Qərb mediası düşmən ölkəni yerə vurdu
“The Washington Times”: “Qarabağda marionet rejim qurulub”; rusiyalı tanınmış hərbi ekspert isə hesab edir ki, Azərbaycanla savaşda işğalçı ölkənin məğlubiyyəti qaçılmazdır...
Xeberinfo.com: Azərbaycanla Ermənistan arasında 4 günlük müharibə Qarabağ mövzusunu yenidən aparıcı Qərb mediasının gündəminə gətirib. Amerikanın nüfuzlu “Teh Washington Times” nəşri də son sayında bu problemə toxunub. Qəzet Yaxın Şərq, Avrasiya və postsovet ölkələrində hadisələrin analizi üzrə ixtisaslaşmaı şsiyasi şərhçi Castin Emperin son hərbi toqquşma ilə bağlı məqaləsini dərc edib.
Məqalədə bu eskalasiyanın son 20 ildə ən geniş miqyaslı olmasına diqqət çəkilir. Müəllif işğal altındakı ərazilərdəki son olayları ABŞ prezidenti Barak Obamanın Nüvə Sammitinə dəvəti əsasında prezident İlham Əliyevin ABŞ-a uğurlu səfəri ilə əlaqələndirir. “Əliyevin ABŞ-a dəvəti Azərbaycanın qlobal nüvə təhlükəsizliyi və terrorla mübarizə məsələsində artan rolunun Vaşinqton tərəfindən etirafıdır. Azərbaycan özünün stabil hökuməti, dayanıqlı iqtisadiyyatı və etnik tolerantlığı ilə Qafqazda - son vaxtlar qeyr-stabilliyi ilə tanınan bir regionda sabitləşdircii gücdür. Amerikaya səfər yalnız uğurlu sayıla bilər”.
Müəllifə görə, dünya səhnəsində məhz Azərbaycanın güclü və strateji mühümlük imicinə qarşı Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ regionundakı marionet rejimi qoyulub. Ekspertin sözlərinə görə, erməni silahlı qüvvələrinin təmas xətti boyu kəndlərə hücumu Azərbaycan Silahlı Qüvvələrini cavab verməyə məcbur etmək niyyəti güdüb. “Bunu da Azərbaycan ordusu etməli oldu. Ermənistanın məqsədi Azərbaycanı dünyada neqativ obrazda təqdim eləməkdir”.
Ermənistanın öz siyasi və iqtisadi müstəqilliyini itirməsindən danışan analitik ardınca qeyd edir ki, erməni millətçiliyi və Azərbaycana qarşı təcavüz Ermənistanı uçuruma sürükləyib. “Beynəlxalq birlik BMT Təhlükəsizlik Şurasının və Avropa Şurası Parlament Assambleyasının qətnamələri ilə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir” - yazıb ekspert və onu da əlavə edib ki, konfliktin həlli sürətləndirilməlidir.
***
“Dağlıq Qarabağda hərbi vəziyyət qeyri-stabildir, Ermənistan məğlub olmaq üzrədir. Ona görə ki, Ermənistan ordusu texnoloji cəhətdən Azərbaycan ordusundan çox geridə qalır.
Azərbaycan ordusu texnoloji cəhətdən müharibəyə daha yaxşı hazırlaşıb”. Bunu isə rusiyalı tanınmış hərbi ekspert, “Novoya qazeta”nın hərbi şərhçisi Pavel Felgenqauer bildirib (APA).
Ekspert Azərbaycan ordusunun sərəncamında təkcə Rusiyadan yox, həm də İsraildən alınan müasir texnikaların olmasını xatırladıb: “İsraildən alınan pilotsuz uçuş aparatları ilə Azərbaycan Ermənistan ordusunun içinə belə daxil ola bilir və dəqiq zərbə ilə istədiyi hədəfi məhv edir. Bunu son 3 gündə münaqişə zonasında baş verənlər bir daha sübut etdi. Ona görə də hazırki vəziyyətdə Ermənistan üçün hücum müharibəsi qəbul edilməzidr. Bu müharibədə Ermənistan məğlub olmağa məhkumdur. Texnoloji qeyri-bərabərlik bunun əsas səbəblərindən biridir”.
Onun sözlərinə görə, Ermənistan müharibəyə hazır deyil: “Ya da İrəvan Rusiyadan pilotsuz uçuş aparatları almalıdır, ordusunu daha müasir texnika ilə təmin etməlidir. Hazırkı şərtlərlə Ermənistan müharibəyə davam etsə, yəni münaqişənin eskalasiyası daha da güclənsə, bu, Ermənistanın tam məğlubiyyəti ilə nəticələnəcək”.
Felgenqauer Rusiyanın Dağlıq Qarabağdakı hərbi qarşıdurmanı necə dəyərləndirdiyini də şərh edib. Onun fikrincə, rəsmi Moskva hələlik bu barədə nə edəcəyini bilmir: “Rusiya hələ münaqişə zonasında vəziyyətin nə dərəcədə ağırlaşmasını dəqiqləşdirməyib. Moskva məsələyə yalnız siyasi anlamda qarışa bilər. Tərəfləri münaqişəni dayandırmağa, danışıqlar masasına əyləşməyə məcbur edə bilər. İndiki vəziyyətdə Ermənistana hərbi dəstək verməyi Rusiya istəməz. Çünki bu, Rusiyanın strateji maraqlarına uyğun deyil. Rusiyanın strateji maraqları Cənubi Qafqazda bütün ölkələrlə yaxşı münasibət qurmaqdır. Azərbaycanla münasibətləri korlamaq Moskvanın strateji maraqlarına cavab vermir. Ona görə də Moskva çalışacaq ki, atəşkəs əldə olunsun”.
Hərbi jurnalistə görə, Azərbaycanın Ermənistandan hərbi üstünlüyü göz qabağındadır. O, münaqişənin danışıqlar yolu ilə həllinə inanmadığını da söyləyib: “Hazırda Dağlıq Qarabağdan başqa 7 rayon da işğal altındadır. Uzun illərdir həmin rayonların ilkin mərhələdə geri qaytarılması ilə bağlı danışıqlar gedir. Lakin bu danışıqların heç bir nəticəsi olmayıb. Bundan sonra da danışıqlarda bu məqamın öz həllini tapacağı inandırıcı deyil”.
Siyasi şərhçi Dağlıq Qarabağdakı hərbi qarşıdurmanın Rusiya KİV-lərində birtərəfli işıqlandırıması məsələsinə də toxunub. O, bunu erməni lobbisinin Rusiyada güclü olması ilə əlaqələndirib: “Həqiqətən Rusiya KİV-ləri ermənipərəst mövqe sərgiləyir. Ona görə ki, ölkə mediasının rəhbərliyində çoxlu sayda ermənilər təmsil olunurlar. Rusiyada Azərbaycan lobbisi də mövcuddur, lakin erməni lobbisi ilə müqayisədə zəifdir”.
Musavat.com