Daha bir universitetdərektor-tələbə qalmaqalı
“Universitet rektoru tərəfindən şəxsiyyətim alçaldıldığı və mənə qarşı şər atıldığı üçün susmamaq qərarına gəldim. Hüquqi dövlətdə yaşayırıq və hüquqlarımı tələb etmək mənim ən böyük haqqımdır”
Yenixeber.org: Bu sözləri Bakı Qızlar Universitetinin Sosial Pedaqoji fakültəsinin 3-cü kurs tələbəsi Fəridə İsmayılova Qafqazinfo-ya müraciətində deyib. Tələbə bildirib ki, qaib limiti bitmədiyi halda, o, bir gün öncə universitetə getmədiyi üçün rektor Sevinc Rəhimova dərsdən çıxarılmasını tələb edib: “5 qaibim var və limiti aşmamışam. Birinci dərsin yarısında dekanlığa çağırıldım. Dekan mən və digər qrup yoldaşımdan dərsdən çıxmağımızı tələb etdi. Biz isə dərsdə iştirak etmək istədiyimizi deyib sinfə geri döndük. Bir neçə dəqiqə sonra rektor sinif otağına daxil olaraq bizi məcburi formada çölə çıxarmaq istədi. Müəllimə də tapşırdı ki, qaib yazsın. Hətta qrup yoldaşımın halı pisləşdi. Əvvəlcə yalandan etdiyini deyib bizə icazə vermədi ki, qıza kömək edək. Daha sonra qrup yoldaşımın halı pisləşdiyi üçün təcili yardım gəldi.
Sevinc xanımın atası Ağarəhim Rəhimov (Sabiq rektor) gəldi və bizə qarşı hamının içində alçaldıcı ifadələr işlətdi. Limiti aşmadığım təqdirdə dərsə necə gəlib-getdiyimin heç kimə aidiyyəti yoxdur. Özü də Baloniya sistemində təhsil alırıqsa, ümumiyyətlə, bir söz deyə bilməzlər. Mən də artıq emosiyalarıma sahib çıxa bilmədim. Odur ki, universitetdə avtoritar sistem olduğunu dedim. İndi üstümə şər atırlar ki, universitetdə başqa bir cənublu qızla dövlət əleyhinə hansısa bir təşkilata üzv olduğumuzu və separatçılıq etdiyimizi iddia edirlər. DTX ilə qorxudurlar. Saxta şahidlər tutaraq etmədiyim bir şeyi boynuma qoymaq istəyirlər.
Atamı universitetə çağırıb yanımda təhqir ediblər. “Qızın 6 ay universitetdən uzaq qalsın, ağlı başına gəlsin” deyiblər.
Bütün yaşananların səbəbi mənim haqsızlığa boyun əyməməyimdir. Hər il 2000 manat təhsil haqqı ödəyirəm və təhsil almaq tam haqqımdır. Gələcəyin anası, bir qadın olaraq bu təhqirlərə göz yuma bilmərəm. Mənim vətənimə canım qurbandır, narazılığım bizi incidən, vəzifələrindən sui-istifadə edən insanlara qarşıdır”.
“Qafqazinfo”nun əməkdaşı məsələ ilə bağlı BQU-nun rektoru Sevinc Rəhimova ilə əlaqə saxlayıb. Rektor bildirib ki, qrupdakı qızları təşkilata qoşulmağa təşviq etdiyi üçün tələbə hazırda başqa bir qrupa keçirilib. Ancaq qovulmaq və ya təhqir olunmaqdan söz belə gedə bilməz: "Əvvəla, 5 qaib nədir ki, onun üstündə biz tələbəni dərsdən uzaqlaşdıraq və yaxud hər hansı bir tədbir görək. Bu, absurd bir fikirdir. Sadəcə olaraq, xəbərdarlıq etmək və dərsə gəlməməsinin səbəbini öyrənmək üçün otağa çağırmışdıq. Bu, mütəmadi olaraq apardığımız işdir və otağa çağırılmış tək tələbə Fəridə deyil. Hər bir müəssisənin öz qanunları var. Tələbə özü də aqressiv idi. Düzü, nə baş verdi, heç biz də anlamadıq. Başladı dövlət, xalq, millətçilik haqqında kobud ifadələr işlətməyə. Avtoritar cəmiyyətdə yaşadığımızı bildirdi. Torpağımıza, suyumuza demədiyi söz qalmadı.
Biz də fikirləşdik ki, belə bir tələbəni auditoriyada saxlamaq doğru deyil. Görünür ki, tələbə hansısa bir təşkilatla bağlıdır və tələbələri də təşviq etməməsi üçün onu həmin qrupdan uzaqlaşdırdıq. Hazırda nə universitetdən xaric olunub, nə başqa bir şey".