Avropa İttifaqı:Azərbaycan su çatışmazlığından əziyyət çəkir
Avropa İttifaqı (Aİ) Azərbaycana su ehtiyatlarına dair informasiyaya daha yaxşı çıxış əldə etməkdə yardımçı olacaq. Bu gündən başlayaraq, Azərbaycandan və Avropa Ətraf mühit Agentliyindən olan su ekspertəri EkoPortalın idarə edilməsi üzrə online potensialın formalaşdırılması təlimi keçəcəklər.
Yenixeber.org: Bu barədə Aİ-nın Azərbaycandakı nümayəndəliyindən bildirilib.
Məlumatda həmçinin deyilir ki, Azərbaycan regionda su çatışmazlığından əziyyət çəkən ölkələrdən biri olduğu üçün sudan səmərəli istifadə olunması və şirin su ekosistemlərinin mühafizəsi olduqca vacibdir. Azərbaycanın EkoPortalı ölkədə biliklərə əsaslanan qərar qəbul edilməsi üçün əsas yaratmaq məqsədilə su ehtiyatlarının idarə olunmasına cavabdeh qurumlar arasında məlumat və informasiyanın paylaşılmasına dəstək verəcək.
Aİ-nın dəstəyi ilə, Azərbaycanda su keyfiyyətinə dair məlumatlar Avropa Su İnformasiyası Sisteminin (WISE) su keyfiyyəti məlumatları lüğətinin tələblərinə uyğunlaşdırılıb. Hazırda həmin məlumatlar Avropa məlumat topluları ilə uyğunluq təşkil edir. Eynilə də, su keyfiyyəti məlumatlarına əsasən işlənib hazırlanmış və EkoPortalda dərc edilmiş göstəricilər Avropa Ətraf mühit Agentliyinin indikator şablon formatını rəhbər tutur. Bu, Azərbaycanda su ehtiyatlarının vəziyyətini qonşu ölkələrlə, eləcə də Avropa İttifaqının istənilən Üzv Dövləti ilə müqayisə etməyə imkan yaradacaqdır. Regional əsasda müqayisə oluna bilən göstəricilərə malik olmaq milli və regional səviyyədə biliklərə əsaslanan siyasi dialoqu dəstəkləyəcək.
İşlənib hazırlanmış göstəricilər toplusu həmçinin geniş ictimaiyyətə gündəlik həyatlarında və həyat səviyyələri və rifahlarının əsasını təşkil edən iqtisadi fəaliyyətlərində etibar edəcəkləri su ehtiyatlarının mövcudluğu və onun keyfiyyəti barəsində informasiya əldə etməsinə şərait yaradacaq.
EkoPortal bütün göstəricilərin mövcud olduğu bir platformadır. Həmçinin, bir çox digər məlumatlar sudan istifadə edənlər, tədqiqat ictimaiyyəti, regional və qlobal qiymətləndirmələr üzrə milli məlumatlardan ciddi dərəcədə asılı olan beynəlxalq təşkilatlar kimi daha geniş maraq qruplarının mənafeyinə xidmət edəcək.
Sistemin funksionallığı və EkoPortalın dizaynı Avropa Su İnformasiyası Sistemindən (WISE) ilhamlanaraq tərtib edilib. Avropa İttifaqının bütün Üzv Dövlətləri özlərinin su ilə əlaqədar məlumatları barədə bu sistemə hesabat verir və informasiyanı paylaşırlar. EkoPortal məlumat toplularını, göstəriciləri, dinamik xəritələr və hesabatlar təqdim edir. Bu portal Paylaşılan Ekoloji İnformasiya Sisteminin prinsiplərinə və təcrübələrinə uyğun şəkildə su üzrə milli qurumlar arasında məlumat və informasiya mübadiləsi və onun paylaşılmasına imkan verir. İndi vətəndaşlar, ekspertlər, sudan istifadə edənlər və elmi ictimaiyyət müxtəlif məlumat bazalarına çıxış əldə edə və Azərbaycanın su keyfiyyəti məlumatlarını Avropa İttifaqının Üzv Dövlətlərinin məlumatları ilə müqayisə edə bilər.