İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər -FOTOLAR/VİDEO
Məlumdur ki, əski sovet dönəmində təkcə paytaxt Bakı şəhərində təqribən 20-yə yaxın, yəni “Araz”, Azərbaycan”, “Bakı”, “Dostluq”, “Moskva”,”Nizami”, “Qələbə”, “Savalan”, “Sülh”, “Şəfəq” və s. kimi adlar adı altında kinoteatrlar fəaliyyət göstərirdilər.
Yenixeber.org: Həmin illərdə insanlar müxtəlif məzmunlu filmlərə baxmaq üçün kinoteatrlara üz tutardılar. Elə ki, SSRİ dövləti süquta uğradı və gündəlik qayğılar çoxaldı, o halda insanların kinoteatralara getməyə imkanları məhdudlaşdırıldı. Belə bir səbəbdən də, tamaşaçı üzünə həsrət qalan kinoteatrlar boş qaldılar və fəaliyyətlərini dayandırmağa məcbur oldular. Çox keçmədi ki, yaranmış fürsətdən sui-istifadə edən bəzi işbazlar həmin kinoteatrları bu və ya digər yollarla ələ keçirib özəlləşdirdilər. Hətta, bəzi kinoteatrlara məxsus binaları yerlə-yeksan edib, onların yerində hündür mərtəbəli yaşayış binaları da inşa etdilər.
Bəzi kinotetrları isə kafeyə, mağazaya, internet-kluba və s. çevirdilər. Bir sözlə, ayrı-ayrı işbazlar öz düşüncə və yanaşmalarına uyğun olaraq kinoteatrlara qənim kəsildilər. Diqqət yetirək ki, bu sırada Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti- 76 ünvanında yerləşən “Dostluq” kinoteatrı da, məhz “işbazların təcavüzü”nə məruz qalan kinoteatrlardan biri olur. Qeyd edək ki, bu mədəniyyət abidəsi əvvəllər Mədəniyyət və Turizm Nazirliyinin (indiki Mədəniyyət Nazirliyi) balansında olsa da, hansısa qüvvələrin verdiyi dəstək sayəsində 2017-ci ildə özəlləşdirilir. Elə ki, bu ilin əvvəllərində “Dostluq” kinoteatrının sökülməsi ilə bağlı addımların atılmasına hazırlıq işləri görülür, o halda işbazlar elə bir ictimai təpki ilə üzüzə qalırlar ki, son anda onlar öz məqsədlərindən daşınmalı oldular.
Söz yox ki, Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi rəsmlərinin verdikləri qərar da, bu məsələdə mühüm rola malik olur. Yəni, ictimai rəyi nəzərə alanlar kinoteatr binasının sökülməsinə icazə vermirlər. Heç də məsələ bununla bitmir və bəzi işbazlar bu yöndə fəaliyyətlərini davam etdirməkdə qərarlı olurlar. Məsələn, bir qədər vaxt keçdikdən sonra oxşar aqibətlə üzüzə qalan kinoteatrlardan biri də, Nəsimi rayonu, Hüseynbala Əliyev və Alı Mustafayev küçələrinin kəsişməsində yerləşən "Moskva" kinoteatrı oldu. Amma, bu dəfə fərqli formada. Qeyd edək ki, bu mədəniyyət abidəsi 2006-cı ildən fəaliyyətini tamamilə dayandırır və binanın giriş qapıları bərk-bərk qıfıllanır. Yəni, “Moskva” kinoteatrının binası uzun illər ərzində fəaliyyət göstərmədiyindən yararsız hala düşür və kinoteatrın ətrafında insanların asudə vaxt keçirmələri üçün salınan parkdan da əsər-əlamət qalmır.
Qeyd edək ki, Əbülfəs Qarayevin nazir təyin olunduğu il, yəni 2006-cı ildə “Moskva” kinoteatrı nazirliyin balansından çıxarılır və həmin bina Dövlət Əmlak Komitəsinin (indiki Əmlak Məsələləri Dövlət Komitəsinin) balansına verilir. Bir neçə həftə bundan əvvəl isə mediada "Moskva" kinoteatrına məxsus binada söküntü işlərinin dayandırılması haqda məlumatlar yayıldı. Aidiyyəti dövlət qurumları söküntü ilə əlaqədar icazə alınmadığı üçün, söküntü işlərinin dayandırıldığını açıqladılar. Təəssüf doğuran hal odur ki, hal-hazırda bu mədəniyyət obyekti sökülüb və verilən məlumatlarda isə qeyd olunur ki,“söküntü” dayandırılıb. Görəsən bu yöndə məlumatlar hansı “başbilənlər”in hansı maraqları əsasında dövriyyəyə ötürülür? (Qeyd: Təqdim etdiyimiz videodan da görünür ki, "Moskva" kinoteatrı tamamilə tarmar edilib)
Hal-hazırda müəyyən çevrələrdə dolaşan söz-söhbətlərə görə, "Moskva" kinoteatrı Xətai rayonunun Babək prospektində fəaliyyət göstərən “Maşın bazarı”nın sahibi Rasim adlı şəxslə, PA-nın sabiq rəhbəri Ramiz Mehdiyevin kürəkəni İlham Əliyevin qurduqları işbirliyi nəticəsində tarmar olunub. Yəni, hər iki şəxsin yaxın vaxtlarda bu kinoteatra məxsus binanın yerində yeni yaşayış binası tikməyi planlaşdırdıqları danışılır. Bütün bunlar onu söyləməyə əsas verir ki, sabiq aparat rəhbəri Ramiz Mehdiyev uzaqgörənlik edir və o, belə bir strateji əhəmiyyət kəsb edən mədəniyyət obyektinin ələ keçirilməsi üçün, vaxtında öz dəstəyini əsirgəmir.
Sual oluna bilər ki, nəyə görə "Moskva" kinoteatrının söküntü işlərində başqa şəxs(lər)in deyil, birbaşa Ramiz Mehdiyevin kürəkəni İlham Əliyevin və bu şəxslə işbirliyi olan “Maşın bazarı”nın sahibi Rasim adlı şəxsin adı hallanır? Atalar demişkən “od olmayan yerdən tüstü çıxmaz”. Deməli, bu tarixi mədəniyyət abidəsinin tarmar olunmasında hər iki şəxsin adının hallanmasının əsaslı səbəbləri var.
Bəli, yuxarıda qeyd etdiyimiz kimi "Moskva" kinoteatrının “qara günləri”nin əsası 2006-cı ildən qoyulur. Belə ki, həmin ildə Mədəniyyət Nazirliyi bu dövlət əmlakını daha səmərəli istifadə etmək məqsədilə keçmiş Dövlət Əmlak Komitəsinin sərəncamına verir. Daha sonra bu Komitə tərəfindən adıçəkilən müəssisə “Dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”na əsasən, 27.05.2011-ci il tarixdə icarəçi tərəfindən özəlləşdirilir. Maraqlı hal o odur ki, həmin vaxtlarda bu dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı dərc olunmalı məlumatlar sırasında alıcının adı qeyd olunmur. Yəni, həmin şəxsin (sahibkarın) kimliyi, hansı işlə məşğul olması haqda heç bir xəbər verilmir. Bir sözlə,“Moskva” kinoteatrının gələcək taleyi onu özəlləşdirən şəxsin ixtiyarına verilir. Bugünkü mənzərə də, məhz bu kinotetrın “qara günlər”inin əyani sübutudur.
Əslində, bu cür oyun qaydalarının qurulması birbaşa xalqımızın tarixinə, onun mədəniyyətinə, mədəni irsinə və s. edilən qəsdir. Yəni, buna başqa bir ad vermək olmaz. Hal-hazırda bu mədəniyyət abidəsi tamamilə tarmar edilib və atılan addımlara da kimlərsə göz yumub. Bir sözlə, olan olub, keçən keçib. Yaxşı olmazmı ki, “Moskva” kinoteatrının əhatə etdiyi ərazidə yaşıllıqlar salınsın, insanların asudə vaxtlarında istirahət etmələri üçün park yaradılsın. Eyni zamanda, bu işlərə cavabdehlik daşıyan və göz yuman hər kəs hüquqi müstəvidə məsuliyyətə də cəlb olunsunlar. Yəqin ki, o halda haqq-ədalət öz yerini tapacaq (GundemXeber)
Yazıda adı keçən hər kəsin mövqeyini dinləyə bilərik.
Mövzuya qayıdacağıq.