Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş konfransın açılışı oldu -Bakı Slavyan Universitetində (FOTOLAR)
BSU-da “Azərbaycanşünaslığın aktual problemləri” adlı VIII beynəlxalq elmi konfrans öz işinə başlayıb
Yenixeber.org: Bu gün Bakı Slavyan Universitetində (BSU) Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş “Azərbaycanşünaslığın aktual problemləri” adlı VIII beynəlxalq elmi konfrans öz işinə başlayıb. Konfrans iştirakçıları əvvəlcə Fəxri Xiyabana gedərək Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib, onun abidəsi önünə əklil, akademik Zərifə Əliyevanın məzarı önünə gül dəstələri qoyublar.
BSU-nun Akt zalında baş tutan açılış mərasimində Azərbaycanın Dövləthimni səsləndirilib.
Sonra Bakı Slavyan Universitetinin rektoru, professor Nurlana Əliyeva konfrans iştirakçılarını salamlayaraq, konfransın məqsədi, proqramı və iş prinsipi barədə iştirakçılara qısa məlumat verib. O, tədbirin əsasən Ümummmilli liderin geniş siyasi-elmi irsinin öyrənilməsinə, dövlətçilik təcrübəsinin araşdırılmasına, onun tərəfindən irəli sürülmüş azərbaycançılıq ideologiyasının tədqiqinə həsr edildiyini və artıq səkkizinci dəfə keçirildiyini bildirərək, qonaqları təqdim edib. N.Əliyeva dahi şəxsiyyətin qısa müddət ərzində müstəqil Azərbaycanı stabil, inkişaf etmiş qüdrətli bir dövlətə, regionun lider ölkəsinə çevirdiyini vurğulayıb. BSU-nun rektoru Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ümummilli Liderin dövlətçilik ənənəsini daha da inkişaf etdirərək iqtisadi baxımdan güclü, siyasi-diplomatik baxımdan çevik, hərbi baxımdan qüdrətli bir Azərbaycan kimi dünyada tanınmasına nail olduğunu qeyd edib. O, Azərbaycan iqtisadi modelinin bu gün dünyanın bir çox dövlətləri tərəfindən öyrənildiyini dinləyicilərin diqqətinə çatdırıb. N.Əliyeva hazırda ölkənin birinci vitse-prezideninin Azərbaycanın dünyada xeyirxah missiyalı bir dövlət kimi tanınmasında mühüm rol oynadığını bildirib.
Sonra söz qonaqlara verilib. Tədbirdə iştirak edən AMEA-nın vitse-prezidenti, millət vəkili İsa Həbibbəyli çıxışında Azərbaycanşünaslıq elminin tarixi köklərinə nəzər salaraq bu elmin müstəqillik dövründən bu günə qədər xüsusi əhəmiyyətə malik olduğunu diqqətə çatdırıb.Millət vəkili Ümummilli lider Heydər Əliyevin anadan olmasının ildönümü ərəfəsində BSU-da keçirilən konfransın məhz Azərbaycanşünaslıqla bağlı olmasını ənənəvi hadisə kimi qiymətləndirib.
Ural Federal Universitetinin professoru A.G.Nesterov “Azərbaycanşünaslığın aktual problemləri” adlı VIII beynəlxalq elmi konfransın əhəmiyyətindən danışaraq qeyd edib ki, Ural Federal Universitetində də yaxın günlərdə Azərbaycanşünaslıqla bağlı konfrans olacaq. Professor bildirib ki, konfransın keçirilməsində əsas məqsəd diqqəti Azərbaycanın tarixinə, milli-mədəni irsinə yönəltməkdir.
İstanbul Universitetinin dosenti R.Topdemir qardaş ölkə olan Azərbaycan və Türkiyənin uzun illərdən bəri ortaq tarixi dəyərlərə mənsub olduğunu vurğulayıb. Mütəmadi olaraq iki qardaş ölkə arasında elmi konfransların və tədbirlərin keçirildiyini deyən R.Topdemir beynəlxalq aləmdə bilikləri paylaşmağın gənc nəsil üçün əhəmiyyətini diqqətə çatdırıb.
Moskva Dövlət Linqivistik Universitetinin professoru A.P.Bondarev, Torun şəhəri N.Kopernik adına Universitetin professoru A.Raciminski, Belarus Dövlət Universitetinin dosenti V.İ.Kutsulab, Poltava İqtisad və Ticarət Universitetinin prorektoru, professor S.V.Qarkuşa, İstanbul Universitetinin dosenti R.Topdemir və başqaları çıxış edərək yüksək səviyyədə təşkil edilmiş belə bir elmi yığıncağa görə universitet rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Onlar Azərbaycanın yetirdiyi dahi şəxsiyyət Heydər Əliyevin dövlətçilik təcrübəsinin öyrənilməsinin və yayılmasının bugünkü dünya üçün son dərəcə vacib olduğunu qeyd ediblər. Qonaqlar Bakı ilə qısa tanışlıq zamanı bu təcrübənin uğurlu nəticələrini gözləri ilə gördüklərini diqqətə çatdırıblar.
Konfrans “Heydər Əliyev və Azərbaycanda qadın hərəkatı”, “Heydər Əliyev irsi və Azərbaycan təhsili", "Heydər Əliyev və İslam dünyası", “Azərbaycan tarixi və mədəniyyəti, “Azərbaycan dili”, “Azərbaycan ədəbiyyatı”, “Müasir Azərbaycan Ulu Öndər Heydər Əliyev ideyaları işığında” adlı yeddi bölmə üzrə öz işini davam etdirib.
Qeyd edək ki, əvvəlki illərdən fərqli olaraq bu il ilk dəfə tələbə və şagirdlər də öz elmi tədqiqatları ilə konfransın işinə qatılıblar. Konfransın VII bölməsində şagird və tələblərin məruzləri dinlənilib. Universitet nəzdində Məktəb-Lisey Kompleksinin və Bakı şəhərinin bir sıra tanınmış lisey və məktəblərinin istedadlı şagirdləri Ulu öndərin geniş şaxəli fəaliyyəti barədə maraqlı çıxışlar ediblər. Fərqlənən şagird məruzəçilər diplomla təltif ediliblər.
BSU-nun Mətbuat Xidməti