Kəmaləddin Heydərov və Zakir Qaralov enerji sistemini çökdürən səbəbləri açdı
Prezident İlham Əliyevin ölkənin enerji sistemini çökdürən və dalbadal baş verən iki qəza ilə əlaqədar keçirdiyi müşavirədə fövqəladə hallar naziri Kəmaləddin Heydərov da məruzə edib. K.Heydərov birinci qəza baş verəndən sonra Mingəçevirə getdiyini, hadisə yerinə şəxsən baxış keçirdiyini deyib.
Yenixeber.org: Nazir bildirib ki, o hadisə yerinə çatanda İES-in yağ açarından yağ dağlmışdı və yüksək gərginlik kabellərinin keçdiyi kanallara axaraq yanğına səbəb olmuşdu.
“Biz illərdir “Azərenerji”yə məktublar göndərərək bildirmişdik ki, həmin kanalların üstü açıq olmamalıdır, etibarlı mühafizə edilməlidir. Ona görə ki, hansısa səbəbdən o yağlar tökülsə kanallara, kabellərin üstünə axmasın. Amma təəsüf ki, təxminən 63 yağ açarının hamısının qarşısı açıq idi, yanğın baş verən yerdə də eyni vəziyyət vardı”-fövqəladə hallar naziri prezidentə məruzəsində bildirib.
K.Heydərov əlavə edib ki, FHN-nin indiyə qədər Mingəçevirdəki “Azərbaycan İES”dəki problemlərlə bağlı “Azərenerji” ASC-yə göndərdiyi məktublarda sadalanan problemlərin heç biri aradan qaldırılmayıb.“Ərazidəki quru otlar biçilməmişdi, soyutma qurğularından demək olar heç biri işləmirdi. Soyutma kanallarındakı su Mingəçevir dəryaçasının dibindən 12 dərəcə temperaturda götürülməli olduğu halda həmin gün soyutma kanallarındakı suyun temperaturu 28 dərəcədən yuxarı olub”-Heydərov bildirib.
Nazir deyib ki, stansiyanın nəinki yarımstansiyasında, eləcə də hansısa blokunda qəza baş verəndə bu stansiyanın tamamilə sıradan çıxmasına gətirib çıxarmamalıydı. K.Heydərovun sözlərinə görə ikinci qəza da yenidən stansiyanın 7-ci blokunda baş verib. Və energetika sisteminə cavabdeh olanların heç biri bu baş verənlərə tutarlı izahat verə bilməyib. O, stansiyada yol verilmiş pozuntularla bağlı FHN-nin indiyə qədər topladığı sənədləri Baş prokurorluğa və DİN-ə təqdim etdiyini deyib. K.Heydərovun bildirdiyinə görə onun apardığı müşahidələr “Azərbaycan” İES-in mənəvi və fiziki köhnəldiyini göstərir. Ona görə də beynəlxalq audit təşkil olunmalı, bu stansiyanın yenidən qurulması məsələsinə baxılmalı, ümumiyyətlə ölkənin energetika sistemi hansısa qəza halında bütün sistemin çökməməsi üçün beynəlxalq mütəxəssislər cəlb edilməklə yenidən qurulmalıdır.
Müşavirədə baş prokuror Zakir Qaralov da “Azərbaycan” İES-də qəzaya səbəb olmuş pozuntular barədə danışıb. Bildirib ki, normativlərə görə soyutma sistemində suyun hərarəti 12 dərəcə olmalı idi, amma layihələndirmənin kobud pozulmasına görə bu temperatur 28 dərəcəni keçib. Onun sözlərinə görə, 1994-cü ildə stansiyanın soyutma sistemi üçün Mingəçevir su anbarının altından xüsusi kanalın çəkilməsi layihəsi hazırlansa da həmin layihə həyata keçirilməyib.
Habelə baş prokurorun sözlərinə görə qəza baş vermiş yarımstansiyada cərəyan transformatorları istismar müddətini başa vurmasına baxmayaraq müntəzəm olaraq təmir-bərpa işləri aparılmayıb, texniki istismar qaydaları pozulub. Z.Qaralovun sözlərinə görə əslində hər il təmir-bərpa işləri aparılır, amma mütəxəssislər bu işlərin yetərli olmadığını bildirir. Belə ki, 2012-ci il sentyabrın 12-də ildırım vurması nəticəsində yarımstansiyanın hava açarı zədələnib. Açar dəyişdirilib, amma onun mühafizə dövrəsindəki cərəyan transformatoru dəyişdirilməyib və təmir edilməyib. Nəticədə qəza zamanı transformatorun izolyasiya təbəqəsi gərginliyə davam gətirməyib. Habelə FHN-nin təqdim etdiyi sənədlərə əsasən yarımstansiyada kabellərin yanğından mühafizəsi qaydaları pozulub, yanğına qarşı avtomatik xəbərvermə sistemi qurulmayıb, mazut çənlərinin heç birinin soyutma sistemi olmayıb. Z.Qaralov prezidentə bildirib ki, qəza nəticəsində bütün ölkənin enerji sisteminin çökməsinin səbəbi mütəxəssislərin rəyinə görə “Azərenerji” tərəfindən ölkə üzrə rele-mühafizə sisteminin qurulub başa çatdırılmamasıdır.