Azərbaycanın iki əsas neft platformasında işlər dayandırılır
Britaniyanın neft nəhəngi Xəzərin Azərbaycan sektorundakı əsas neft platformalarından birində işləri “planlaşdırılmış texniki xidmət”lə bağlı dayandırır.
"Xeberinfo.com": Virtualaz.org saytı xəbəri verir ki, bu barədə “Röyter” agentliyi az əvvəl BP-Azebaijan şirkətinin mətbuat xidmətinə istinadən məlumat yayıb.
Məlumata əsasən “Əsrin müqaviləsi” çərçivəsində istismar olunan “Azəri-Çıraq-Günəşli” blokuna daxil olan “Qərbi Azəri” platformasında işlər üç həftəliyinə dayandırılır və mayın sonlarında bərpa ediləcək.
Azərbaycanın dövlət neft şirkəti SOCAR-dakı mənbə isə “Röyter”ə bildirib ki, bu ayın sonunda Xəzərdə daha bir neft platformasında işlər “planlı texniki xidmət” üçün dayandırılacaq.
Şübhəsiz ki, bir-birinin ardınca iki neft platformasında işlərin dayandırılması Azərbaycanda neft hasilatının həcminə mənfi təsir edəcək. Bu isə qiymətlərin ucuzlaşmasının nəticəsi olaraq neft gəlirlərinin azaldığı indiki bir vaxtda yaxşı xəbər deyil. Hərçənd ki, BP Xəzərdəki neft platformalarında mümkün qəza risklərini aradan qaldırmaq üçün vaxtaşırı olaraq işləri müvəqqəti dayandırır.
İlin əvvəlindən Azərbaycanda neft hasilatında nisbi artım müşahidə olunur, ilin birinci kvartalında 10.6 milyon ton neft hasil olunub. Ötən ilin eyni dövründə isə hasilatın həcmi 10.4 milyon ton idi. Hasilatın artmasının səbəbi “Azəri-Çıraq-Günəşli” blokunda hasilatın artmasıdır. Ötən il Azərbaycanda neft hasilatının həcmi 41.9 milyon ton olub, 2013-cü ildə isə hasilat 43.1 milyon ton idi.
Bir neçə il əvvəl BP-nin operatorluq etdiyi konsorsiumun hasilatı azaltması Azərbaycan hakimiyyətinin kəskin narazılığına səbəb olmuşdu. Bundan sonra BP hasilatı artırmaq üçün əlavə investisiyalar qoymağa razılaşıb. 2013-cü ildə hasilat artsa da ötən il yenidən azalma başlayıb. Bu ilki proqnoza görə neft hasilatı ötən ilkindən az-40.3 milyon ton olmalıdır.