Vergi böhranı
Büdcənin doldurulması təhlükəsi var, ƏDV 33, Mənfəət vergisi 29, gəlir vergisi 48, «digər daxilolmalar» 83, aksiz vergisi 45 faiz azalıb
Fazil Məmmədov hansı nəticələrdən razı qalıb?
Nemət Əliyev: «Acınacaqlı, əvvəlki dövrlə müqayisədə daha bərbad nəticələr meydana çıxıb»
Xeberinfo.com: İyulun 15-də Vergilər Nazirliyində Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclas keçirilib. Iclasda çıxış edən vergilər naziri Fazil Məmmədov bildirib ki, 2016-cı ilin birinci yarımilliyində dövlət büdcəsinə 3 milyard 190.1 milyon manat vəsait toplanaraq proqnoza 102 faiz əməl edilib. Bu vergilərin 929 milyon manatı və ya 29,1 faizi dövlət sektorundan, 2 milyard 261,1 milyon manatı və ya 70,9 faizi qeyri-dövlət sektorundan daxil olub. Bu nəticələr vergilər nazirini razı salıb.
Vergilərlə bağlı mövzuya toxunan iqtisadçı Nemət Əliyev vəziyyəti şərh edən status paylaşıb. N.Əliyevin sözlərinə görə, böyük bahalaşma gündəmi zəbt edib. Kütləvi istehlak mallarının qiymətləri hər an qaldırıla biləcəyini vurğulayan N.Əliyev qeyd edib ki, dövlət büdcəsinin gəlirləri kəskin şəkildə azalıb: “May ayında Əlavə Dəyər Vergisi(ƏDV) üzrə büdcəyə daxilolmalar yanvar ayının faktiki göstəricisi ilə müqayisədə 33,4% azalıb. Aprel ayı ilə müqayisədə bu göstərici mayda daha 5%-dən çox pisləşib. ƏDV-nin büdcə daxilolmalarında payı 22%-ə yaxındır. Mənfəət vergisi üzrə büdcəyə daxilolmalar ”yanvar daxilolmaları”na nəzərən 29%, “aprel daxilolmaları”na nəzərən 3 dəfə azalıb. Məlumat üçün xatırladaq ki, aprel ayında mənfəət vergisi üzrə büdcəyə daxilolmalar 2 dəfədən çox artmışdı. Görünür, sahibkarlar Vergilər Nazirliyinin bu yükünü çəkə bilməyib. Elə bu üzdən də may ayında bu vergi növü üzrə büdcəyə ödəmələr sürətlə azalıb və hətta yanvar səviyyəsindən də 29% aşağı düşüb. Bu vergi növünün büdcədə payı 11%-dən çoxdur.Büdcə gəlirlərinin formalaşmasında 6%-dən çox payı olan gəlir vergisi üzrə büdcəyə daxilolmalar may ayında 1-ci aya nəzərən 48% düşüb”.
N.Əliyevin sözlərinə görə, “digər daxilolmalar” kateqoriyası üzrə büdcəyə yığılan pul mayda yanvara nəzərən 83% azalıb. Bu göstərici aprelə nəzərən may ayında daha iki dəfə pisləşərək 91 milyon manata qədər enib: “Ilk üç ayda bu mənbələrdən büdcəyə hər ay orta hesabla 600 milyon manata qədər vəsait daxil olmuşdur. ”Digər daxilolmalar” kateqoriyası büdcədə ən böyük paya malikdir. Dövlət Neft Fondundan büdcəyə transferlər də buraya aiddir və Fondun büdcədə payı 45%-dən çoxdur. Aksiz, yol vergisi, mədən vergisi və xarici iqtisadi fəaliyyətlə bağlı vergilər üzrə büdcəyə daxilolmalar yanvara nəzərən artsa da, dövlət büdcəsinin ümumi gəlirləri mayda 45%-dən çox azalıb. Iyun ayında vəziyyət daha da pisləşib”.
N.Əliyev onu da bildirdi ki, büdcədəki vəziyyət iqtisadiyyatdakı durumu göstərir. N.Əliyevin sözlərinə görə, bir haldakı ölkə iqtisadiyyatına qoyulan kreditlər geri çəkilməkdədir, bazarlar kiçilməkdədir, büdcədə bu cür vəziyyət yaranmalıydı: “Bu göstərir ki, hökumətin bu vaxta qədər islahat kimi təqdim etdiyi addımların heç bir nəticəsi olmayıb. Acınacaqlı, əvvəlki dövrlə müqayisədə daha bərbad nəticələr meydana çıxıb. Hökumət heç olmasa əməli nəticəsi olan işlər ortaya qoymalıdır. Əhalini, xalqı, dövləti düşünmək lazımdır. Proseslərin bu cür davam etməsi yaxşı heç nə vəd etmir”.
Azadliq.info