərmi?
– Necə verə bilər? Sən manatla kredit alıbsansa, indi dollarla qaytaracaqsanmı? Deyəcəksən ki, manatla almışam, manatla da qaytarıram, niyə dollarla qaytarıb əlavə vəsait ödəməliyəm? Yəni bu, ciddi problemdir. İkincisi, bu, daxili bazarda mütləq qiymət artımına səbəb olacaq.

- Amma İqtisadi İnkişaf Nazirliyi bəyan edib ki, süni qiymət artımına qarşı sərt addımlar atılacaq...
– Nazirlik hər gün hər yerdə monitorinq aparmalıdır ki, qiymətlər qalxmasın. Ancaq əksər məhsullar xaricdən gəlir, ordan dollarla alıb gətirirlər. Yəni bu tədbirlər əslində əvvəldən paket formasında olmalı idi. O cümlədən kreditlərlə əlaqədar da müəyyən qərar verilməli idi ki, insanlar əziyyət çəkməsinlər. Mən bu gün bir bankla danışdım, adını çəkmək istəmirəm, kreditlərlə əlaqədar olaraq bir gecədə 24 milyon ziyana düşüb. Eyni zamanda insanların əmək haqları, pensiyaları, banklardakı əmanətləri məsələsi var. Son qərarla manatla olan əmanətlər 33 faiz dəyərdən düşdü.

- Gözləmək olarmı ki, sabah vəziyyət dəyişsin, əvvəlki durum bərpa olunsun? 
– Nə cür dəyişə bilər? Götürüb dolları ucuzlaşdıra bilərlər? Elə isə bunu bir gecədə niyə etdilər? Əgər belə bir hal baş verərsə, deməli, kimsə burda mənfəət götürmək istəyib. Bunu başqa cür fikirləşmək olmaz. Yəni kiminsə bankı var, bu əməliyyatı keçirir, külli miqdarda vəsait götürür. Mən geriyə yol görmürəm. Ancaq ola bilər. Bu da birinci şəxsdən asılıdır. Prezident göstəriş verə bilər ki, qayıdın əvvəlki vəziyyətə.

- Yəni bu məsələdə də dövlət başçısının iradəsi olmalıdır?
– Mən belə başa düşürəm, başqa yol görmürəm.

- Vahid bəy, amma Azərbaycan əhalisinin yarıdan çoxunun banklara borclu olması da faktdır və məlumata görə, kreditlərin həcmi 5 milyardı ötüb. Bu mənada manatla kredit götürmüş vətəndaşların fayda götürəcəyini demək olarmı?
– Əhali 5 milyard manat götürübsə, milyard manat da qaytaracaq. Düzdür, manat əvvəlki dəyərində deyil, 33 faiz ucuzlaşıb. Burda bank ziyana düşəcək. Belə götürəndə faktiki olaraq əhali 33 faiz udur. Amma əhalinin əlində pul olsa, udur. Yəni yaxşı maaşı, təqaüdü, evində pul-parası olsa, udur. Kimin dolları var, onlar 33 faiz qabağa düşdülər.

- Ancaq bir məsələ də var, Azərbaycan dövləti manatın kursunun sabit saxlanmasından ötrü təkcə ilin əvvəlindən 2 milyard manat xərc çəkib. Hesab etmək olarmı ki, bu qədər böyük məbləği xərcləməkdənsə, manatı sərbəst buraxmaq daha faydalı variant idi?
– Əslində elə bu qərar sərbəst buraxılması kimi bir şeydir. Təbii ki, bu addımı atmaq lazım idi. Biz də devalvasiyanın tərəfdarıyıq. Amma bunu yumşaq şəkildə etmək lazımdır. Birdən-birə 33 faiz ucuzlaşdırmaq olmaz. Ajiotaj yaratmağa ehtiyac yox idi. Bu, psixi cəhətdən, həm də iqtisadi cəhətdən təsir edir. Bunu il ərzində yavaş-yavaş edib lap 1 manata gətir, heç kim sənə heç nə deməzdi. Ayda 2-3 qəpik ucuzlaşdırmaq olardı. İndi əlaqələndirirlər ki, Rusiyada mili valyuta 90 faiz, Qazaxıstanda 70 faiz ucuzlaşıb, biz bunu başa düşürük. Ancaq birdən-birə olmazdı. Bu, çətin, ağır məsələdir. İndi sabah görəcəksiniz qiymətlər hara qalxır.

- Tədbir görülsə, onda necə?
– Nə tədbir görüləcək? Bütün əhaliyə qarşı tədbirmi görmək olar? Özü də bir var obyektiv, bir də var subyektiv. Obyektiv bir tərəfdə qalacaq, subyektiv artıracaq. Bu məsələdə Mərkəzi Bankın İdarə Heyətinin sədri birbaşa məsuliyyət daşıyır. Çünki özü üç gün qabaq AzTV-də çıxış edib dedi ki, belə bir şey olmayacaq, yumşaq devalvasiya gedəcək.

- Elman Rüstəmov hökumətin ciddi və kifayət qədər təcrübəli kadrlarındandır. Ola bilərmi ki, bütün bunlar onun iradəsindən kənar baş verib? Yaxud bunu Mərkəzi Bankın rəhbərliyinə qarşı qurulmuş bir ssenari hesab etmək olarmı?

– Bəli, hər şey ola bilər. Biz ikinci gün parlamentdə də bu məsələni qaldıracağıq ki, gəlsin, cavab versin, görək nə məsələdir. Niyə görə bu, birdən-birə oldu? Şəxsən mən 1-ci müavin Alim Quliyevlə hər gün danışırdım. Dedi Vahid müəllim, narahat olmayın. Dedim biz camaatın suallarına cavab veririk, mənə düzünü deyin. Dedi qərar belədir ki, ilin axırına qədər 90 qəpiyə qaldırılacaq. Ancaq necə oldu birdən-birə artdı?

- Nə qədər fantastik görünsə də, manatın məzənnəsinin dəyişməsində həm də idxal-ixrac əlaqələrimiz geniş olan Rusiyanın izini axtarmaq olarmı?

– Onu da təsiri var. Çünki Azərbaycan MDB məkanında olan dövlətlərdən biridir. Bizim bu ölkə ilə iqtisadi əlaqələrimiz də çox böyükdür. Rublun kəskin dəyərdən düşməsi ola bilsin bizə də təsirini göstərir. Amma mən bunu daha çox dövlət başçısının çıxışı ilə əlaqələndirirəm. Prezident regionların sosial-iqtisadi vəziyyəti ilə əlaqədar keçirilən müşavirədə dedi ki, 1 manat 1 avro səviyyəsinə gətirilib çıxarılmalıdır. Amma çox təəssüf olsun ki, ona da baxmadılar, bu gün 1 avro 1,2 manat səviyyəsinə gətirilib çıxarılıb. Yenə deyirəm, niyə bu qərar qəbul olunub, bilmirəm. Düzdür, Moskva çalışır ki, özünün daxildəki problemlərini xarici məsələlərlə həll etsinlər. Amma bütün dünya dövlətlərinə qarşı müharibə açmaq olmaz. ABŞ-ın ümumi daxili məhsulu 17 trilyondur. Avropa ölkələrində isə bu göstərici 16 trilyondur. Cəmisi 33 trilyon edir. Çində bu göstərici 9, Rusiyada isə 2 trilyondur, cəmi 11 edir. Yəni bu dövlətlər, əks qütblər müqayisə olunan səviyyədə deyillər ki, mübarizə, ya müharibə aparsınlar. Ancaq bu gün bizim Rusiya ilə münasibətlərimiz, iqtisadi, siyasi əlaqələrimiz çox yaxşıdır, dövlət başçısı səviyyəsində də dəfələrlə bəyan edilib.

- Vahid bəy, siz tanınmış iqtisadiyyat mütəxəssislərindən biri olmaqla bərabər həm də vaxtilə Azərbaycan hökumətində rəhbər vəzifədə çalışmış şəxssiniz. Necə bilirsiniz, Azərbaycan xalqının qanında alverə meyllilik varmı?
– Abbas Abbasovun dediklərini nəzərdə tutursunuz?>

- Bəli. 
– Mən onun dediklərini qəbul etmirəm. Abbas Abbasovu çox gözəl tanıyıram, uzun müddət bir yerdə işləmişik, onun səviyyəsinə də heç vaxt şübhəm olmayıb. Amma Azərbaycan əhalisinin guya ancaq alverlə məşğul olduğunu demək bizim millətimizə, əqidəmizə yaraşan məsələ deyil. Düzdür, bizim əhali ticarəti, biznesi çox yaxşı bilir, Rusiyanın özündə, digər xarici ölkələrdə iri ticarət müəssisələri yaradan xeyli azərbaycanlılar var, bunu bacarırlar. Amma alver söhbəti bu milləti aşağılamaq üçün ortaya atılan söhbətdir, mən bunu qəbul etmirəm. Mən rusca oxumamışam, ola bilsin tərcümədə təhrif olunub. Ancaq kimliyindən asılı olmayaraq ümumən belə ifadə işlətməyi doğru saymıram. Nə fikirləşib, nə mənada işlədib, deyə bilmərəm, ancaq o səviyyəli adam o sözü işlətməməlidir. Siyasətdə olan, uzun müddət Azərbaycanda yaşamış, yüksək vəzifə tutmuş bir adam o sözləri işlətməməlidir.

- “Regnum” agentliyinə müsahibəsində Abbas Abbasov Rusiya hakimiyyətinin xoşuna gələcək digər bir sıra fikirlər də işlədib. 
– Mən baxıram, orda “AzerRos”la əlaqədar çox böyük qalmaqallar var, parçalanma var, yeni təşkilat yaradırlar. Amma belə dövlət səviyyəli adamlar danışıqlarında çərçivədən kənara çıxmamalıdırlar. İkincisi də biz hamımız Azərbaycan vətəndaşıyıq, bizim məram-məqsədimiz Azərbaycanla bağlı olmalıdır. Ona görə də Azərbaycan əhalisi barədə fikir yürütmək ümumiyyətlə, yanlışdır. Özü də “Regnum” agentliyindən söhbət gedir. Ümumiyyətlə, mən onun mövqeyini başa düşmürəm. Açığını deyim, hətta “Milyarderlər İttifaqı” yaradılanda da Abbas Abbasovun orda iştirakını başa düşmədim. Çünki Azərbaycan dövləti xidmətlərindən də yüksək səviyyədə ona etimad göstərib.

- Siz istiqlalçısınız, amma Abbas Abbasovdan fərqli olaraq “İstiqlal” ordeni almayıbsınız…
– Mən heç bir orden almamışam. Amma bu, bir həyatdır da. Bu səviyyədə dövlətin etimadını görmüş, xidmətindən də artıq dəyər verilmiş bir adamın öz dövlətinə, millətinə qarşı belə bir fikir işlətməsi insanlığa yaraşan məsələ deyil. Açıq danışaq, mən Azərbaycan üçün heç də Abbas Abbasovdan az iş görməmişəm. Hətta həyatımı da riskə qoymuşam, Azərbaycanın müstəqilliyi məsələsində, elə Quba hadisələrində. Amma mən öz qiymətimi almamışam. Düzdür, mən buna heyfslənmirəm, hər yerdə də Azərbaycan hökumətini, dövlətini, prezidentini müdafiə edirəm ki, Azərbaycanın müstəqilliyi qorunub saxlanılsın, mənim əqidəm budur.

- Onunla bağlı etnik söhbət nədən qaynaqlanır?
– Mən onu bilmirəm. Abbas Abbasovu böyük hörməti, geniş çevrəsi olan bir gəncəli kimi tanımışam. Amma oxudum ki, Qabil Hüseynli onunla bağlı müsahibəsində başqa fikirlər söyləyib. Mən bu fikrə o qədər də inanmıram. Amma istənilən halda o, dövlət xadimi olmuş adamdır, bu insan həm sovet dövründə, həm də müstəqilliyimiz zamanında yüksək vəzifə tutub, baş nazirin 1-ci müavini olub. Son vaxtlar onun Azərbaycana qarşı bəzi əməllərini, mövqelərini qəbul etmirəm.

- Abbas Abbasovu Rusiyaya bağlayan əsas tellər, səbəblər nədir? Olmaya günün birində onun Bakıya Nərimanovun statusunda qayıtması niyyəti, planı var? 
– Hər şey ola bilər. “Bəlkə də qaytardılar” fikri var. Bəziləri düşünür ki, Azərbaycanda çevriliş etmək, hakimiyyətə gəlmək olar. Ancaq Azərbaycan əvvəlki Azərbaycan deyil, onun güclü ordusu, dövləti var. Artıq əhali müstəqilliyin atributlarını qəbul edib. Düzdür, çətin iqtisadi problemləri olanlar, müəyyən çətinliklərimiz də var. Bizim TANAP, TAP qaz layihəmizə qarşı nə qədər çıxanlar oldu ki, bu, reallaşmasın. Bu da bizim gələcəyimizi təmin edən layihədir və qarşısını almaq mümkün deyil.

- Siz əksər açıqlamalarınızda dialoq çağırışları etmisiniz, artıq bir proses başlayıb…
– Hansı səviyyədə getməsindən asılı olmayaraq mən buna çox şadam. İnanıram ki, qoşulmayan partiyalar da buna qoşulacaq. Çox arzu edərdim ki, Müsavat da dialoqda iştirak etsin. Baxmayaraq ki, Müsavatda da müəyyən qopmalar var, amma Müsavat köklü partiyadır, o partiyasız dialoqu insanlar düzgün başa düşmür. Arif Hacılı da uzun müddətdir siyasətdə olan şəxsdir, yəqin bir qərar qəbul ediləcək. Dialoq Azərbaycanın demokratik inkişaf prosesindən xəbər verir.
Burada Qarabağ, seçki məsələlərini müzakirə etmək olar, mən çox müsbət qarşılayıram. Mən inanıram ki, bu dialoq seçkilərin demokratik keçirilməsinə də təsir edəcək. Biz Azərbaycanda demokratik cəmiyyət qurmaq istəyiriksə, çalışmalıyıq ki, ölkədə demokratik seçki keçirilsin, ora normal insanlar seçilsin. Hansı ki, onlar Azərbaycanın müstəqilliyini istəyirlər, müstəqilliyimiz uğrunda mübarizə aparırlar, ölkənin demokratikləşməsini istəyirlər. Bu insanlara, həmçinin daha çox partiyaya seçkidə iştirak imkanı yaratmalıyıq. (musavat.com)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam