Ermənistanın məqsədi nə idi?
Amerikada çıxan "The Washington Times" qəzetində avstraliyalı siyasi icmalçı, Yaxın Şərqdə, Avrasiyada və postsovet respublikalarında baş verən hadisələrin təhlili üzrə ixtisaslaşan Castin Amlerin məqaləsi dərc edilib.
Xeberinfo.com: AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ regionunda Ermənistan və Azərbaycan silahlı qüvvələrinin təmas xəttində münaqişənin genişlənməsindən bəhs edilən bu məqalədə deyilir ki, bu günlərdə regionda zorakılığın artması son iyirmi ildə ən ciddi hadisədir.
Müəllif hesab edir ki, işğal edilmiş ərazilərdə son hadisələr Azərbaycan prezidenti İlham Əliyevin ABŞ prezidenti Barak Obamanın dəvəti ilə Vaşinqtona, Nüvə Təhlükəsizliyi Sammitinə uğurlu səfərinə Ermənistanın reaksiyası ilə bağlıdır. C.Amler yazır ki, Azərbaycan prezidentinin ABŞ-a dəvət edilməsi qlobal nüvə təhlükəsizliyində və terrorizmə qarşı mübarizədə Azərbaycanın artan strateji rolunun Vaşinqton tərəfindən etiraf edilməsinin göstəricisidir.
C.Amler yazır: "Sabit hökuməti, davamlı iqtisadiyyatı və etnik tolerantlığı ilə seçilən Azərbaycan son dövrlərdə özünün qeyri-sabitliyi ilə məşhurlaşmış Qafqaz regionunda sabitləşdirici qüvvədir və Amerikaya bu səfər yalnız uğur hesab edilə bilər".
Lakin dünya arenasında güclü və strateji əhəmiyyətli Azərbaycanın məhz bu imici Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ regionundakı oyuncaq rejimin imicinin tam əksidir. Ekspert vurğulayır ki, təmas xətti boyunca yerləşən kəndlərə erməni silahlı qüvvələrinin hücumları Azərbaycan silahlı qüvvələrini cavab tədbirlərinə təhrik etmək üçün nəzərdə tutulmuşdu və Azərbaycan ordusunun bölmələri belə də etdilər.
Müəllif qeyd edir ki, Ermənistanın məqsədi Azərbaycanı dünyaya neqativ təcavüzkar obrazında təqdim etmək idi. C.Amler öz siyasi və iqtisadi müstəqilliyini itirmiş Ermənistan barədə yazır ki, erməni millətçiliyi və Azərbaycana qarşı təcavüz Ermənistanı uçuruma yuvarlayıb. O vurğulayır ki, beynəlxalq birlik Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. BMT Təhlükəsizlik Şurasının, BMT Baş Məclisinin və Avropa Şurası Parlament Assambleyasının müvafiq qətnamələri buna sübutdur. Sonda ekspert Dağlıq Qarabağ münaqişəsinin tezliklə həll edilməsinin zəruri olduğunu qeyd edir.