“Türkiye-Gürcistan Bektaşi Kültürü ve ozanlar” simpoziumunda - FOTOLAR
Daha bir Tiflis səfəri... yaxud, İki tədbirdən bir yazı
Xeberinfo.com: May ayının 30-31-i tarixlərində Gürcüstanın paytaxtı Tiflis şəhərində “Türkiyə-Gürcüstan Bektaşi Mədəniyyəti və Ozanlar Simpoziumu” keçirilmişdir.
İki gün ərzində gerçəkləşdirilən bu nüfuzlu beynəlxalq tədbirdə Gürcüstanlı elm adamları və ziyalılarla yanaşı, Türkiyədən, Azərbaycan və İrandan, eyni zamanda Dağıstandan, Qaraçay-Çərkəz və Kabardin-Balkar bölgələrindən də gələn elm və mədəniyyət xadimləri, sənət adamları iştirak edirdilər.
Ukrayna-Gürcüstan Beynəlxalq Universitetinin rektor müavini, professor Mahmud Kamaloğlu tədbiri açaraq, Bektaşi Mədəniyyəti və Ozanlara həsr edilən simpoziumun bütün iştirakçılarını səmimiyyətlə salamladı, Gürcüstanda ilk dəfə belə bir nüfuzlu tədbirin keçirilməsini yüksək dəyərləndirdi.
TİKA-nın Gürcüstan nümayəndəliyinin, “Hacı Bektaşi Veli Kültür Derneği”nin və Ukrayna-Gürcüstan Beynəlxalq Universitetinin birgə təşkilatçılığı ilə baş tutan simpoziumun açılış mərasimində həmçinin TİKA-nın Tiflis koordinatoru Mustafa Korkmaz, “Hacı Bektaşı Veli Kültür Derneği”nin başkanı Mustafa Özcivan, Ukrayna-Gürcüstan Beynəlxalq Universitetinin rektoru, professor Omari Tabusadze, Türkiyə Cümhuriyyətinin Gürcüstandakı böyükelçisi Zeki Levent Gümrükçü, Dünya Söz Akademisi başkanı Hayrettin İvgin, Azərbaycandan gəlmiş professor Mahmud Allahmanlı və başqaları çıxış edərək, simpoziumun işinə uğur dilədilər.Bektaşi mədəniyyətinə həsr olunan simpoziumun insanlara məhəbbət və sülh aşıladığını, bu mədəniyyətin kökündə saf dəyərlərin durduğunu, aşıqların isə bu mədəniyyəti xalqlarımız arasında yayaraq yaşatdıqlarını söylədilər.
Türkiyəli qonaqlar və Gürcüstan-Ukrayna Universiteti rəhbərliyi tərəfindən simpoziumun təşkilində xüsusi əməyi olanlara xatirə hədiyyələri və plagetlər təqdim olundu.
Tədbir iki gün ərzində panel iclaslarda işini davam etdirdi.
***
Ustad Aşıq Hüseyn Saraçlının 100 illik yubiley təntənəsi
“Türkiyə-Gürcüstan Bektaşi Mədəniyyəti və Ozanlar Simpoziumu”nın davamı olaraq keçirilən bu mərasimə ünlü Borçalı aşığı Hüseyn Saraçlı məktəbinin davamçıları olan tanınmış aşıqlar, eyni zamanda simpozium iştirakçıları, TİKA nümayəndələri, səfirlik əməkdaşları, Dünya Qarapapaq Türkləri Birliyinin başkanı Seyfullah Türksoyun rəhbərlik etdiyi böyük heyət və digər qonaqlar qatılmışdılar.
Əvvəlcə böyük sənətkarın doğulduğu Saraçlı kəndindəki məzarı ziyarət edildi. Görkəmli aşığın kəndin mərkəzindəki büstü önündə baş tutan yubiley tədbirində alim və ziyalılar xatirələrini sözlədilər, Borçalılı və Türkiyəli aşıqların ifasında saz havaları səsləndirildi.
Marneulidə davam etdirilən yubiley tədbirini açan Gürcüstan Aşıqlar Birliyinin sədri, şair Osman Əhmədoğlu qonaqları salamladı, 100 illik yubileyi qeyd olunan ünlü Borçalı aşığının şöhrətinin bütün Türk dünyasına yayıldığını diqqətə çatdırdı. Sonra söz alan professor Mahmud Kamaloğlu Aşıq Hüseyn Saraçlının şəxsiyyəti və yaradıcılığı barədə mərasim iştirakçılarına məlumat verdi. Tədbirdə Türkiyədən gəlmiş “Hacı Bektaşı Veli Kültür Derneği”nin başkanı Mustafa Özcivan, AMEA Folklor İnstitutunun şöbə müdiri Elxan Məmmədli, Dünya Söz Akademisinin rəhbəri Hayrettin İvgin, TİKA-nın Tiflis koordinatoru Mustafa Korkmaz, Marneuli rayon bələdiyyəsinin sədri Nəbi Abdullayev, Dünya Qarapapaq Türkləri Birliyinin başkanı Seyfullah Türksoy, AYB-nin Qazax zona bölməsinin rəhbəri Barat Vüsal, professor Nail Tan, şair-tərcüməçi Zezva Medulaşvili və başqaları çıxış edərək, Türkiyə-Azərbaycan-Gürcüstan dostluğunun, qardaşlığının daha da inkişafına aparan bu cür mədəni tədbirlərin əhəmiyyətindən danışdılar. Çıxış edənlər Aşıq Hüseyn Saraçlının yüksək sənətkarlığından, onun yalnız Borçalıda deyil, eləcə də Azərbaycanda, Türkiyə və İranda, həmçinin bütövlükdə Türk dünyasında məşhur, sevilən bir ustad sənətkar olduğunu diqqətə çatdırdılar.
Tədbirə Tiflisdə keçirilən “Türkiye-Gürcistan Bektaşi Kültürü ve ozanlar” simpoziumunun iştirakçıları olan 10 dövlətin nümayəndələri, Azərbaycandan, Türkiyədən və Gürcüstanın, Borçalının müxtəlif bölgələrindən gəlmiş saz-söz aşıqləri qatılmışdılar. Ustad Hüseyn Saraçlının oğlu Aşıq Əlinin, Türkiyədən gəlmiş aşıqların, Borçalı və Azərbaycan aşıqlarının ifasında səslənən saz havaları tədbir iştirakçılarına xoş ovqat bəxş elədi. “Sarvan” Rəqs ansamblının balaca üzvləri bir-birindən gözəl rəqsləri ilə yubiley iştirakçılarını heyran qoydular.
***
SÖZardı: Tiflisdə ikinci dəfəydi ki, elmi konfransda iştirak edirdik. Həm oturum başkanı olduq, həm də elmi məruzəylə çıxış etdik. Belə tədbirlər olduqca böyük əhəmiyyət daşıyır, ən azından ona görə ki, Türk Dünyasının elm, mədəniyyət və incəsənət xadimlərinin bir-biri ilə bölüşəcəyi hələ çox ortaq dəyərləri var. Biz sevincimizi, sevgimizi bölüşdükcə böyük oluruq, artırıq, çoxalırıq, daha da möhtəşəm oluruq. Kədərimizi bölüşəndə, onu yenirik, daha üstün, daha yetkin, daha dözümlü oluruq.
Tiflis simpoziumunda əski dostlarımızdan professor Nail Tanla, Hayrettin İvgin bəylə yenidən görüşdük. Dost simaların sayı artdı. Yeni dəvətlər aldıq. Öz növbəmizdə Türkiyəli həmkarlarımızı, dostlarımızı da Can Azərbaycanımıza dəvət etdik. “Haçan gəlsəniz, gözümüz üstə yeriniz var”, - dedik. Gələcəklər, hökmən gələcəklər. Biz də gedəcəyik. Çünki “Türkiyə ilə Azərbaycan – iki bədəndə bir can!” - demək!
***
SÖZardına sözardı: Bu səfərimiz daha iki yaddaqalan ziyarətimizlə xatirəyə çevrilib yaddaşımıza yazıldı. Rustavidə yaşayan əzizlərim Maya xanım və Nizami bəy olduqca savab bir iş gördülər. Sən demə, Bakıya dönəcəyimiz günün birigünü Başkeçidli mərhum ustad Aşıq Aslan Kosalının oğlu Musanın vəfatının 40 günü tamam olurmuş və dostlarımızın səyi nəticəsində Aşıq Aslan Dədənin ocağına gedib, oğlu Pərvizə və digər doğmalarına başsağlığı verməyə də imkan tapdıq.
Bu müqəddəs ocaq bizə olduqca doğmadır, çünki burada bir neçə il öncə biz Aşıq Aslan Kosalının özünün qonağı olmuş, çörəyini kəsmiş, dilləndirdiyi qara sazının sehrinə düşmüşdük. Bu gün isə bu ocaqda övladları onun xatirə-muzeyini yaratmışlar. Var olsunlar! Ruhu şad olsun Aslan Dədənin!
***
... İkinci bir ziyarətimiz isə Borçalının çox sevilən el şairi Zahid Ələmpaşalıya baş çəkməyimizlə yerinə yetdi. Şair yaman naxoşlayıbmış az müddət öncə... Sağ olsun Nizami bəy, əvvəlcə soraqlaşa-soraqlaşa maşınla bizi düz aparıb çıxardı Zahid Ələmpaşalı ocağına. Orada öyrəndik ki, şair hal-hazırda qızı Gülnarə xanımgildədir. Üz tutduq nişan verilən səmtə. Şairin gəlişimizdən necə sevindiyini sözlə ifadə etməkdə acizəm. Tanrıya şükürlər olsun ki, belə bir imkanı bizə verdi. Atalardan bir məsəl var, deyir, bir könülü sevindirmək Kəbə evni ziyarət etməyə bərabərdi. Elə bilirəm, biz bunu bacardıq. Şükürlər olsun...
Qiymət MƏHƏRRƏMLİ