SOCAR rəhbərliyi Britaniya mediasını dəhşətə gətirib
«Opendemocracy»: «Şirkət rəhbərliyinin işçilərinin təhlükəsizliyinə bu cür sinik və pulgir münasibəti insanı dəhşətə gətirir»
Xeberinfo.com: Böyük Britaniya mediası ötən ilin dekabrında Azərbaycanda “Günəşli” yatağında baş vermiş dəhşətli yanğın və ondan sonrakı hadisələri təhlil edib. Təhlilin nəticəsi olaraq, “opendemocracy” saytında yayımlanan “Azərbaycanda neft platformasında həlak olanlarla bağlı susqunluğu pozmağın vaxtıdır” başlıqlı məqalədə müəlliflər belə nəticəyə gəlib ki, 34 nəfərin ölümü ilə nəticələnmiş hadisənin səbəbkarı SOCAR rəhbərliyinin məsuliyyətsizliyi, neft amilini işçilərinin təhlükəsizliyindən üstün tutmasıdır. Məqalənin tərcüməsini təqdim edirik:
Xəzər dənizində neft platformasında baş verən dəhşətli yanğından aylar keçir, ancaq Azərbaycan hökuməti hələ də istintaqı başa çatdırmayıb.
4 dekabr 2015-ci il saat 17:40-da güclü qasırğa və hündür dalğalar “Günəşli” yatağındakı 10-cu neft platformasında sualtı qaz borularını qırdı. Azərbaycanın neft sənayesində baş verən ən fəlakətli qəza nəticəsində 34 nəfər dünyasını dəyişdi və bu hadisədən 9 ay ötür. Hökumət rəsmiləri isə hələ də qəzanın necə baş verdiyi və ya gələcəkdə bu cür qəzalardan yayınmaq üçün hansı tədbirlərin görüləcəyi ilə bağlı susurlar.
Hadisə nəticəsində dünyasını dəyişənlərin çoxu xilasetmə qayığı platformanın kənarlarına çırpıldığı zaman suya atılıblar. Onlar keçən il dekabrın 4-ü 10 bal gücündə fırtınanın əsdiyi vaxt bu yolla yanğından xilas olmağa çalışırdılar.
Neftçilərin əynində heç xilasetmə jileti də olmayıb
Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatı (NHMT) bildirir ki, Dövlət Neft Şirkətinin rəhbərliyi hasilatın davamlılığını təmin etmək üçün təhlükəsizlik qaydalarını pozub, platformanı tərk etməyə cəhd göstərən işçilərin üzərində heç xilasetmə jileti də olmayıb.
NHMT-nin fevral ayında nəşr edilən hesabatında deyilir ki, dövlət rəsmiləri hadisə vaxtı media və ictimaiyyətə yalan xəbər verməklə məşğul olub, neftçilərin ailələrinə qarşı isə aşağılayıcı davranış sərgiləyiblər.
Hökumət hesabatı rədd edir, ancaq özünün bu işlə məşğul olmaq üçün qurduğu 14 nəfərlik komissiya indiyədək ictimaiyyətə heç bir açıqlama verməyib. Prokurorluq cinayət işi açıb (bu, standart prosedurdur), ancaq istintaqla bağlı hələ də məlumat yaymayıb. Bilinmir ki, təhlükəsizlik qaydalarının pozulmasına səbəb olmuş rəhbər işçilər istintaqa cəlb olunub, ya yox.
Neft amili insandan üstün tutulur
NHMT-nin sədri Mirvari Qəhrəmanlı müsahibəsində deyir: “Sovet vaxtlarında olduğu kimi, yenə də neft amili insan amilindən üstün tutulur. Ancaq əksinə olmalı idi: öncə insan, sonra neft. Insanlar vaxtında evakuasiya edilməli, təhlükəsizlik məsələlərinə diqqət yetirilməli idi.
Neftçilərin həmkarlar təşkilatı təhlükəsizlik standartları üzərində monitorinq aparmalı idi, ancaq onlar nə bunda, nə də hadisənin başvermə səbəblərinin araşdırılmasında maraqlı olmadılar. Onların etdiyi bircə şey qurbanların ailələrinə bir az pul vermək oldu. Ancaq burda məsələ insan həyatı idi”.
Hadisə necə baş verib?
Hadisə baş verən vaxt küləyin sürəti saniyədə 38-40 metrə çatmışdı, dalğaların hündürlüyü isə 8 metrdən 9-10 metrə qalxmışdı. Təxminən saat 17:40-da platformanın sualtı qaz borusu qırıldı. Qaz sızması partlayışa səbəb oldu və birdən ətrafı alovlar bürüdü, tezliklə bu alov platformadakı bir sıra neft və qaz quyularına da yayıldı.
Güclü fırtına səbəbindən yanğınsöndürən və xilasedici gəmilər platformaya yetişə bilmədi. Əməliyyatı SOCAR-ın hasilat bölümünə baxan Azneft aparırdı.
Platformada 63 işçi var idi. NHMT-nin yaydığı hesabatda bildirilirdi ki, 12 nəfər ölüb, 19 nəfər itkin düşüb. Həmin gün daha 3 neftçinin cəsədi Neft Daşlarında yerləşən 501-ci platforma yaxınlığında tapıldı. Onlar Cavad Xudaverdiyev (44), Bəhmən Cəfərov (54) və Rövşən Məmmədov (41) idi. Beləliklə, hadisə qurbanlarının sayı 34-ə çatdı. Hökumət və ya SOCAR tərəfindən ölənlərin rəsmi siyahısı yayımlanmayıb.
Işçilər bir gün əvvəl təhlükə barədə xəbər verilmib…
NHMT qeyd edib ki, evakuasiya zamanı məsul şəxslərin təhkükəsizlik qaydaları ilə bağlı yetərli biliklərə malik olmadığı üzə çıxıb.
NHMT faciə ilə bağlı araşdırmasını bu ilin 24 fevralında yayımlayıb. Təşkilat bildirir ki, işçilər fəlakətdən bir gün öncə qaz sızması barədə məlumat vermişdilər. “28 May” neft və qaz hasilatı departamentinin rəhbərliyindən onlara deyilib ki, hasilatı dayandırmayın – əgər dayandırılsaydı, hadisə baş verən zaman itkilərin qarşısını almaq olardı.
Fırtınalı havada özüllərdəki işçilərin sayının azaldılması barədə hüquqi öhdəliklər olmasına baxmayaraq, buna əməl edilməyib. Yanğın başlayanda özüldə 63 nəfər var idi. Onlardan 15-i inşaat və qazma briqadasında idi. Bu da Əmək Məcəlləsinin pozulması halıdır. Məcəlləyə görə, fırtınalı havalarda tikinti, quraşdırma, söküntü işləri dayandırılmalıdır.
Məsuliyyət hansı qurumların üzərindədir?
Orada iaşə işlərinə baxan heyət də daxil olmaqla, zəruri olmayan işçilər var idi.
“Departament sədri cəmiyyətə və ölmüş, itkin düşmüş neftçilərin ailələrinə izah etməlidir ki, fırtına barədə məlumat daxil olmuşdusa, bu işçilər niyə ordan çıxarılmamışdı?”, – NHMT-nın hesabatında deyir.
Azərbaycan qanunları tələb edir ki, 8 və yuxarı bal gücündə qasırğalar zamanı əksər hasilat işləri dayandırılmalıdır. Bu qasırğanın gücü isə 10 bal və daha çox olub. Ancaq işlər dayandırılmadı.
Işçilərin çoxu evakuasiya zamanı xilasetmə cileti geyinməmişdi. Mirvari Qəhrəmanlı deyib ki, bu fakt hadisə yerindən fotoqrafik sübutlarla və özünün sağ qalanlarla görüşü zamanı təsdiqini tapıb.
Bundan başqa, çilasetmə əməliyyatı zamanı neftçilərə lazımi təlimatlar verilməyib. Xilasetmə qayıqlarının keyfiyyətinin mütəxəssislər tərəfindən incələnməsi zamanı bəzi suallar meydana çıxıb.
Hesabatda qeyd olunur ki, təhlükəsizlik qaydaları kobud şəkildə pozulub və birbaşa məsuliyyəti “28 May” Neft-Qaz Çıxarma Departamenti, Kompleks Qazma Işləri Tresti, “Kaspian Keyterinq Servis” və Dövlət Neft Şirkətinin Nəqliyyat Idarəsinin rəhbərlikləri daşıyır.
SOCAR rəhbərliyi günahkardı…
NHMT hesabatında həmçinin deyilir ki, hökumət və SOCAR hadisə baş verən axşam faciə barədə yalan məlumat yaymaqla məşğul olub.
Hadisənin baş verməsindən 6 saat keçməsinə baxmayaraq, SOCAR və ya Fövqəladə Hallar Nazirliyi ictimaiyyətə heç bir açıqlama verməyib; daha sonra SOCAR hesabat yayıb ki, heç bir yaralı və ölü yoxdur.
Neftçi ailələrinə qarşı aşağılayıcı rəftara görə NHMT hökuməti günahlandırır. Neftçi ailələri təzyiq altında qalsalar da, vahid informasiya mərkəzi yaratmışdılar. Ancaq onlar üçün psixoloji dəstək təmin olunmadı. Bəzi ailələr qeyri-tolerant məmurlar tərəfindən kobud rəftara məruz qaldı.
Mart ayında SOCAR NHMT-nin hesabatına qarşı arqumentsiz və tutarsız bir cavab yayımladı. Cavabda əsas məqamlara heç bir aydınlıq gətirilmədi. Fəlakətin səbəbi və təhlükəsizlik qaydalarının təkmilləşdirilməsi imkanları barədə də heç bir şey deyilmədi.
Şirkət rəhbərliyinin işçilərinin təhlükəsizliyinə bu cür sinik və pulgir münasibəti insanı dəhşətə gətirir.
Fəlakətin pərdəarxasında ümumilikdə neft sənayesində təhlükəsizlik mədəniyyətinin zəif olması dayanır. 2014-cü ildə bu sektorda 19 nəfər ölmüşdü; 2015-ci ildə 10-cu platformada baş verən hadisə zamanı isə bu rəqəm iki dəfə artaraq, 40-a yaxınlaşdı.
NHMT istehsalı insan amilindən üstün tutan rəhbərliyi və hökumətin rəsmi sanksiyası altında olan onurğasız həmkarlar təşkilatını günahlandırır. Faciənin istintaqının uğursuzluğa düçar olmasına görə həmkarlar təşkilatı bir dəfə də olsun, rəsmi orqanlara qarşı etiraz səsini ucaltmayıb.(Azadliq.info)