Bakı Qızlar Universitetində monarxiya qurulmasının ilginc təfərrüatı
Bakı Qızlar Universitetində (BQU) orijinal rektor dəyişikliyi olub. Ağarəhim Rəhimov yerinə qızı Sevinc Rəhimovanı təyin edib.
Xeberinfo.com: Politika.Az bu barədə araşdırmalar aparıb.
Məlum olub ki, hələ 2009-cu ildə A.Rəhimov Nazim Abbasovu prorektorluqdan çıxarıb yerinə qızı Sevinc Rəhimovanı qoymuşdu.
Bu təyinat artıq qızının rektor vəzifəsinə hazırlamasına bir tramplin idi. Rektorun ikinci nikahdan olan Cavidan adlı oğlu isə universitetdə məsul vəzifədə çalışıb.
Sonra Vergilər Nazirliyində işə düzəlib. Məlumatlara görə, A.Rəhimov yaşı və səhhəti ilə əlaqədar BQU-nu övladına təhvil verib. İdarəçiliyin arxasında isə özünün kölgəsinin də olacağı istisna deyil.
Musavat.com o zaman yazmışdı ki, rektor arxasında nəqliyyat naziri Ziya Məmmədovla, baş prokurorun əmisi, sabiq deputat Zahid Qaralov dayandığını bildiribmiş.
Ona görə də təhsil naziri Misir Mərdanovun da ona bata bilməyəcəyini söyləyibmiş. İddialara görə son zamanlarda universitetin əsas idarəçiliyi S.Rəhimovada olub. Atası qızına əsas işləri tapşırıb.
BQU-dakı bu təyinat da tələbələr və müəllim kollektivində təəccüb doğurmayıb. Onlar qabaqcadan bilirmiş ki S.Rəhimova rektor təyin olunacaq.
Hətta deyilənə görə, tələbələr bunu BQU daxilində gizli seçki adlandırıb. Onlar bildiriblər ki, BQU-da monarxiyanın əsası qoyulub.
O, 1992-ci ildə Bakı Qızlar Universitetini təsis edib. Həmin ildən onun rektorudur. A.Rəhimov nasir və dramaturqdur. Yazıçı hekayə, povest, roman, esse, pyes və kinossenarilərdən ibarət 31 bədìì kìtabın müəlìfìdìr. 20 cilddə seçilmiş əsərlərini çap etdirib.
Politika.Az-ın verdiyi xəbərə görə, zaman-zaman bu ali məktəbdən şikayətlər olub. Mətbuat da bu məsələləri yazıb.
Məsələn, tələbələr iddia edirlər ki, dərsliyə aid olmayan kitablar onlara rəhbərlik tərəfindən məcburi olaraq satılır. Digər problem imtahanlardır. Hər özəl universitetdə demək olar ki imtahanın qeyri-rəsmi yollarla həlli tələbi olur.
Mediada çap olunan xəbərlərdə də BQU-dakı tələbələrin soğan qabığı kimi soyulduğu dərc olunub. Təhsil üzrə ekspert Etibar Əliyev bu cür ali məktəblərin fəaliyyətinin dayandırılmasının vaxtı olduğunu açıqlamışdı.
Hazırda Bakı Qızlar Universitetində xarici dil (ingilis) müəllimliyi, Azərbaycan dili və ədəbiyyat müəllimliyi, tarix müəllimliyi, təhsildə sosial-psixoloji xidmət, psixologiya, coğrafiya müəllimliyi, ibtidai sinif müəllimliyi, məktəbəqədər təlim və tərbiyə, riyaziyyat və informatika müəllimliyi ixtisasları üzrə kadrların hazırlandığı bildirilir.
Bu iddialar barədə BQU-nun mətbuat xidmətinin mövqeyini dərc etməyə hazırıq.