Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Azərbaycan idmanında 2021-ci ilin səkkiz anı:Tarixi rekorddan antirekordadək

 

Başa çatmaqda olan 2021-ci il Azərbaycan idmanı üçün bir sıra önəmli hadisələrlə yadda qalıb.

Yenixeber.org: Ilin ən vacib idman hadisələrini xronoloji ardıcıllıqla təqdim edirik:

Azad Rəhimovun vəfatı

İlin ilk ciddi idman hadisəsi sabiq gənclər və idman naziri Azad Rəhimovun vəfatı oldu. Cəmi 57 yaşında dünyasını dəyişən Rəhimov II Fəxri Xiyabanda dəfn edildi. Azərbaycan Prezidenti İlham Əliyevin 7 fevral 2006-cı il tarixli sərəncamına əsasən gənclər və idman naziri təyin olunmuş Rəhimov vəzifədə olduğu 15 il müddətində ölkə idmanı üçün nəzərəçarpacaq işlər görüb. 2015-ci ildə I Avropa Oyunlarının, 2016-cı ildə Ümümdünya Şahmat Olimpiadasının, 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarının və qadın voleybolçular arasında Avropa çempionatının, 2019-cu ildə UEFA Avropa Liqasının final oyununun və Avropa Gənclərinin Olimpiya Festivalının (EYOF), 2020-ci ildə isə futbol üzrə Avropa çempionatının final mərhələsinin 4 matçının Azərbaycanda baş tutması üzrə yaradılan komitələrin üzvü olmaqla yanaşı, bu mötəbər idman yarışlarının ölkəyə həvalə edilməsində böyük pay sahibi olub.

“Neftçi”nin 7 il gözlədiyi çempionluq

2021-ci ildə futbol üzrə Azərbaycan Premyer Liqasında "Qarabağ" klubunun uzunmüddətli hegemonluğuna son qoyuldu. Məhz bu ilin mayında “Neftçi” 7 illik fasilədən sonra qızıl medallara sahib çıxaraq, 9-cu dəfə ölkə çempionu oldu. Mövsümün qalibi elə bu iki komanda arasında oynanılmış son tur qarşılaşmasının ardından müəyyənləşdi. Həlledici görüşdə sabiq hücumçusu Ahmed Ahmedovun 90-cı dəqiqədə vurduğu qolla həsrətə son qoyan “Neftçi” həm də uzun fasilədən sonra Çempionlar Liqasının (ÇL) təsnifat mərhələsində oynamaq hüququ qazandı. Lakin paytaxt klubu ölkə çempionatındakı uğurun davamını avrokuboklarda gətirə bilmədi. ÇL-də I təsnifat mərhələsini uğurlu adlayan “ağ-qaralar” növbəti duellərdən məğlub ayrılaraq Avropa Liqası və UEFA Konfrans Liqasında da mübarizəni dayandırdı.

Bakıda əsl futbol bayramı

Koronavirus pandemiyasına görə bu ilə təxirə salınmış futbol üzrə Avropa çempionatının final mərhələsinin 4 oyununun Bakıda keçirilməsi təkcə ilin yox, bəlkə də Azərbaycan idman tarixinin ən önəmli hadisələrindən biri oldu. Möhtəşəm turnirə evə sahibliyi edən Bakı Olimpiya Stadionunda (BOS) A qrupunun 3 görüşü (Uels - İsveçrə, Türkiyə - Uels, İsveçrə - Türkiyə), həmçinin 1/4 final mərhələsinin 1 qarşılaşması (Çexiya - Danimarka) baş tutdu. AVRO-2020-nin Azərbaycan paytaxtında keçirilmiş 4 oyunu İdman Araşdırmalar Mərkəzinin "İlin Qalibləri-2021" layihəsində jurnalistlər arasında keçirdiyi sorğuya əsasən İlin İdman Yarışı seçildi.

25 ildən sonra qızıl medalsız qaldığımız olimpiada

Koronavirusun təxirə saldığı mötəbər idman yarışlarından biri də Tokio-2020 Yay Olimpiya Oyunları oldu. Bu səbəbdən, Tokio-2020-ni də 2021-ci ilin əsas idman hadisələrindən biri kimi qeyd etmək olar. Son olimpiada Azərbaycan üçün uğurlu alınmadı. Yaponiya paytaxtına yollanan 44 idmançıdan heç biri qızıl medal qazana bilmədi. Sonuncu dəfə 25 il əvvəl - Atlanta-1996-da olimpiya çempionu olmamışdı. Həmin vaxt yeganə medalı sərbəst güləşçi Namiq Abdullayev 2-ci yeri tutmaqla qazanmışdı.

Bu dəfə 3-ü gümüş, 4-ü bürünc olmaqla 7 medal qazanan Azərbaycan yekun sırlamada 67-ci oldu. Tokioda gümüş medallara karateçilər Rafael Ağayev (75 kq) və İrina Zaretska (61 kq), sərbəst güləşçi Hacı Əliyev (65 kq), bürünc medallara isə cüdoçu İrina Kindzerska (+78 kq), boksçu Alfonso Dominges (81 kq), yunan-Roma güləşçisi Rafiq Hüseynov (77 kq) və qadın güləşçi Mariya Stadnik (50 kq) sahib çıxdı. Ümumi sıralamada ABŞ yığması 113 medalla (39 qızıl, 41 gümüş, 33 bürünc) birinci oldu. 38 qızıl, 32 gümüş və 18 bürünc medal əldə edən Çin olimpiadanı 2-ci pillədə başa tamamladı. Medal əyarında 3-cü yeri 27 "qızıl", 14 "gümüş" və 17 "bürünc"lə Yaponiya, medal sayında isə Rusiya Olimpiya Komitəsi (70 medal) tutdu.

Olimpiyaçıların uğursuzluğunu paralimpiyaçılar unutdurdu

Tokio-2020 Yay Paralimpiya Oyunlarında 6 idman növündə rekord sayda - 36 idmançı ilə təmsil olunan Azərbaycan elə medal sayında da yeni rekorda imza atdı. "Yenilməzlər" 14 qızıl, 1 gümüş və 4 bürünc olmaqla ümümilikdə 19 medalla yarışı 10-cu pillədə tamamladı. Azərbaycana qızıl medalları paracüdoçulardan Şəhanə Hacıyeva (48 kq), Sevda Vəliyeva (57 kq), Xanım Hüseynova (67 kq), Dürsədəf Kərimova (+70 kq), Vüqar Şirinli (60 kq) və Hüseyn Rəhimli (81 kq), para-atletlərdən Həmid Heydəri (nizə atma), Elvin Astanov (nüvə itələmə), Lamiyə Vəliyeva (400 metrəyə qaçış), Orxan Aslanov (uzunluğa tullanma), para-üzgüçülərdən Roman Saley (3) və Vəli İsrafilov qazandırıblar. Yeganə gümüş medala 100 metr məsafəyə qaçışda L.Vəliyeva sahib çıxıb. Bürünc medallar isə paracüdoçulardan Namiq Abbaslı (66 kq) və İlham Zəkiyevə (+100 kq), pauerliftinqçi Pərvin Məmmədova (49 kq) və para-atlet Səid Nəcəfzadəyə (uzunluğa tullanma) qismət olub.

Yeni nazir təyinatı, yeni hədəflər

İlin ən vacib hadisələrindən biri sentyabrın 7-də Avropa Gimnastikasının prezidenti Fərid Qayıbovun gənclər və idman naziri təyin edilməsi oldu. Yeni nazir işə əksər federasiyalarda hesabat-seçki konfranslarının təşkili və kadr islahatlarının həyata keçirilməsi ilə başladı. Bir çox federasiyada rəhbər dəyişiklikləri baş verdi. Bundan başqa, tez-tez bölgələrə səfər edən nazir problemlərlə yerində tanış oldu, bunların həlli istiqamətində fikir mübadiləsi apardı. F.Qayıbovun təyinatı Azərbaycan idmanında yeni mərhələnin başlaması deməkdir. Görülən işlər, aparılan islahatlar da bunu söyləməyə əsas verir.

“Qarabağ”ın avrokuboklarda yazdığı növbəti tarix

İlk dəfə UEFA Çempionlar Liqasında qrup mərhələsinə düşməklə Azərbaycan futbolunda tarix yazmış “Qarabağ” avrokuboklarda qrupdan çıxan ilk yerli komanda statusunu də əldə etdi. Ağdam klubu bu uğura yenicə təsis edilmiş Konfrans Liqasında pley-offa adlamaqla nail oldu. Təsnifat mərhələlərini uğurla keçən “köhlən atlar” İsveçrənin “Bazel”, Kiprin “Omoniya” və Qazaxıstanın “Kayrat” klubları ilə birlikdə H qrupunda mübarizə apardı. Yekunda 11 xalla qrupu 2-ci pillədə başa vuran Qurban Qurbanovun baş məşqçi olduğu kollektiv pley-offa vəsiqə qazandı. Burada isə “Qarabağ”ı daha ciddi rəqib – Fransa “Marsel”i gözləyir.

Azərbaycan millisi tarixi antirekordu təkrarladı

2022-ci ildə Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsi Azərbaycan millisi üçün arzuolunmaz sonluqla başa çatdı. Canni De Byazinin baş məşqçi olduğu kollektiv ötən tsikli 1 xalla qrup sonuncusu kimi tamamladı. Bu, ölkə futbolunun tarixinə 25 illik antirekordun təkrarlanması kimi düşdü. Milli komanda sonuncu dəfə AVRO-1996-nın seçmə mərhələsində belə zəif nəticəyə imza atmışdı. Azərbaycan millisi bu tsikldə yeganə xalını İrlandiya ilə səfər matçında (1:1) qazandı. Seçmə mərhələdə 5 qol vuran yığma öz qapısından 18 top buraxdı.(report)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam