"Baş verənlər məsuliyyətsizliyin və auditoriyaya hörmətsizliyin nəticəsidir"
Bugünlərdə “Space” televiziyasında yayımlanan “Günaydın” verilişində müğənni Mətanət Əsədovaya qarşı yazar Əziz Musaoğlu kobud davranış nümayiş etdirib.
"Xeberinfo.com": APA-ya açıqlama verən Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli baş verənlərlə bağlı kanal rəhbərliyinin üzr istəyərək tədbir görüləcəyinə dair söz verdiyini bildirib.
MTRŞ sədri bu tip verilişlərlə bağlı monitorinq şöbəsinə xüsusi tapşırıq verdiyini də bildirib:
“Bu tip verilişlər bizim xüsusi diqqət mərkəzimizdədir. Monitorinq şöbəsinə xüsusi tapşırıq vermişəm. Belə verilişlər haqqında arayış hazırlanacaq. Hesab edirəm ki, ciddi tədbir görülməlidir”.
Efir məkanında baş verən belə qalmaqallı hadisələr ilk dəfə deyil ki, müşahidə olunur. Tərəflər bir-biriylə istədiyi kimi rəftar edib davransa da, burda əsas itirən tamaşaçıdır. Istənilən evə icazəsiz girərək insanların mənəviyyatına, həyatına təsir edən televiziya bu imkandan yararlanaraq istədiyini edib sonra da üzr istəməklə kifayətlənir. Bu münasibət bəlkə də tərəfləri qane edir, amma tamaşaçı heç də belə davranış və efir “mədəniyyəti”ndən razı deyil.
Tanınmış televiziya mütəxəssisi Qulu Məhərrəmlinin fikrincə, son 4-5 ildə televiziya məkanında çox anormal bir vəziyyət yaranıb. Bu da teleməkanda sərbəstliyin həddən artıq olmasıyla bağlıdır. Sərbəstlikdən daha çox məsuliyyətsizliyi özündə ehtiva edən belə bir vəziyyətdə istənilən formada proqram yayımlayıb sonra da üzr istəyirlər. Lakin üzr istəmək heç nəyi həll etmir. Necə deyərlər, işin üzrü günahından betər olur.
Q.Məhərrəmli situasiyanın mürəkkəbləşdiyini və nəticədə televiziyanın öz müqəddəsliyini itirsə də hələ də bəzi insanlar üçün inanc yeri olduğunu vurğulayır:
“Dava-savaş, məişət səviyyəsinə enmək, bəsitlik və tərbiyəsiz davranışın tiraclanması ictimai əxlaqa ciddi ziyan vuraraq onu zədələyir. Müəyyən tədbirlər görülsə də, bir telekanal o birindən bir az yaxşı olur, amma sonra yenə də bir-birini təkrarlayırlar. Televiziyanın hər biri cəmiyyətin simasının müəyyən bir cizgisidir. Təəssüf ki, həmin cizgilər bir rəngdə, eyni xasiyyətdə görünməyə başlayır. Bu isə məsuliyyətsizliyin, qeyri-peşəkarlığın, auditoriyaya hörmətsizliyin nəticəsidir. Belə davranışı isə normal qəbul etmək mümkün deyil”.