"Ölkədə ciddi hadisə baş verir, televiziyaların buna reaksiyası yoxdur"
Qulu Məhərrəmli: “Yaxşı ki, saytlar, müstəqil media qurumları var.
Xeberinfo.com: Bu gün manatın ikinci dəfə devalvasiyaya uğraması ilə Azərbaycan iqtisadiyyatında geriləmə müşahidə edilməyə başlayıb. Ekspertlər ciddi sosial gərginliyin ola biləcəyini də istisna etmirlər.
Dünyanın bir çox ölkəsində bu kimi hallar baş verəndə televiziyalarda canlı debatlar keçirilir, proses insanların ictimai müzakirəsinə verilir. Amma Azərbaycan televiziya kanallarında nədənsə güllük-gülüstanlıq müşahidə edilməkdədir. Səbəb nədir? Orda çalışanlar bu ölkənin vətəndaşı deyilmi? Ölkədə baş verənlər onların maraq dairəsinə daxil deyilmi? Yoxsa, onlar ancaq itkinləri axtarmaqla məşğuldurlar?...
Televiziya sahəsi üzrə mütəxəssis Qulu Məhərrəmli Modern.az saytına deyib ki, bu telekanalların azad olmamasından irəli gələn problemdir: “Televiziya, radio, ümumilikdə mətbuat ondan ötrüdür ki, cəmiyyəti narahat edən problemləri müzakirə etsin, ictimai müzakirəyə çıxarıb mövqelər dinlənilsin, xəbərlər, proseslərin əsas məqamları izah edilsin.
Neçə ildir deyirəm ki, televiziyalar cəmiyyəti ifadə etmir. İfadə etməməyin bir qolu da budur. Ölkədə ciddi hadisə baş verir, televiziyaların buna reaksiyası yoxdur. Çünki hamısı yuxarıdan sifariş gözləyir ki, kimsə nə isə desin, bunu etsinlər. Cəmiyyətdə baş verənlərin televiziyalarda müzakirə edilməsi çox normal haldır, amma baş tutsa…”.
O, bildirib ki, bu gün televiziyalarda boşboğazlıq hökm sürür: “Məsələn, bu gün manat bir daha dəyərdən düşdü, dollar bahalaşdı. Şübhəsiz ki, bunun ciddi səbəbləri var. Jurnalist suallarını verməlidir, mütəxəssislər isə bunu izah etməli, problemləri qaldırmalı, iqtisadi inkişafla bağlı modellər barədə danışmalıdırlar. Bu yoxdursa, əvəzində boşboğazlıq hökm sürürsə, bu, qəbul olunan hal deyil”.
Telekanallar arasında az-çox doğrunu söyləyənlər tapılırdı. İndi isə…
Ekspert deyir ki, indi o da yoxdur: “Hazırda telekanallarda müşahidə edilən hal onların azadlıq səviyyəsi ilə müəyyən olunur. Əvvəllər heç olmasa doğrunu söyləyən bir kanalımız vardı. Həmin kanalın hadisələrə baxışı, problemin qoyuluşu vardı. Çünki müəyyən mənada azad, sərbəst idi. İndi həmin kanalın ağzını qapadandan sonra kim danışmalıdır ki?.. Danışanın ağzını bağlayırlar”.
Qulu Məhərrəmli saytların varlığına şükür edir: “Yaxşı ki, saytlar, müstəqil media qurumları var. Onlar problemləri qaldırır, müzakirəyə çıxarır, ekspertlərin mövqeyini işıqlandırırlar. Çəkinmək lazım deyil. Mən demirəm ki, televiziyalar Elman Rüstəmov kimi bir adamı çıxarıb insanlara “heç nə yoxdur, hər şey yaxşıdır” dedirtsinlər, yalan vədlər verdirsinlər. Səhəri gün də vətəndaşa daha bir zərbə vursunlar, artım dalğası getsin.
Sadəcə, prosesləri bilənlər insanlara nə baş verdiyini izah etməlidir. İzah etməlidir ki, nədən qurduğumuz iqtisadi model öz yerini başqalarına verdi? Ən yaxşı yol vətəndaşlarla açıq müzakirələrin aparılmasıdır. Bu halda insanlar da işini bilər, özünü təhlükədən sığortalayar. Əlbəttə, yalan, manipulyasiya yox, insanlara, sadəcə izah lazımdır”.