Redaktor seçimi
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Günün xəbəri

Qarabağın azərbaycanlı icması 31 martla bağlı bəyanat yaydı

 

Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb.

Yenixeber.org: “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin sədr müavini, professor Elçin Əhmədov bildirib ki, son 200 ildə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi azərbaycanlıları öz tarixi torpaqlarından qovmaqla əzəli Azərbaycan ərazilərində ermənilərin uydurduqları “böyük Ermənistan” dövləti yaratmaq olub.

XX əsrin əvvəllərində erməni millətçiləri “Daşnaksütyun” partiyasının proqramında irəli sürülən “böyük Ermənistan” ideyasını reallaşdırmaq istiqamətində fəaliyyətini genişləndirərək öz tarixi torpaqlarında yaşayan azərbaycanlıları planlı surətdə doğma yurdlarından qovmaqla etnik təmizləmə və soyqırımı siyasətini həyata keçirməyə başladılar. Belə ki, 1905-1906-cı illərdə ermənilər Bakıda, Gəncədə, Qarabağda, İrəvanda, Naxçıvanda, Ordubadda, Şərur-Dərələyəzdə, Tiflisdə, Zəngəzurda, Qazaxda və başqa yerlərdə dinc azərbaycanlılara qarşı qırğınlar törədib, əhali amansızlıqla qətlə yetirilib, şəhər və kəndlər yandırılıb və dağıdılıb.

1917-ci ildə Rusiyada baş verən fevral və oktyabr hadisələrindən sonra “Daşnaksütyun” partiyası və Erməni Milli Konqresi daha geniş fəaliyyətə başladılar. 1917-ci ilin dekabrında Qafqaz işləri üzrə müvəqqəti fövqəladə komissar təyin edilən S.Şaumyan azərbaycanlıların kütləvi qırğınının təşkilatçısı və rəhbərinə çevrildi. 1918-ci ilin əvvəllərində, yəni, mart qırğını ərəfəsində bilavasitə Şaumyana tabe olan erməni silahlı qüvvələrinin sayı 20 minə yaxın idi. Həmin il martın 30-da erməni-bolşevik birləşmələri Bakı şəhərini gəmilərdən yaylım atəşinə tutdular. Bunun ardınca isə silahlı daşnaklar azərbaycanlıların evlərinə hücum edərək amansız qətllər törətdilər. Martın 31-də və aprelin ilk günlərində minlərlə dinc azərbaycanlı yalnız milli mənsubiyyətinə görə məhv edildi. Həmin günlərdə erməni-bolşevik birləşmələri Bakıda 12 min dinc azərbaycanlını qətlə yetirdilər. Bu qanlı hadisələr zamanı insanlar evlərində diri-diri yandırılıb, eləcə də xüsusi işgəncələrlə və amansızlıqla öldürülüb.

Ermənilərin silahlı hücumu nəticəsində 1918-ci ilin ilk beş ayı ərzində Quba qəzasında 16 mindən çox insan xüsusi qəddarlıqla qətlə yetirilib, 167 kənd dağıdılıb ki, onlardan 35-i hazırda mövcud deyil. Erməni-daşnak dəstələrinin Quba qəzasında azərbaycanlıları kütləvi şəkildə qətlə yetirmələrinə dair aşkar edilmiş faktlar son vaxtlar bir daha sübuta yetirilib. Belə ki, 2007-ci ildə Quba şəhərində kütləvi məzarlıqların aşkar edilməsi erməni vandalizmini təsdiqləyən faktlardır. Məzarlığın tədqiqi zamanı 1918-ci ildə erməni silahlı birləşmələrinin Qubaya hücumu zamanı insanların hər cür zorakılığa məruz qalaraq qəddarlıqla qətlə yetirilməsi və həmin məzarlığın sonradan kütləvi şəkildə basdırılmış yerli sakinlərə məxsus olduğu müəyyən edilib. Onu da qeyd etmək lazımdır ki, Amazaspın rəhbərliyi ilə erməni hərbi birləşmələri Qubada türk-müsəlman əhalisi ilə yanaşı, yəhudilərə qarşı da qırğınlar törədiblər. Aparılan tədqiqatlar nəticəsində məlum olub ki, 1918-1919-cu illərdə Qubada ermənilər tərəfindən 3 min nəfərə qədər yəhudi qətlə yetirilib.

Bundan əlavə, ermənilər tərəfindən Azərbaycanın yüzlərlə yaşayış məntəqəsi, o cümlədən Qarabağda 157 kənd dağıdılıb və yandırılıb, eləcə də Şuşada azərbaycanlılara qarşı amansız qırğınlar törədilib. Bu dövrdə Quba qəzasında 167, Şamaxı qəzasında 110, Zəngəzur qəzasında 115, İrəvan quberniyasında 211, Qars vilayətində 92 yaşayış məntəqəsi yandırılıb, dağıdılıb və talan edilib. Erməni daşnakları tərəfindən 1918-ci ilin mart-aprel aylarında Bakıda və digər Azərbaycan ərazilərində 50 minə yaxın insan xüsusi işgəncələrlə qətlə yetirilib. Zəngəzur qəzasında 10 mindən çox, Şamaxı qəzasında 10 min 270 nəfər azərbaycanlı amansızlıqla öldürülüb.

Ümumilikdə, 1918-1920-ci illərdə ermənilər tərəfindən törədilmiş kütləvi qırğınların Bakı, Quba, Şamaxı, Kürdəmir, Lənkəranla yanaşı, Şuşada, İrəvan quberniyası ərazisində, Zəngəzurda, Naxçıvanda, Şərurda, Ordubadda, Qarsda və başqa bölgələrdə amansız şəkildə davam etdirilməsi nəticəsində on minlərlə azərbaycanlı ən qəddar üsullarla qətlə yetirilib, bir milyondan çox əhali öz doğma torpaqlarından didərgin salınıb. Tarixi Azərbaycan torpaqlarında ermənilər tərəfindən bu vəhşiliklər törədilərkən məktəblər, məscidlər yandırılıb, maddi-mədəniyyət nümunələri məhv edilib.

XX əsrin sonunda monoetnik dövlət yaratmağa nail olan Ermənistanın təcavüzü nəticəsində Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və onun inzibati ərazisinə aidiyyəti olmayan Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan bölgələri işğal edilib. Bütün bu ərazilər ermənilər tərəfindən etnik təmizləməyə məruz qalıb. Hazırda Azərbaycan ərazisinin 20 faizi Ermənistan silahlı qüvvələrinin işğalı altındadır.

Dağlıq Qarabağın erməni icmasının öz müqəddəratını təyin etmək cəhdi kimi qələmə verdiyi Ermənistanın bu hərbi təcavüzü nəticəsində Azərbaycanın işğal olunmuş ərazilərindən bir milyondan çox əhalinin öz doğma torpağından məcburən köçkün düşməsinə gətirib çıxarıb və hazırda bütün dövrlərdə olduğu kimi, ermənilərin həyata keçirdiyi bu işğalçılıq siyasəti kütləvi qırğınlarla müşayiət olunub. Belə ki, 1988-1993-cü illərdə Ermənistanın hərbi təcavüzü nəticəsində 20 000 nəfər azərbaycanlı həlak olub, 50 000 nəfər isə müxtəlif dərəcəli xəsarət alaraq əlil olub.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri Xankəndidə yerləşən sovet ordusundan qalmış 366-cı motoatıcı alayın hərbçiləri və ağır texnikasının iştirakı ilə Xocalı şəhərinə hücum edərək şəhəri yerlə-yeksan etdilər. Çoxsaylı ağır texnika ilə şəhər tamamilə dağıdılıb, yandırılıb və insanlar xüsusi qəddarlıqla qətlə yetirilib. Azərbaycanın qədim Xocalı şəhərində həyata keçirilən bu soyqırımı nəticəsində rəsmi rəqəmlərə görə, 613 nəfər öldürüldü ki, onlardan 63 nəfəri uşaq, 106 nəfəri qadın, 70 nəfəri isə qoca idi. Səkkiz ailə tamamilə məhv edilmişdi. Bundan əlavə, 1275 nəfər əsir götürülüb, 150 nəfərin taleyi indiyə kimi naməlumdur. Bu soyqırımı zamanı mülki insanlar, o cümlədən qadınlar və uşaqlar xüsusi qəddarlıq və amansızlıqla qətlə yetirilib, başları kəsilib, yaxud başlarının dərisi soyulub, gözləri çıxarılıb, hamilə qadınlar süngü ilə deşik-deşik edilib. Xəsarət alanlardan 487 nəfəri şikəst olub ki, onlardan 76 nəfəri azyaşlıdır.

Ermənistanın ölkəmizə qarşı açıq-aşkar hərbi təcavüzü beynəlxalq hüququn bütün norma və prinsiplərinə ziddir. Belə ki, Ermənistan Respublikası bütün beynəlxalq hüquqi sənədləri, xüsusilə BMT Nizamnaməsinin I və II maddələrində, eləcə də 1975-ci il 1 avqust tarixli ATƏM/ATƏT-in Helsinki Yekun Aktında ifadə olunmuş beynəlxalq hüququn əsas prinsiplərini kobudcasına pozmuşdur.

Ermənistanın bu cinayətkar siyasətinin davamlılığını sübut edən faktlardan biri də budur ki, təkcə XX əsrdə azərbaycanlılar 4 dəfə - 1905-1906-cı, 1918-1920-ci, 1948-1953-cü və nəhayət, 1988-1993-cü illərdə erməni millətçiləri tərəfindən törədilən soyqırımı və etnik təmizləmələrə məruz qalıb.

Çox təəssüf ki, Ermənistanın yürütdüyü etnik təmizləmə və soyqırımı siyasəti uzun illərdir dünya ictimaiyyətinin gözü qarşısında baş verir. Halbuki soyqırımı ən ağır beynəlxalq cinayət olmaqla yanaşı, beynəlxalq hüquqa görə sülh və təhlükəsizliyə qarşı yönələn cinayətlər qrupuna aid edilir. Soyqırımı cinayətinin hüquqi əsası BMT Baş Məclisinin 1948-ci il 9 dekabr tarixli 260 (III) saylı qətnaməsi ilə qəbul edilmiş “Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” konvensiya ilə müəyyən olunub. Ona görə də Azərbaycan Respublikası bu konvensiyanı rəhbər tutaraq Ermənistan Respublikasına qarşı BMT-nin beynəlxalq məhkəməsində iddia qaldırmaq üçün bütün hüquqi əsaslara malikdir. Odur ki, böyük dövlətlər qəti praktik addımlar atmalı və işğalçılıq siyasətinə son qoyulması üçün Ermənistana təzyiqləri artırmaqla təcavüzkarı beynəlxalq birliyin iradəsinə tabe etdirməlidirlər.

Bu baxımdan, Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin 80 mindən çox olan azərbaycanlı əhalisi beynəlxalq birliyi Azərbaycan xalqına qarşı tarixboyu baş vermiş və bu gün də davam edən təcavüz hərəkətlərinə obyektiv siyasi-hüquqi qiymətin verilməsi üçün Azərbaycanın haqlı mövqeyini dəstəkləməyə çağırır.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam