68 hərbçi ölüb, 108-i yaralanıb
“Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin kütləvi informasiya vasitələri üzərində həyata keçirdikləri monitorinqin nəticələrinə əsasən adlı siyahı üzrə 2014-cü ilin geridə qalan dövründə Azərbaycan təhlükəsizlik və müdafiə sektorunun itkiləri 68 nəfər təşkil edib.
"Xeberinfo.com": “Doktrina” JHAM İnformasiya Departamentindən əldə etdiyimiz məlumata görə, “Doktrina” JHAM direktoru Cəsur Sümərinli qeyd edib ki, ötən müddətdə 108 nəfər yaralanıb və ya xəsarət alıb. C.Sümərinli qeyd etdi ki, müvafiq dövrdə dünyalarını dəyişənlərin 24-ü döyüş (erməni gülləsi), 3-ü mina partlayışı, 41-i isə qeyri-döyüş itkiləridir. İlkin məlumatlara görə, döyüş itkilərinin 14-ü 31 iyul-5 avqust tarixlərində cəbhədə baş vermiş gərginliklə bağlıdır.
10 – nəfər avtoqəzadan, 1 – nəfər naməlum səbəbdən, 6 nəfər qeyri-nizamnamə (qanunazidd) hərəkətlərindən, 2 nəfər bədbəxt hadisədən (suda boğulma, elektrik cərəyanı), 8 nəfər xəstəlikdən dünyasını dəyişib. 14 nəfər intihar edib (asma, güllələmə). Dünyasını dəyişənlərin 60-ı Müdafiə Nazirliyinin, 3-ü Ədliyyə Nazirliyinin, 2-i Daxili Qoşunların, 3-ü Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularıdır.
Yaralılara və xəsarət alanlara gəlincə (108 nəfər) C.Sümərinli bildirdi ki, onların 21-i qeyri-nizamnamə hadisələrindən (o cümlədən ehtiyatsızlıqdan) 8-i intihara cəhddən, 25-i erməni gülləsindən (10 nəfəri 31 iyul-5 avqust tarixlərində cəbhə xəttində baş vermiş gərginliklə əlaqəlidir), 9 nəfər mina partlayışından, 3 nəfər qumbara partlayışı, 2 nəfər təlimdə, 37-si avtoqəza nəticəsində, 2 nəfər bədbəxt hadisədən (elektrik cərəyanı, yanıq) yaralanıblar və ya xəsarət alıblar. 1 nəfər zəhərlənib. 93 nəfər Müdafiə Nazirliyinin hərbi qulluqçusu, 7 nəfər Daxili Qoşunlar, 7 nəfər Dövlət Sərhəd Xidmətinin, 1 nəfərsə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin mühafizə alayının hərbi qulluqçusudur. Yaralıların və xəsarət alanların bir çoxu xidmət yerinə qayıdıblar.
Müvafiq dövrdə 1 nəfər hərbi çağırışçı avtomobil qəzasından dünyasını dəyişib.
Ötən dövrdə Azərbaycanın 15 mülki vətəndaşı erməni tərəfinin gülləsindən yaralanıb, 2 nəfərsə dünyasını dəyişib. 2 Azərbaycan mülki vətəndaşı Ermənistan tərəfindən girov götürülüb. Eyni zamanda 3 Ermənistan mülki vətəndaşı Azərbaycan tərəfə əsir düşüb (hər üçü qaytarılıb).