Redaktor seçimi
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Erməni deputatdan Cavanşir Feyziyevə ibrət dərsi -
Guya korrupsiyaya qarşı araşdırma aparırlar —
Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada dövlətin pulu belə "yeyilir" -
“Blak lounge” restoranı kütləvi narazılıq yaradır–
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Günün xəbəri

Nurtəkin Atalının yeni “Heyrətimin İnciləri” kitabı

 

Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız!

"Xeberinfo.com":  Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağının yeni kitabı: Bu dəfə Nurtəkin Atalının yenicə basılmış “Heyrətimin İnciləri” kitabını Ocaqsevərlərə təqdim edirik.
Kitab yaxın günlərdə kitab satışı dükanlarında və kitab evlərində olacaq. Kitabıln elektron variantını isə www.asifataocagi.com saytının “Ocaqçılar” Odasından da oxumaq mümkündür.
Bu bir ömür yoludur – özünü milli-insani yöndən təsdiq və xalqyaratma əməlinin izharıdır. Kitabı səhifələdikcə bir daha bunun şahidi olmaq olar. Odur ki, bu fikrin inkişafı üçün burada Mütləqə İnam Ocağının Yükümlüsü Soylu Atalının kitaba “Ön söz”ünü sunuruq.

 

                                                                                                                     Mütləqə İnam Ocağı

                                                       

                                                           Ömür Yolu

 

Ömür hardan başlayır? – Bu suala müxtəlif cavablar vermək olar. Ancaq gərək bu cavablar hansısa məqsədi aydınlaşdıra, hansısa tələbləri həll edə bilə. Məsələyə bu açıdan yanaşanda sualın cavabı xeyli çətinləşir. Məsuliyyət belə şeydir – hər bir münasibəti çətin­ləşdirə bilir. Ancaq biz burada bu çətinliyə yoldaş olub sualın cava­bını deməyə çalışacağıq. Öncə onu deyək ki, biz insan ömrünü fiziki başlanğıcından dəyərləndirməyin yanlışı deyilik. Fiziki başlanğıcın­dan sonra ömürdə aşkarlanan bir çox cəhətlər uzaq Qədimlikdən gələn keyfiyyətlərdir. Uzaq Qədimlik isə xəlqi mahiyyətə bağlıdır. Bu mənada hər bir fərd əslində həm xalqdan başlayır, həm də xalqı başlayır.

Xalqdan başlayır həm cismaniliyi, həm də mənəviliyi – gələnək və görənəyi, dəyərləri, ləyaqəti, qəhrəmanlığı, özündənkeçməni, sanbalı, döyüşkənliyi…

Xalqı başlayır özünün soy (nəsil) artırma imkanıyla, insansevər­liyi, vətənsevərliyi, xalqsevərliyi ilə; yaradıcı, qurucu keyfiyyətlərini aşkarlamasıyla.

Burada “xalqı başlayır” deyimi yerinə “xalqı davam edir” də demək olar. Əslində hər bir başlanğıc özü bir davam, hər bir davam özü bir başlanğıcdır.

Hər bir fərd xalqın həyatında rol oynayır, özü bunu anlasa da, anlamasa da.

Bəs bu rol necədir, müsbətdirmi, mənfidirmi? –Təbii ki, yaşamın anlamını bilməyən adamın oynadığı rol müsbət ola bilməz, başqa sözlə, bütöv sayıla bilməz. Xalqın varlığına kortəbii qatılmaq dəyərə çevrilməz. Ona görə də xalqın həyatında müsbət rol oynamaq üçün onun varlığını – tarixi keçmişini, mənəviyyatını, ruhaniyyatını, vətən­­çi­­liyini, dövlətçiliyini dərk etmək, dəyər yaradan, dəyərə çevri­lən şəxsiyyətlərini tanımaq gərəkdir. Bu çox ağır işdir və uzun proses­dir. Hər adamın bacarmadığı bir işdir. Bu səbəbdən də şəxsiyyətlər nadir olur və hər zaman da yetişmir.

 Bununla belə, düşünürük ki, hər bir fərd böyük şəxsiyyətləşmə yolu yeriməsə də, milli kimliyə, xəlqi anlama doğma yaşaya bilər, yaşamalıdır. Onda fərdin də, bütövlükdə xalqın da həyatında adil bir nizam yarana bilər. Qədimliyimizin yüksək, qutsal dəyərləri, keyfiy­yətləri çağımızın inkişafı üçün özül olar və gələcəyimizi aydınlığa çıxarar.

Asif Atanın Amalı belə istəkləri gerçəkləşdirməyi hədəfləyən ideya­lardan ibarətdir. Bu ideyalar əsasında yaşayan da, bu ideyaları ömründə daşıyan da xoşbəxt insandır. Bununla belə, ideyanı ömrün­də daşımaq ideya əsasında yaşamaqdan daha böyük fərəhçilikdir.  Çünki birincidə ömür ideyaya tən olur və məktəbə çevrilir. Məktəb isə ali yaşamın örnəyini yaradır.

Bu deyilənlər İnsanlaşma və İnsanlaşdırma fəlsəfəsinin ölçüsüdür. İndi mən bu ölçüyə dayanıb Amaldaşım Nurtəkin Atalının “Heyrə­timin İnciləri” kitabına bir neçə kəlmə ön söz yazmaq istəyirəm. Kitabın adı təsadüfən seçilməyib. Məndən olsa, Nurtəkinin adına “Heyrət” adını da əlavə edərdim. Çünki heyrət onun varlığının maya­sına çevrilib. Nurtəkin gözəlliyə, ülviliyə, qutsallığa, saf düşün­cə­lərə, ülvi münasibətlərə elə heyrətlənir ki, ünsiyyətdə olduğu hər kəsə fəziləti tanıdır və sevdirə bilir. Bu, bənzərsiz və özünəməxsus bir hal­dır. Özü də az-az adamlarda təsadüf olunan haldır. Çünki Nurtəki­nin heyrəti kortəbii xassələr daşımır – idraklı, duyğulu heyrətdir. Bu heyrət İdeyaya və İdeyanın yaradıcısına vurğunluqdan işıqlanır. İdeallar dərk olunmasaydı heyrət sönük olardı. Böyük İdeyalar qarşı­ya böyük tələblər qoyur. Bu tələbləri ödəmək üçünsə çətinliklər aşmaq gərək olur. Çətinlik də yalnız idraklı, duyğulu hünərin qarşı­sında yenilir.

Əlbəttə, bu çətinliklər bir anda qarşıya çıxıb bir anda da ötülmə­yib. Nürtəkinin hünəri çətinliklərin dolanbaclarını bir sıra aşamalarda ötüb adlayıb. Düz 18 ildir ki, Nurtəkin Asif Atanın çağırışından təpərlənib onun saldığı çətin yollarla sabaha yürüyür. Bu 18 ilin hər anı həm ağrılarla, həm də fərəhlərlə yüklü olub. Ağrını doğuran, yara­dan səbəblər çoxdur, fərəhi isə doğuran səbəb birdir – hər ağrını, acını yaşayıb yenmək, hər çətinliyi arxada qoymaq…

 Bəs çətinliklər niyə var, hardan çıxır?!  – Ümumi mənada vurğu eləmək olar ki, Asif Atanın ideyaları insanı gedişata qarşı çağırır, – yalanla, cəhalətlə, ikiüzlülüklə, vətənsizliklə döyüşə yönəldir. Bu dö­yüş insandan qüdrətli, dözümlü olmaq tələb edir. Qüdrət və dözüm isə hazır şəkildə olmur, onu yaratmaq gərəkdir. Yaradıcılıq da daldada, bucaqda deyil, meydanda gerçəkləşir. Meydana çıxmaq isə böyük bir axına qarşı çıxmaqdır. Artıq bunları biləndən sonra qarşıya gələn çətinliyi şərh etməyə ehtiyac qalmır.

Həm də nəzərə alsaq ki, Nurtəkin zərif cinsin nümayəndəsidir, özü də kənd mühitində yaşayıb böyümüşdür, onda çətinliyin bir az da aşırı olacağını düşünmək mümkündür.

Nurtəkin Atalı 1974-cü ildə Bakının Saray köyündə doğulub boya-başa çatmışdır. Bu köydə orta təhsil almış və Sumqayıt Dövlət Sənaye İnstitutuna girmişdir. İnstitutun 4-cü kursunda oxuyarkən  orada öyrətmənlik edən keçmiş Ocaqçılardan birinə rast gəlir. İlk dəfə Asif Atanın adını da həmin Ocaqçıdan eşidir. Sonradan onun araçılığıyla (vasitəsiylə) gedib Asif Atanı dinləmiş və Ocağa Evlad olmuşdur. Bununla da Nurtəkinin həyatında dönüş başlamış və aqibətinin gələcəyini seçmişdir. Bu seçim 22 yaşlı gənc bir qız üçün nələr vəd edir, əlbəttə, o çağlar özü bunu dərk etmirdi. Onun seçimi özünün idi, heç bir valideynin, qohum-qonşunun qatqısı yox idi.  Nurtəkin atasını uşaq yaşlarında itirmişdir. Anası da mədəniyyətli, zəhmətkeş qadın olmaqla yanaşı, həm də, övladlarının seçim haqqına qarışmayan anlaşıqlı bir şəxs idi. Bu baxımdan Nurtəkinin Asif Ata Amalına bağlanmasına evin içindən əngəl yaranmayıb. Bununla belə, qıraqdan Nurtəkinə qarşı gözə görünən və görünməyən basqılar qısa vaxt içində araya-ortaya çıxır. Çünki Nurtəkin həm təhsil aldığı yüksək oxulda, həm kənd qonşularında, qohum evlərində Asif Atadan eşitdiklərini, öyrəndiklərini deməyə, özünü ifadə eləməyə başlayır.

Hər bir yeni yola, əqidəyə başlayan insanlarda olduğu kimi, Nurtə­kində də əqidə haqqında bilik, təsəvvür birdən-birə yetgin biçi­mə düşməmişdir. Ona görə də ünsiyyətdə olduğu insanlara anlada bildiyi, bilmədiyi məqamlar olub. Sonucda qohumlar, qonşular Nurtəkinin yanlış yolda olduğu təsəvvürü yaratmağa başlayıblar. Onun əqidəsini ayrı-ayrı dini təriqətlərlə, təşkilatlarla eyniləşdirməyə çalışıblar. Ancaq Nurtəkinin düşüncəsi yetişdikcə, yetkinləşdikcə ona qarşı münasibətlər dəyişməyib, tərsinə, qısqanclıq, paxıllıq kimi münasibətlər də üstünə gəlib. Heç kim yörəsində özündən üstün –idraklı, mənəviyyatlı şəxs görmək istəmir, özəllikcə də yaxın qohumlar, tanışlar içərisində.

Hər tərəfdən dedi-qoduların başladığı bir vaxtda Nurtəkin dözülməz bir sarsıntı ilə – Asif Atanı cismən itirməklə üzləşir. Belə bir durumunda birdən-birə mənəvi dayağını itirmək, əlbəttə, gənc bir qız üçün əqidə yolunda getməyi mümkünsüz edirdi. Ancaq o, Yoldan sapmadı, Amaldaşlarına söykənib ayaqda durdu. Bundan sonra heç kim, heç nə onu Asif Atanın Yolundan döndərə bilmədi. İlk heyrət, ilk vurğunluq işini görmüşdü – o, əbədiyyət yolçusuna çevrilmişdi.

Sonralar, gələcək həyat yoldaşının (nişanlısının) anası tərəfindən Ocağa qarşı təhdidlərlə üzləşəndə nişanı qaytarıb imtina etmişdir. Onu, əqidəsinə sayğı ilə yanaşıb anlayan birisinə rast gəlmədiyi üçün uzun illər ailə qura bilməmiş, evsiz-eşiksiz yaşamışdır. Gah qardaşı­nın, bacısının evlərinə sığınmış, gah Amaldaşı və rəfiqəsi ilə birlikdə  kirayələrdə qalmışdır. Ancaq daim Ocaqçılıq fərəhi ilə yaşamış, Ocaq əməllərindən geri durmamışdır. Nurtəkin rahatsızlıqdan, şərait­sizlikdən çox əziyyətlər çəkmiş, hətta xəstəliyə də uğramışdır. Sağ­lam­­lığını bərpa edənə qədər maddi çətinliklər də yaşamışdır. Bu çətinlikləri yenərək sağlamlığını bərpa edəndən sonra isə ayrı-ayrı yerlərdə işləmiş, qazandığı paraları da Ocaq ədəbiyyatlarının, arxivi­nin yaranmasına, Azərbaycanı qarış-qarış gəzərək Asif Ata Amalını haraylamağa xərcləmişdir. O, Ocaq yolunda fədakarlığın və umacaqsızlığın zirvəsini fəth etmişdir.

Nurtəkinin gücünə zərbə vuran hadisələrdən biri də anasını itir­mək oldu. Amaldan qıraqda güvəndiyi bir şəxs vardı, o da anası idi. Anasının ölümü böyük kədər idi, ancaq o bu kədəri çox ləyaqətlə yaşadı. Ümumən, kədər Nurtəkində çox gözəl görünür, çünki onun kədərinə heç bir saxta əhval, oyun qarışmır. Anlayır kədəri, ona görə də onu adiləşdirmir. Onun bu halını ayrıca örnək saymaq olar…

Budur, o, yenə də ruhani iş başındadır. Hər bir Ocaq əməlini ərdəmliklə yerinə yetirir, Ocaqçılıq ömrünü fərəhlə sürdürür.

Burada, biz əsasən Nurtəkinin ömründən bəhs etdik. Çünki bu kitabı da, elə onun ömründən bəhs edir.

Nurtəkin Ocağın  Uluyol-Hünər Ailəsinin Yükümlüsüdür. Onun “Ailə Günü” tədbirlərində, Ocaq mərasimlərində uğurlu çıxışları olur. Bu çıxışlar – Asif Ata Amalını öyrəndiyi, dərk elədiyi, yaşadığı halla­rın ifadəsi kimi araya gətirdiyi düşüncələrindən və yazılarından ibarət olub. Hesab edirik ki, sevdalı ürəklər, ruhani diləklər bu yazılarda Asif Atanın əməyini, məktəbinin etkisini duyub bəhrələnə­cəklər. Ona görə də bu yazıları sıralayıb oxuculara, soydaşlarımıza təqdim edirik. Yuxarıda vurğuladığımız kimi, bu yazılar bir millət və əqidə fədaisinin heyrətinin inciləridir.

Amaldaşımız  Nurtəkin Atalı öz heyrətini yazıları ilə ifadə edən çağlarda bunları nə vaxtsa kitab şəklinə salmağı heç ağlına da gətir­mə­mişdi. Başqa sözlə, o, kitab üçün yazmırdı, heyrətli anlarının he­sa­ba­tını verirdi. Ancaq yaşadıqlarını, düşündüklərini soydaşlarınla paylaşmağın uğurlu bir üsulu da kitabçılıqdır. Kitab böyük sözdür və qutsaldır. Çünki orada ömür yolu yazılır. O ömür ki, insani, milli ləyaqəti var edir.

Amaldaşımıza ömür yolunda dönməzlik və ölməzlik diləyirik.

 

Yükümüzdən Böyük Fərəhimiz yoxdur!

Atamız Var olsun!

 

 

Soylu Atalı 

Mütləqə İnam Ocağının Yükümlüsü      

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam