Rusiya əcnəbilərin ölkəyə daxil olması üçün müraciət edə biləcəyi yeni RuID tətbiqini işə salıb.
Yenixeber.org: Bu barədə Rusiya Rəqəmsal İnkişaf Nazirliyi öz “Telegram” kanalında məlumat yayıb.
Bildirilib ki, tətbiqi RuStore, Google Play, AppGallery və App Store-dan yükləmək mümkündür.
Qeyd olunub ki, RuID Rusiyaya vizasız səfər edən xarici ölkə vətəndaşlarına RF ərazisinə giriş məhdudiyyətlərini yoxlamağa və dövlət xidmətlərini almaq üçün rəqəmsal profil yaratmağa imkan verir.
Tətbiq ingilis, erməni, qazax, qırğız, rus, tacik və özbək dillərində mövcuddur.
İyunun 30-dan etibarən Rusiyaya vizasız giriş üçün xarici vətəndaş RuID-də qeydiyyatdan keçməli, ölkəyə gəlməzdən 72 saat əvvəl səfərinin məqsədini və şəxsi məlumatları qeyd etməli, şəkil çəkdirməli, şəxsiyyəti təsdiq edən sənədin şəklini çəkməli və səsini yazmalıdır. Bundan sonra xarici vətəndaşa QR kodu göndəriləcək. Əcnəbi həmin QR kodu Rusiyaya daxil olarkən sərhəddə təqdim etməlidir.
Tətbiqdən alınan məlumatlar sərhəddə yoxlanılacaq. Bundan sonra əcnəbi üçün rəqəmsal profil yaradılacaq.
Qeyd edək ki, bu ilin may ayında Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi İrina Volk əcnəbilərdən Rusiyaya səfərlərinin məqsədini ölkəyə girişdən üç gün əvvəl bildirmələrinin tələb olunacağını bildirib. Onun sözlərinə görə, yeni tədbir hökumətin fərmanında təsbit edilib və ilk növbədə Rusiyaya vizasız daxil olacaq şəxslərə şamil olunacaq.