“Günəşli” yatağında güclü yanğın: 30 nəfər itkin düşüb - YENİLƏNİB
“Günəşli” yatağının yanğın baş vermiş 10-cu dərin dəniz özülündə xilasetmə işləri davam etdirilir.
Xeberinfo.com: Məlumata görə, hadisə ilə bağlı SOCAR, Fövqəladə Hallar Nazirliyi və Baş Prokurorluğun birgə məlumat yayacağı gözlənilir.
Hadisə ilə bağlı “Azneft” İstehsalat Birliyində yaradılmış operativ qərargahdan verilənson məlumata görə, indiyə qədər qayıqlardan və platformadan 32 nəfər xilas olunub, bir nəfər isə həlak olub.
Hadisə baş verən zaman özüldə 63 nəfər olub. Onların böyük əksəriyyəti hadisə zamanı ehtiyat qayıqlara toplaşıblar.
***
Məlumata görə, xilas edilənlərin sayı 15-ə çatıb.
SOCAR prezidenti Rövnəq Abdullayev, fövqəladə hallar nazirinin birinci müavini Rəfael Mirzəyev də hadisə yerindədirlər.
Qeyd edək ki, dünən baş verən güclü tufan saat 17:40 radələrində “Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə qaz xəttini sıradan çıxarıb, nəticədə yanğın baş verib.
APA-nın dəqiqləşdirməsinə görə, hadisə baş verən vaxt 28 May Neft-Qaz Çıxarma İdarəsinin 10-cu dərin dəniz özülündə 63 nəfər işdə olub. Özülün rəisi Allahverdi Məmmədovdur.
* **
SOCAR prezidenti Rövnəq Abdullayev və fövqəladə hallar nazirinin birinci müavini Rəfael Mirzəyev hadisə yerindədir
Hazırda “Günəşli” yatağının yanğın baş vermiş 10-cu blokunda xilasetmə işləri aparılır.
Məlumata görə, Fövqəladə Hallar Nazirliyinin və SOCAR-ın canlı qüvvəsi və texnikası yanğın baş vermiş platformaya enib.
Hadisə baş vermiş platformada xilasetmə əməliyyatları başlayıb və artıq 7 nəfər xilas olunub.
SOCAR prezidenti Rövnəq Abdullayev, fövqəladə hallar nazirinin birinci müavini Rəfael Mirzəyev də hadisə yerindədirlər.
Qeyd edək ki, dünən baş verən güclü tufan saat 17:40 radələrində “Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə qaz xəttini sıradan çıxarıb, nəticədə yanğın baş verib.
* * *
“Artıq qayıqlarda olan iki nəfər xilas edilərək xilasedici gəmiyə mindirilib”. Bu barədə “Report”a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyində hadisə ilə bağlı yaradılmış qərargahdan bildirilib.
Məlumata görə, xilasetmə əməliyyatlarına Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və FHN-in əməkdaşları cəlb edilib.
Xilasetmə əməliyyatlarının havadan helikopeterlər, dənizdən isə gəmilər vasitəsi ilə aparıldığı deyilir: “Əldə etdiyimiz məlumata görə, iki nəfər artıq xilas edilərək xilasedici gəmiyə mindirilib”.
Qərargahdan SOCAR rəhbərliyinin hələ də hadisə yerində olduğu bildirilib: “Başda şirkətin prezidenti Rövnəq Abdullayev olmaqla bütün rəhbərlik hadisə yerindədir. Xilasetmə əməliyyatları davam etdirilir”.
* * *
Yanğın baş verən platformada qalan işçilər sağ-salamatdırlar.
Bu barədə “APA-Economics”ə “Azneft” İB-də yaradılan qərargahdan məlumat verilib.
Qərargahdan bildirilib ki, SOCAR prezidenti Rövnəq Abdullayev də hazırda hadisə yerindədir. FHN-nin vertolyotu da hadisə yerinə cəlb olunub, qısa zamanda xilasetmə qayığı oradan götürüləcək.
Bundan başqa, platformada yanğının hələ də davam etdiyi bildirilib: “Dalğalar çox hündür olduğundan yanğınsöndürən gəmilər platformaya yaxınlaşa bilmir”.
* * *
“Günəşli” yatağındakı 10-cu özüldə baş verən yanğın hal-hazırda davam edir.
Hadisə ilə əlaqədar yaradılan qərargahdan Trend-ə verilən məlumata görə, hal-hazırda SOCAR rəhbərliyi hadisə yerinə gedir.
Məlumata əsasən, özüldə olan işçilər yanğın yerindən təxliyə olunub, və onların vəziyyəti yaxşıdı. Onlar hələ də dənizdə xilasetmə qayıqlarda və gəmidə qalıblar.
***
Güclü tufan “Neft daşları”nda qəzaya səbəb olub. SOCAR-dan verilən məlumata görə, hadisə bu gün saat 12.30 radələrində “Neft Daşları” NQÇİ-nin 501 nömrəli özülündə baş verib.
Güclü tufan nəticəsində dalğalar estakada döşəməsini üstündəki yaşayış budkası ilə birlikdə uçurub dənizə atıb. Hadisə baş verərkən buxar aqreqatının maşinisti 1971-ci il təvəllüdlü Cavad Xudaverdiyev, səyyar aqreqatın matorçuları-1961-ci il təvəllüdlü Bəhmən Cəfərov və 1974-cü il təvəllüdlü Rövşən Məmmədov budkada olublar. Dənizdə operativ axtarış işlərinə başlanılıb.
Güclü küləyin yaratdığı maneəyə baxmayaraq, hazırda itkin düşən nefçilərin axtarışı Fövqəladə Hallar Nazirliyinin vertolyotu, həmçinin Xəzər Dəniz Gəmiçiliyinin “Vixr-9” yanğınsöndürən gəmisi, “Avyor” dalğıc gəmisi və “Samir Quliyev” yedək gəmisi ilə davam etdirilir.
Hadisənin təfərrüatları özülə göndərilmiş komissiya tərəfindən araşdırılır. Araşdırmanın nəticələri barədə əlavə məlumat veriləcək.